Qərbi Azərbaycan Xronikası: “KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk, axırınız yoxdur”

2024/04/1713045692.jpg
Oxunub: 141     00:00     14 Aprel 2024    
“Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Ordu.az xəbər verir ki, “KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk, axırınız yoxdur...” adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Təkəli kənd sakini Zahid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, orta məktəbdə ermənilərlə birlikdə oxuduğunu, müxtəlif oyunlar oynadıqlarını xatırladıb: “Məktəbdə həm ermənilər, həm də biz oxuyurduq. Biz sayca üstün idik. 100-150 uşaq azərbaycanlı idisə, 10-15 nəfər erməni idi. Uşaqlıq illərimizdə münasibətlərimiz mülayim, yaxşı olub. Yarışlarda həmişə ermənilərə üstün gəlmişik.

Təkəli kəndində 170-ə yaxın evin 20-də ermənilər yaşayırdı. Onlar kəndə 1915-1918-ci illərdə Türkiyədən gətirilib məskunlaşdırılmışdılar. Kənddə camaat tayfa ilə tanınırdı. Günümüz bulaqların başında, meşələrdə gül yığmaqla keçərdi”.

Z.Həsənov qaçqınlıq illərindən danışıb: “1988-ci ilin fevral ayı idi. Dövlət Təhlükəsizlik Komitəsinin Axta rayonun üzrə sədri erməni idi. O, qonşumun əmisi oğlu idi. Bir dəfə dedilər ki, səni sədr çağırır. Getdim, mənə dedi ki, ey türk, sizin axırınız yoxdur, çalış uşaqlarını buradan çıxar. Soruşdum niyə? Dedi ki, bu vəziyyəti görmürsənmi, millətin qabağını ala bilməyəcəyik.

Elə səhəri gün bizim kəndə 6 yük maşını gəldi, əşyalar yükləndi və getdi. Biz iyunun 3-4-də kənddən çıxdıq. Bakıya gəldik, Zabratda məskunlaşdıq.

Kəndimizin camaatı 1949-cü ildə yenə deportasiya olub. Saatlı rayonuna gəliblər. İnsanlar istiyə dözə bilməyib. Camaat görüb ki, yaşamaq mümkün deyil, yenidən Qərbi Azərbaycana, Axta rayonuna qayıdıblar. Gedib görüblər ki, kəndləri artıq yoxdur, darmadağın dağıdıblar. İnsanları cəmləşdirib Təkəli kəndinə yığıblar. Babam həmişə söhbət edərdi ki, oralarda türk əsgərləri olub. Sarıqaya deyilən yerdə türklərin topları düzülübmüş. Erməni topların qorxusundan müsəlmana zərər verməyib.

Babam deyərdi ki, Nuru başa bizim kənddən keçib. Cavanları dəvət edib ki, gəlin, Azərbaycana köməyə gedək. Onlar Mərdəkana kimi gəliblər, xalqı azad ediblər. Geri qayıdanda Nuru paşa deyib ki, çocuqlarım, gəlin bizimlə Türkiyəyə gedək. Sizin burada axırınız yoxdur. Babam deyir, biz cavab verdik ki, bəs Vətən, bəs valideynlər? Bu gözəl yeri buraxıb getmək olarmı? Getməyiblər”.

Onun sözlərinə görə, doğma yurdu hər gün yuxuda görür: “Mən yenidən o gözəl yerlərə qayıdacağıma əminəm. Üləşik kəndində babalarımın, atamın qəbrini ziyarət edəcəyəm. Oradan doğulduğum Təkəlli kəndinə gedəcəyəm. Buna ümidimiz böyükdür. Ona görə ki, İlham Əliyev kimi Prezidentimiz var. Biz ora mütləq qayıdacağıq, yaşayacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan-Xronikası  


Bizi "telegram"da izləyin