Aprel səhərində gerçəkləşən arzu: "Kaş işğalı tamamilə sona çatdıracaq döyüşlərdə də iştirak edə biləydik"

2019/01/t6345-1548243540.jpg
Oxunub: 298     16:34     19 Aprel 2024    
Tarix həm də təqvimdir, aylar il olur, illər tarix. Xalqın, dövlətin, dövlətçiliyin adına ad olan tarixi günlər həmişə ehtiramla xatırlanır, qürurla yaşadılır. Birinci Qarabağ müharibəsinin döyüşləri də tarixləşdi, Goranboy, Ağdərə, Horadiz əməliyyatları da. Ordumuz formalaşa-formalaşa döyüşürdü, döyüşə-döyüşə formalaşırdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra orduda əsaslı islahatlar həyata keçirildi, başlıca olaraq vahid komandanlıq yaradıldı. Bu, ordunun nizami ordu kimi formalaşması prosesini tənzimlədi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, ordunun yeni, daha müasir silahlarla silahlanması prosesi genişləndi, şəxsi heyətin döyüş hazırlığının artırılması üçün müxtəlif təyinatlı təlimlər keçirildi, mənəvi-psixoloji hazırlıq yüksəldildi, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu daha da kükrədi...

Sülh danışıqlarından yayınan, regionda mövcud status-kvonu saxlamağa çalışan Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın işğal olunan ərazilərində müxtəlif miqyaslı təxribatlar törədir, hücumlar edirdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Ordusunun hissələri Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını qətiyyətlə aldı. Ali Baş Komandanın döyüş əmri ilə ordu hissələrimiz əks-hücuma keçdi. Ermənistan siyasi və hərbi dəstəyindən bəhrələndiyi dövlətin aprel qələbəsini (28 aprel, 1920) təkrarlamaq istəyirdi, ancaq ordumuz Azərbaycan Demokratik Cümhuriyyətinin may (28 may, 1918) qələbəsini təkrarladı. Aprelin 5-nə kimi davam edən döyüşlərdə Lələtəpə, Bayraqtəpə kimi strateji əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazi işğaldan azad edildi. Lələtəpədə qalibiyyət bayrağı dalğalandı. Qələbədən az sonra qələbə yüksəkliyində Aprel döyüşlərinin iştirakçısı Tahir Misirxanovla söhbətləşmişdik. Gizir döyüşlərdən, əsgərlərin döyüş əzmindən, qələbə ruhundan danışmışdı:

- Ali Baş Komandanın döyüş əmri ilə səngərlərdən döyüşlərə getmək istəyirdik. Lələtəpədən o tərəflərdə düşmənin müşahidə etdiyimiz mövqelərini, mövqelərinin hərbi güvənci olan dayaq məntəqələrini dağıtmaq, döyüşə-döyüşə irəliləmək istəyirdik. Ermənistan ordusunun hücumunu dəf etdik, əks-hücumla mühüm qələbələr qazandıq. Bu qələbələrin davamı işğaldan qurtuluş olacaq...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə, qürurla demişdi ki, "Aprel döyüşləri dərsliklərə salınmalıdır". Həmişə istinad edilən ən mütərəqqi, ən dəyərli dərslik tarixdir - Azərbaycan Ordusu bu döyüşlərlə tarix yaratdı, tarix yazdı. Bu tarix sonrakı tarixlərin mənəvi (və hərbi!) başlanğıcı olacaqdı...

Lələtəpədən bir qədər uzaqlarda düşmənin texnikaları görünürdü. Yeni mövqelər, yeni mövqelərdə yeni səngərlər yaradırdılar; sülh danışıqlarından yayınan düşmən işğalın ömrünü uzatmağa niyyətliydi. Bunu görən əsgərlərimizin yumruqları düyünlənirdi, baxışları tündləşirdi...

Horadiz əməliyyatında işğaldan azad edilən Cocuq Mərcanlı kəndi düşmənin nəzarətindən uzaqlaşdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndi yenidən quruldu, illərlə köçkün taleyi yaşamış sakinlər kəndlərinə köçdü...

Cocuq Mərcanlının yenidən qurulması, sakinlərin qayıdışı Böyük Qayıdışın başlanğıcı oldu...

Cocuq Mərcanlı məktəbinin şagirdlərinin Aprel qələbəsi haqqında dediklərini indi də xatırlayıram:

- Birinci Qarabağ müharibəsi əlili olan babam deyirdi ki, bu kənddən ola-ola sizin başqa kənddə oxumağınız atalarınızın qəddini əyir. Döyüş başlasın, ordumuz düşmənini əzsin, kəndimizdə evlər, məktəblər bərpa olunsun, onda ruhumuz sıxıntıdan qurtaracaq, babalarınızın, atalarınızın qəddi düzələcək.
- Nənəm hər axşam kövrəkliklə bir bayatı deyərdi:

...Boynunu əyir ruhum,

Dizinə döyür ruhum.

Özüm burda qalmışam,

Mərcanlı deyir ruhum...

- Cocuq Mərcanlı işğal olunanda babam bir müddət evinin daşına-divarına baxıb, həyətindəki tut ağacına sarılıb. Sonralar evini uçulub-dağılmış görəndə hönkür-hönkür ağlayıb. Aprel qələbəsi babamın dərdini yumşaltdı, həmin tut ağacı indi də babamın dərd daşıdı...

Hərbi hissədə zabitlərdən biri yaddaqalan bir faktı xatırlatmışdı: - Döyüşlər başa çatanda taqım komandiri bildirdi ki, əsgərlərdən biri sizə müraciət etmək istəyir. Əsgər gəldi. "Komandir", - dedi. "Bu döyüş əmrinə görə əsgər yoldaşlarım adından Ali Baş Komandana minnətdarlıq etmək istəyirəm. Kaş işğalı tamamilə sona çatdıracaq döyüşlərdə də iştirak edə biləydik". Bu səviyyədə vətənpərvərlik də Aprel qələbəsinin qüruru ilə bağlı idi. O qürur 2020-ci ilin noyabrında daha əzəmətlə yaşanıldı...

Müəllimlər şagirdlərin vətənpərvərlik ruhunun daha da yüksəldilməsində Aprel döyüşlərinin müstəsna əhəmiyyəti olduğunu bildirmişdilər.

2016-cı il Aprel döyüşləri kimi tarixləşən döyüşlər Azərbaycan Ordusunun apardığı tarixi döyüşlərdəndir. Bu döyüşlərdə qazanılan qələbənin hərbi dəyəri ilə bir sırada böyük mənəvi dəyəri də olmuşdu - Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmri ilə işğalı Aprel qələbəsinin qüruru ilə sonlandırdı...

Aprel qələbəsi qazanan Azərbaycan Ordusu 2020-ci ilin noyabrında da, 2023-cü ilin sentyabrında da qələbələr qazandı, 2023-cü ilin sentyabrında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi...

2016-cı ilin 1-5 aprel tarixlərində gedən döyüşlərə Aprel döyüşləri deyildi, bu döyüşlərdə qazanılan qələbəyə - Aprel qələbəsi...

2016-cı ilin Aprel döyüşlərini tariximizin Aprel Zəfəri kimi yaşadacağıq!..

Ceyhun Cəfərli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-səhəri   Aprel-Zəfəri   Ordu  


Bizi "telegram"da izləyin