Türkiyənin Rusiyaya jesti, Fransanın şantajı – BAXIŞ BUCAĞI

2024/04/58-9-1712656584.jpg
Oxunub: 676     20:35     09 Aprel 2024    
Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. Qərar Rəcəb Tayyib Ərdoğan tərəfindən verilib.

Bu, Moskva terrorundan sonra baş verir. Həmin terroru həyata keçirənlər Tacikistan vətəndaşları idilər. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar Türkiyədə yerləşən düşərgələrdə təlim keçiblər. Ərdoğanın bu addımı açıq şəkildə Rusiyaya ünvanlanıb. Bunun vasitəsilə Ankara bəlkə də Putinin Ankara səfərinə yönəlmiş jest etmək istəyir.

Bu səfər artıq bir neçə dəfə təxirə salınıb. Əgər əvəllər aprel-may aylarından danışırdılarsa, indi artıq iyun-iyul ayları qeyd olunur. Görünən odur ki, Moskva bu səfərlə bağlı tələsmir və qiyməti qaldırmağa çalışır, xüsusən də hazırda Rusiyanın Ukrayna cəbhəsində işləri yaxşıdır, müəyyən üstünlük var, Ukrayna Qərbdən kifayət qədər dəstək görmür. Türkiyə xüsusilə Fransanın rolu ilə bağlı müəyyən xəbərdarlıqlar edərək, Qərblə Rusiya arasında rolunu bərpa etməyə çalışır.

Burada isə Rusiya-Türkiyə yaxınlaşması üçün problem yarada biləcək inkişaflar var. Aprelin 4-də hərbi-siyasi təmaslarda bir ildən çox fasilədən sonra Fransa və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub. Buna paralel olaraq, Fransa Prezidenti Makron Parisdə “Crocus” terror aktı ilə bağlı “dəyərli” məlumatların olduğunu açıqlayıb. Həmin terror aktından sonra Fransa Prezidenti Moskvaya həm texniki, həm də siyasi səviyyədə - nazirlər səviyyəsində terrorizmlə mübarizədə əməkdaşlığın dərinləşdirilməsi təklifi verildiyini açıqlayıb.

Bu tendensiyalar, şübhəsiz, Rusiyanın Türkiyə ilə qarşılıqlı əlaqəni və əməkdaşlığı dayandıracağı anlamına gəlmir, lakin paralel reallıqların formalaşması Fransanın həm siyasi, həm də hərbi təxribatlarını genişləndirə bilər ki, bu da xüsusilə indiki bir şəraitdə əlavə problem deməkdir. Digər tərəfdən, Fransa, şübhəsiz ki, bildiyi şantaj dilindən də istifadə etməyə çalışacaq.

Bu günlərdə Ermənistanın Azərbaycanla şərti sərhəddə davranışını bəlkə də bu kontekstdə də nəzərdən keçirməyə dəyər.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Fransa  


Bizi "telegram"da izləyin