Gürcüstan ikinci dəfə Rusiya ilə toqquşmağa hazırdır? – ANALİZ

2024/04/1712570302.jpg
Oxunub: 3218     20:21     08 Aprel 2024    
“Qazaxıstanda Çin tərəfindən tikilmiş yalnız bir uranın zənginləşdirilməsi obyekti var və məhsul Çinə ixrac olunur. Fransa böyük sərmayələr qoymalıdır. Bu halda Özbəkistan uranını da zənginləşdirmək mümkün olacaq. Üç ildən sonra Avropa AES-lərinin bu nüvə yanacağına ehtiyacı olacaq”.

“Nezavisimaya qazeta” Corc Vaşinqton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda keçirilən müzakirələrdə Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Asenovanın fikrini çatdırır. Orta dəhliz Avropa AES-ləri üçün lazım olan nüvə yanacağının Mərkəzi Asiyadan ixrac marşrutu kimi təyin edilib. Burada Gürcüstanın tranzit rolu vurğulanır.

Rusiyanın “RenTV” telekanalının “İqor Prokopenko ilə hərbi sirr” verilişində belə bir fikir səsləndirilib ki, NATO-nun Baş katibi Stoltenberq regional səfəri zamanı Gürcüstanı Rusiyaya qarşı zərbələrin plasdarmına çevirmək məqsədini güdüb. Yeri gəlmişkən, problem elə təqdim olunur ki, NATO sırf Qərbin sifarişini yerinə yetirmək üçün öz xalqını qurban verməyə hazır olan radikal qüvvələrə mərc qoyub.

Payızda Gürcüstanda seçkilər var və rəqabət faktiki olaraq “Gürcü Arzusu” partiyası ilə keçmiş prezident Saakaşvili arasında gedəcək. Bəri başdan NATO-nun “radikal qərbpərəstləri” dəstəklədiyini demək Gürcüstanda seçkilərin çətin keçəcəyini proqnozlaşdırmaq deməkdir. Bu ölkənin indiki hakimiyyəti xüsusilə son iki ildə ciddi siyasi sınaqlara məruz qalsa da, Rusiya ilə qarşıdurmadan yayına, ticarət-iqtisadi əlaqələri müəyyən qədər yaxşılaşdıra bilib.

Bu gün, görünür, vəziyyət dəyişir. Avropa İttifaqı Orta dəhlizin infrastrukturunun modernləşdirilməsinə on milyard avro sərmayə qoyur. Əgər söhbət Mərkəzi Asiyadan nüvə yanacağının ixracından gedirsə, yəqin ki, təhlükəsizlik tədbirləri də tələb olunacaq. NATO-nun Gürcüstanın quru və ya su ərazisindən Soçi, Novorossiyski, Krasnodarı hədəfə alacağı barədə məlumatlar hərbi-texniki baxımdan ciddi deyil: istək olarsa, Şərqi Avropadan da Rusiyanın cənubunu hədəf almaq olar.

Mövcud geosiyasi reallıqları nəzərə alsaq, nə qədər “radikal olaraq qərbyönlü” olsa da, hətta Saakaşvili belə çətin ki, səhvi təkrarlasın və Gürcüstanın ikinci dəfə hücuma məruz qalmasına imkan versin. Göründüyü kimi, problem Rusiyanın Mərkəzi Asiyadan Avropaya nüvə yanacağı və gübrə ixracı planına qarşı çıxmasının “alət dəsti” seçimindədir.

Gübrələrin ixracı Rusiyanın xarici ticarətində də mühüm əhəmiyyət kəsb edir. Ukraynadakı müharibə tranzit yollarını bağlayıb. Aİ ölkələrinin Rusiyadan nüvə yanacağının idxalını dayandırmaq niyyətində olduğunu hələ demirik. Bu yaxınlarda mətbuatda “gürcü üfüqi xətti”nin Rusiya-Türkiyə-Avropa ticarətinə də xidmət edə biləcəyi barədə məlumatlar yer alıb. Bəs Avropa İttifaqı buna hazırdırmı? Bunu demək çətindir. Hər halda, “RenTV” vasitəsilə səsləndirilən “Gürcüstan ərazisindəki NATO plasdarmını məhv etmək üçün Rusiya Aerokosmik Qüvvələrindən cəmi 30 dəqiqə tələb olunacaq” fikri çox ciddi səslənir. Kim belə bir fürsət verəcək və ya kim “casus belli” yaradacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya  


Bizi "telegram"da izləyin