Döyüşə hazır olmaq, özünlə bərabər silahının da döyüşə hazır olmasıdır - FOTO

2024/04/adec8-3424942116.jpg
Oxunub: 343     15:21     19 Aprel 2024    
Ordunun döyüş qabiliyyətinə mühüm təsir edən amillərdən biri şəxsi heyətin ona təhkim olunmuş silah və texnikaya qayğısı, onun saz vəziyyətdə qorunub saxlanması, vaxtlı-vaxtında zəruri texniki qulluq göstərilməsidir. Bunun üçün Azərbaycan Ordusunda təsdiq edilmiş illik fəaliyyətlər planına uyğun olaraq kompleks tədbirlər həyata keçirilir, şəxsi heyət öz ixtisasına əsasən, döyüş texnikaları, hərbi avtomobilləri, silahları tam işlək vəziyyətə gətirməyə çalışırlar.

Belə ki, görülən işlərin əsas məqsədi ordunun qarşısında duran tapşırıqların icrasında fəaliyyətin tam, fasiləsiz təşkil olunmasını təmin etməkdir. Son illərdə ərazi bütövlüyümüzü təmin etmiş şanlı ordumuzun gücləndirilməsi, müasir tələblər səviyyəsində daha da formalaşması üçün görülən işlər uğurla davam etdirilir. "N" hərbi hissəsinin avtomobil parkında şəxsi heyətin texnikalara qulluğu prosesində iştirak etdik.

Zabit Faiq Əliyev görülən işlərlə bağlı zəruri məlumatlar verdi: "Döyüşə hazır olmaq həm də silahının və texnikanın döyüşə hazır olmasıdır. Silahını döyüşə hazır etmək üçün onu hər zaman saz və işlək vəziyyətdə saxlamaq vacibdir. Komandanlıq tərəfindən qarşıya qoyulan tapşırığa əsasən, hər həftə şəxsi heyət avtomobil parkında ona təhkim olunmuş silah və texnikaya qulluq göstərir. Silah və texnikadan dayanıqlı və tam istifadə etmək üçün ona planlı və lazımi texniki qulluq göstərmək əsas şərtdir. Yeni tədris dövrünün başlaması ilə bölməmizin hərbi qulluqçuları təhkim olunmuş texnikaların lazımi səviyyədə istismarını təmin etmək üçün zəruri işlər görür, habelə baş verə biləcək hər hansı nasazlığı aradan qaldırmaq üçün çalışır. Bölmənin hərbi qulluqçuları uzun illərdir ordu sıralarında xidmət edirlər, öz ixtisasının, həmçinin texnikanın incəliklərinə bələddirlər. Texnikanın istismara hazır vəziyyətdə olması döyüş qabiliyyətinə təsir edən əsas məsələlərdəndir. Təbii ki, tapşırığın yerinə yetirilməsində vaxt və nəticə əsas sayılır. Bunun üçün də texnikanın hərəkətə maneəsiz hazır olmasını təmin etmək üçün ona zəruri texniki qulluq da göstərmək lazımdır".


Texnikaya qulluq göstərən gizir Rövşən Abdullayev qeyd etdi ki, günün nizam qaydalarına uyğun olaraq şəxsi heyət xidmət etdiyi bölmənin tabeliyində olan hərbi maşın və döyüş texnikalarını təmizləyir, onların texniki qulluğunu təmin edir. Uzun illərdir ordu sıralarında xidmət edən bir hərbi qulluqçu kimi deyə bilərəm ki, ilk gün kimi üzərimə düşən vəzifəni böyük həvəslə icra edirəm. Silah da döyüşdə sənin ən yaxın dostundur. Onu döyüşə hazır saxlamalı, "dilini" yaxşı bilməlisən. Texnikanın saz vəziyyətdə olması tapşırığın icrasında mühüm amildir. İştirak etdiyimiz təlimlərdə də qarşıya qoyulan tapşırıqları dəqiq və yüksək səviyyədə yerinə yetiririk. Bunun başlıca səbəbi bölmənin döyüş hazırlığı və bu hazırlığı şərtləndirən texnikaya zəruri qulluqdur".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elman Əliyev texniki qulluğun lazımi qaydada göstərilməsinin yüksək praktiki və nəzəri bilikdən yaranan təcrübə tələb etdiyini vurğuladı: "Texnikanın istifadə qaydalarını, onun texniki hissəsini dərindən mənimsəmək lazımdir. Çünki onun fəaliyyətini fasiləsiz və dəqiq təmin etmək üçün sənə təhkim olunmuş texnikanın incəliklərini gərək dərindən mənimsəyəsən. Texnikada yaranmış nasazlığın vaxtında aradan qalxmaması, döyüş tapşırığının gecikməsi ilə nəticələnə bilər ki, bu da öz növbəsində döyüş qabiliyyətinin aşağı düşməsinə də vasitə ola bilər. Ona görə də hər bir hərbi qulluqçu ona təhkim olunmuş silah və texnika haqqında praktiki və nəzəri bilikləri dərindən mənimsəməli, ona lazımi səviyyədə texniki qulluq göstərməyi bacarmalıdır. Bir sözlə, texnikanın fasiləsiz və dayanıqlı fəaliyyətini təşkil etmək üçün rəhbərliyin qarşıya qoyduğu tapşırıqları uğurla icra edirik".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazım Bayramov dedi ki, texnikaya texniki qulluqla yanaşı, onun təmizliyini, sazlığını qoruyub saxlamaq da vacibdir. "Həmçinin texnikanın isti və soyuq hava şəraitində istismarı üçün zəruri vasitələrlə, ehtiyat hissələri və avadanlıqlarla təmin olunmuşuq. Belə ki, hər bir heyət nəfəri fərdi və qrup şəklində döyüş maşınının hərəkət hissəsinə nəzarət, döyüş hissələrinə zəruri qulluq göstərir, mühərriklərin yağ və filtrləri dəyişdirilir. Bölməmizin döyüş fəaliyyətini yüksək səviyyədə saxlanılması üçün əlimizdən gələni edirik. Döyüş sınağından uğurla çıxmağı bacarmış bölməmiz sonrakı xidmətini də layiqincə təşkil edir, komandanlığın bizə etimadını doğrultmağa çalışırıq. Çünki biz qalib ordunun əsgərləriyik".

Fuad Cəfərov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Döyüş  


Bizi "telegram"da izləyin