Təşkilat sədri: Vətəndaşları bəşəri bəlaya çevrilmiş mina təhlükəsindən qorumalıyıq

2024/04/6590b-1712229292.jpg
Oxunub: 113     15:03     04 Aprel 2024    
Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Azərbaycanın aparıcı QHT rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları, Qeyri-Texniki Təhqiqat və Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələrinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtərdə tədbir keçirilib.

Ordu.az-ın Qarabağ bürosu xəbər verir ki, BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbiri açaraq dünyada və Azərbaycanda mina təhlükəsindən, onun yaratdığı fəsadlardan danışıb.

O xatırladıb ki, Azərbaycanın vaxtilə işğal altında olmuş əraziləri erməni separatçıları tərəfindən qarış-qarış minalanıb: “Ölkəmiz dünyada mina və partlamamış hərbi sursatlarla çirklənməyə görə ilk onluqda yer alır. Tez-tez mina insidentinin şahidi oluruq. İki gün öncə də dörd nəfər mülki şəxs minaya düşərək ağır xəsarət alıblar. Azərbaycan dövləti, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi üçün var gücü ilə çalışır. Bu işdə biz - vətəndaş cəmiyyətinin nümayəndələri də əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Çünki uzun illərdən sonra erməni işğalından azad edilmiş yurd yerlərinə məcburi köçkünlərimizin böyük köçü başlayıb. Vətəndaşlarımızı bəşəri bir bəlaya çevrilmiş mina təhlükəsindən qorumalıyıq”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri, ANAMA yanında İctimai Şuranın katibi Hafiz Səfixanov Azərbaycandakı və mina partlamamış hərbi sursat problemlərinin miqyası, onunla aparılan mübarizə barədə məlumat verib. O bildirib ki, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır: “Bu səbəbdən vətəndaşlara müraciət edərək bildirdi ki, maarifləndirmə proqramlarında verilən tövsiyyələrə ciddi əməl etmək lazımdır. Problemimiz çox böyükdür, bizimlə illərlə davam edəcək, ona görə də maarifləndirmə proqramlarında verilən tövsiyələrə və tapşırıqlara ciddi əməl etməliyik”.

Mina qurbanı, ANAMA yanında İctimai Şuranın üzvü Hafiz Əzimzadə çıxış edərək özünün işğaldan azad edilmiş ərazidə xidməti vəzifə borcunu yerinə yetirərkən minaya düşməsindən və bütövlükdə bu bəşəri problemdən danışıb: “Mən işğaldan azad edilmiş Ağdamda öz xidməti vəzifə borcunu yerinə yetirərkən mənfur düşmənlərimizn basdırdığı minaya düşdüm. Bir ayağımı itirmişəm. Bunun əzab-əziyyətini bu bəlaya düçar olanlar daha yaxşı bilər, anlayar. Mən dünya ictimayəytini Azərbaycanımızdakı mina probleminə diqqət göstərməyi, böyük dövlətlərin, beynəlxalq təşkilatların bu işdə Azərbaycan hökumətinə dəstək verməyə çağırıam!”.

Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyası birliyinin sədri, mina qurbanı Rey Kərimoğlu çıxış edərək ölkəmizdəki minadan zərərçəkənlərin problemlərindən, Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

Daha sonra vətəndaş cəmiyyəti qurumları, minadan zərərçəkənlər və mina qurbanlarının ailə üzvlərinin imzası ilə dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul olunub. Bəyanatı BAMF-ın prezidenti Umud Mirzəyev oxuyub.

Daha sonra BAMF-ın icra etdiyi qadın minatəmizləmə komandası lahiyəsinin üzvləri, Qeyri-Texniki Tədqiqat və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə layihəsinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonunun Orta Qərvənd və Təzəkənd kənlərində, Tərtər rayonunun Ağkənd, Seydimli və Əskipara kəndlərində sakinlərə mina təhlükəsinə dair maarifləndirmə tədbirləri keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Qarabağ  


Bizi "telegram"da izləyin