Zaman daralır| Ermənistandan “выход”, Rusiyadan ultimatum

2023/02/B75I1-1675333642.jpg
Oxunub: 239     17:39     05 Mart 2024    
Xatırladığımız qədər, erməni siyasi-ictimai xadimlərdən, ekspertlərdən heç kim Rusiya mətbuatının niyə 2017-ci il parlament seçkilərində Ermənistan parlamentində formalaşdırılmış “Yelk” blok-fraksiyasını tərcümə edərək, “выход” adlandırması, Ermənistanı Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxarmaq prosesini başlatmaq rolunu ona aid etməsi ilə bağlı nəinki təşvişə düşmədi, hətta buna diqqət belə yetirmədi.

“Yelk” sözü erməni dilində həm “çıxmaq” və ya “uzaqlaşmaq”, həm də “imkan” mənasını verir. “Yelk” parlament blok-fraksiyası isə özünü siyasi alternativin, yeni imkanın elçisi kimi təqdim edirdi. Bu gün Rusiyanın xarici işlər naziri Lavrov faktiki olaraq Ermənistana diplomatik ultimatum təqdim edib ki, İrəvan KTMT-də qaldığını, yoxsa çıxdığını rəsmən elan etsin.

Rusiya XİN rəhbəri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müsahibəsində səsləndirilən fikirlərə toxunaraq deyib ki, əgər bu, rəsmi nöqteyi-nəzərdəndirsə və xalqın fikrini ifadə edirsə, o zaman Ermənistan-Rusiya münasibətlərinin kompleks şəkildə nəzərdən keçirilməsinə ehtiyac var. O, Ermənistanı yaxın qonşularla deyil, onların düşmənləri ilə münasibətləri inkişaf etdirdiyinə görə danlayıb. Bu, Ermənistanda son dərəcə narahatverici aura yaradıb.

Təbii ki, hazırkı vəziyyətdə Rusiya xarici işlər nazirinin bəyanatının, belə demək mümkündürsə, siyasi-texnoloji quruluşunun əsasına “düşmənim dostu mənim düşmənimdir” prinsipi qoyulub. Demək olar Lavrovun ultimatumunun dərci ilə eyni vaxtda mətbuatda erməni politoloqun belə bir fikri yayılıb ki, Moskva Ermənistan hakimiyyətinin niyyətlərindən xəbərdardır və Ermənistanı yüz il əvvəl olduğu kimi hər şəkildə cəzalandıracaq. İrəvanda nə planlaşdırılır? Rusiya xarici işlər nazirinin ultimatumuna İrəvan necə reaksiya verəcək?

Rusiya Cənubi Qafqazda mövcudluğunun prinsiplərini və parametrlərini nəzərdən keçirmək qərarına gəlsə, Ermənistan çətin ki, bu ciddi sınaqdan keçə bilsin. Hazırda dağıdıcı mexanizmlər işləyir və yenidən işə salınır və ya yenidən işə salınmağa hazırlaşır. Zaman isə Ermənistan üçün hər tərəfdən azalmağa doğru gedir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Böhran   Yelk  


Bizi "telegram"da izləyin