Ermənistanın deşilmiş çətiri və uğursuz Hindistan həmləsi

2024/03/RTX38-1709544903.jpg
Oxunub: 462     17:19     04 Mart 2024    
Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistanın balansında Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq 96 faizdən 10 faizdən daha az göstəriciyə çatıb. Bu rəqəmlərin nə dərəcədə doğru olduğunu söyləmək çox çətindir, çünki hərbi-texniki satınalmalarla bağlı məsələlərin əhəmiyyətli hissəsi açıqlanmır, ona görə də göstəriciləri yoxlamaq imkanları nisbidir.

Buna baxmayaraq, Ermənistanın hərbi satınalma coğrafiyasını genişləndirdiyi də aydın görünür. Ermənistan Təhlükəsizlik Şurasının katibi deyir ki, bu, guya Rusiyanın seçimi idi, Ermənistan sadəcə işləməyən sistemə alternativ axtarıb. Təbii ki, bu, suveren dövlət kimi Ermənistanın hansısa hüququndan danışmaq yersiz olardı, bu baxımdan əlavə müzakirələrə ehtiyac yoxdur.

Əsas məsələ Rusiya orbitindən çıxdığını düşünən Ermənistanın nə dərəcədə keyfiyyətli və ehtiyaclarına uyğun silahlar əldə edə bilməsi, yeni satınalmaların rus sisteminə hansı səmərəliliklə uyğunlaşdırılmasıdır. Silaha ehtiyacı olan Ukrayna kimi bir ölkənin imtina etdiyi texnikaların Ermənistan tərəfindən satın alınmasını, habelə Fransa istehsalı radar sistemlərinin MDB ölkələrinin HHM çətirinə daxil edilməyəcəyini nəzərə alsaq, hansısa effektivlik və ya səmərəli istifadədən danışmaq qeyri-peşəkar qiymətləndirmə olardı.

Eyni zamanda, əsas əhəmiyyət kəsb edən sual budur ki, bununla belə Ermənistan yeni silah satınalmaları coğrafiyasını hansı konsepsiya ilə qurur və ya artıq tədarüklər prosesinin müharibədən sonrakı bərpasının hansısa oxla bərpa olunduğu barədə işlənib hazırlanmış konsepsiyaya malikdir? Ən azından zahirən informasiya axınlarından çıxış edərək, Hindistanın Ermənistanın yeni əsas hərbi-texniki tərəfdaşı olduğu qənaətinə gəlmək olar ki, bu da təbii ki, iki mühüm halla bağlıdır.

Birincisi, Hindistanın hərbi sənayesi rus texnologiyalarına kifayət qədər yaxındır, müəyyən dərəcədə sadəcə olaraq onların yerliləşdirilməsidir. Buna görə də, İrəvanın düşüncəsinə görə, Hindistanın hərbi-sənaye məhsullarının alınması uyğunlaşma məsələsini asanlaşdıracaq, bu, Ermənistan ordusunun mövcud silah konsepsiyasından ciddi şəkildə fərqlənməyəcək, çünki konsepsiyanın dərindən dəyişdirilməsi çox böyük vaxt və pul, həmçinin siyasi və diplomatik iş tələb edir. Lakin özünü müstəqil oyunçu kimi göstərən Ermənistanın bu sahədə də Rusiyanın təsiri altında olduğunu görürük.

Digər bir hal Hindistanın hələ də hamı ilə işləmək prinsipi üzərində mövqe tutmağa çalışan, eyni zamanda özünü geniş beynəlxalq miqyasda yeni oyunçu kimi yerləşdirməyə cəhd edən bir dövlət olmasıdır. Mümkündür ki, Ermənistan Hindistanı bu məsələdə də düzgün dəyərləndirə bilməyib. Çünki Rusiya silah sənayesindən kifayət qədər asılı olan Hindistan istənilən məqamda, yəni şimaldan ediləcək tələb əsasında Ermənistana tədarükü dayandıra bilər. Bu isə müstəqil oyunçu ilə özbaşına oyun qurmağa çalışan Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Bu baxımdan, yuxarıdakı konsepsiyanı qüsurlu hesab etmək olar.

Nəticə etibarilə istənilən çətirin işləməmək ehtimalı var, üstəlik də yağıntılar, onların xarakteri, yağıntılar zamanı küləyin istiqaməti və s. də gözlənilməz olur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin