Azərbaycan səfiri slovakiyalı həmkarını şərti sərhəddə erməni təxribatları barədə məlumatlandırıb

2024/03/e8155-1709286697.jpg
Oxunub: 93     13:39     01 Mart 2024    
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Slovakiyanın bu ölkədəki səfiri Matuş Buşovski ilə görüşdə Ermənistanla şərti sərhəddə qarşı tərəfin törətdiyi insidentlərlə bağlı məlumatlandırıb.

Ordu.az xəbər verir ki, F.Quliyev həmkarına keçmiş münaqişənin tarixçəsi və fəsadları barədə danışaraq, 2020-ci il Zəfəri və 2023-cü il lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətini, Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə dolğun məlumat təqdim edib. Bu kontekstdə, Ermənistanın ziddiyyətli davranışı və son dövrdə yenidən əl atdığı təxribatların qəbulolunmazlığı və regionda barış prosesinə xələl gətirdiyi izah edilib. Həmçinin, Azərbaycan ərazilərinin minalanması faktlarına və şərti sərhəd boyu qarşı tərəfin törətdiyi insidentlərlə bağlı dolğun bilgilər çatdırıb.

F.Quliyev Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. İki ölkə arasındakı strateji tərəfdaşlığın hər iki xalqın mənafelərinə, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət etməsini bildirib.

M.Buşovski Azərbaycan xalqının iradəsini əks etdirən növbədənkənar Prezident seçkilərinin uğurla keçirildiyini vurğulayıb. Bundan sonra da Azərbaycanın bölgə əməkdaşlığı kontekstində dinamik rol oynayacağına əminliyini ifadə edib. O, Slovakiyanın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi niyyətində olduğunu qeyd edib. Başladığı məsul missiya çərçivəsində Azərbaycan səfirliyi ilə təmaslarda olacağına dair da ümid ifadə edib. Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Slovakiya  


Bizi "telegram"da izləyin