Ermənistan-Rusiya BQQ-yə təyinatdan sonra KTMT-dən uzaqlaşma? – ANALİZ

2023/06/1686302440.jpg
Oxunub: 509     13:42     29 Fevral 2024    
2024-cü ilin fevral ayının 12-də Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonu istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə ermənilər tərəfindən snayper atəşi açılmasından sonra DSX tərəfindən keçirilən “Qisas” əməliyyatından sonra Ermənistan ordusunda gözlənilməz kadr dəyişikliyi baş verdi. Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatına əsasən bu ölkənin prezidenti Vahan Xaçaturyanın əmri ilə Ermənistan Ordusunun Baş qərargah rəsinin müavini general-leytenant Kamo Koçunts vəzifəsindən uzaqlaşdırılıb. Ölkə prezidentinin başqa bir fərmanı ilə Ermənistan Hərbi Akademiyasının rəisi, polkovnik Artur Eroyan Baş Qərargah rəisinin müavini təyin edilib.

Vahan Xaçaturyan elə həmin gün general-mayor Artak Budaqyanı Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin edib.

Maraqlıdır ki, ötən ilin martında Ermənistan Baş nazirinin təqdimatı ilə Ermənistan-Rusiya Birləşmiş Qüvvələr Qrupunun komandanı Tiqran Parvanyan vəzifəsindən azad edilib və bir ilə yaxın müddət ərzində onun yerinə təyinat yox idi.

Beş aylıq fasilədən sonra Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən təxribata əl atılmasının təsadüf olmadığı Ermənistan prezidentinin yuxarıda sadaladığımız müvafiq fərmanları təsdiq etdi. Bu təxribata görə Ermənistan ordusundakı “cəzalandırma”nın fonunda Ermənistan-Rusiya Birləşmiş Qüvvələr Qrupuna yeni komandanın təyin edilməsi xüsusilə diqqət çəkir.

Hər gün pisləşməkdə davam edən Ermənistan-Rusiya münasibətlərinin fonunda sözügedən qüvvələr qrupuna yeni komandir təyinatı bir növü, Nikol Paşinyanın Moskvaya mesajı da ola bilər.

Rusiya hərbiçilərinin Ermənistanda qalmasına lüzum olmadığı barədə hər gün ictimai rəy formalaşdıran rəsmi İrəvan istər 44 günlük müharibə dönəmində, istərsə də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Kremlin susqunluğu və Rusiyanın Ermənistandakı hərbi bazasının müşahidəçi mövqeyi tutması Ermənistanın Bakı və Moskvanı üz-üzə qoymaq planını alt-üst elədi.

Əslində, bu, rəsmi İrəvana gərəkli bir vəziyyətin yaranmasına gətirib çıxardı. Ermənistan rəhbərliyi bu ölkədəki rusiyalı hərbiçilərin sıxışdırılması üçün zəmin yaratdı.

Ermanistan Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Fransaya səfəri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işlək bir sistem olmadığı haqqında açıqlamaları da dediyimiz kimi, İrəvanın rusiyalı hərbiçiləri ölkədən çıxarmaq planının elementlərindən biridir.

Paşinyan Fransa mətbuatına KTMT ilə bağlı verdiyi açıqlamanı şərh edərkən bildirib ki, Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, ölkəsi uzun müddətdir ki, bu təşkilatın yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir. O, bununla bir daha demək istəyib ki, KTMT-də iştirak Ermənistan üçün heç nə vermir. Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirləri, “Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq”, deməklə bir daha möhkəmləndirib.

Rusiyanın əleyhinə yönələn mövqeyini bərkidən Paşinyan KTMT-nin təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan Respublikasının təhlükəsizliyinə problem yaratdığını, hətta Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid törətdiyini deyib.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik” deyən baş nazir konkret olaraq Moskvanı təxribat çəkməyə çalışır və müəyyən jestlərlə Kremli qıcıqlandırmağa cəhd edir. Ermənistanda xidmət aparan Rusiya sərhədçilərini Azərbaycan sərhədçisinə atəş açıldığı Nerkin Hand kəndinə buraxmaq istəməyən Paşinyan rusiyalı sərhədçilərin sözügedən yaşayış məntəqəsinin ərazisinə daxil olmaq üçün mandatının olmadığını da bildirib.

Vəziyyəti şərh edən baş nazir həmin zonada Rusiya sərhədçilərinin təhlükəsizliklə bağlı fəaliyyət göstərə bilməyəcəyini aydın şəkildə ifadə edib. Deməli, rəsmi İrəvan çox açıq tezislərlə Rusiya ilə əməkdaşlığı mənasız sayır və ya bu birgə fəaliyyətdən birmənalı formada imtina edir. Söz yox ki, bütün bunlar Avropa İttifaqının və Qərb institutlarının hazırladığı plana uyğun şəkildə həyata keçirilir. Buna görə də, N. Paşinyan maksimum şəkildə diplomatik qaydada Moskva ilə münasibətlərinə son qoymaq üçün Ermənistanın təhlükəsizlik məsələlərinə diqqət çəkir, Kremlin hərəkətsizliyini və ya KTMT-nin susqunluğunu əsas götürərərk Rusiya əleyhinə həm ictimai rəyi hazırlayır, həm də öz mövqelərini bərkitməyə çalışır.

Hərçənd Ermənistanın Rusiya ilə münasibətlərində yanaşma tərzini köklü şəkildə dəyişməsi təkcə Azərbaycan və Ermənistan sülh danışıqlarına təhlükə törətmir, həm də regionun silahlı qarşıdurmaya sürüklənməsinə zəmin yaradır. Bəzi siyasi dairələr hesab edir ki, Rusiya bütün bunları cavabsız qoymayacaq. Mümkündür ki, Kreml adekvat tədbirlər görmək barədə düşünsün. Amma daha çox hesab etmək olar ki, Moskva səbirlə müşahidəçi mövqeyində dayanacaq və Qərbin İrəvanı “sərt dalana dirəməsi”nə qədər hadisələri izləyəcək.

Getdikcə, 102-ci hərbi bazasının Ermənistandan çıxarılması məsələsi aktuallaşdıqca, Azərbaycan-Ermənistan sərhədində təxribatların çoxalacağını da ehtimal etmək olar. Bu isə ona görədir ki, Qərb institutları Cənubi Qafqazda Moskvanın rəsmi Bakı ilə əlaqələrini sual altına atmaq, bunun fonunda Ermənistanın silahlandırılmasını sürətləndirmək, sülh sazişinin bağlanmasını ləngitmək, müəyyən mənada zaman udmaq, nəticə etibarilə Rusiyanın Cənubi Qafqaza təsirini tamamilə lokallaşdırmaq istəyirlər.

General-mayor Artak Budaqyanın Ermənistan-Rusiya Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilməsi həm də bu qüvvələr qrupunun istənilən halda Paşinyanın planlarına uyğun davranmasını təmin etməyə hesablanıb. Hər halda, birgə xidmət keçən bu qurupun komandirinin milliyyətcə erməni olması, xüsusilə onun, Paşinyan tərəfindən təyin edilməsi yaxın gələcəkdə Ermənistan daxilində hansı proseslərin öz məcrasından çıxa biləcəyinə bir işarədir.

Yəqin Ermənistan rəhbərliyi bu ölkədə proseslərin birdən-birə müxtəlif xoşagəlməz hadisələrlə müşayiət ediləcəyini bilir və hər şeyə bəribaşdan hazırlıqlı olmağa çalışır.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Böhran  


Bizi "telegram"da izləyin