Türkiyə HDQ-də sinif dəyişikliyi: “Burak”lar artıq patrul gəmiləridir (FOTOLAR)

2024/02/Burak-6836441268.jpg
Oxunub: 309     18:39     28 Fevral 2024    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) daha əvvəl korvet kimi təsnif edilən “Burak” sinfinə məxsus gəmiləri patrul gəmisi kimi təqdim etməyə başlayıb.

Türkiyə HDQ platforma təsnifatında dəyişiklik edib. Bu çərçivədə korvet sinfində nəzərdə tutulan “Burak” sinfinə məxsus gəmilər patrul gəmiləri olaraq xarakterizə edilməyə başlayıb. 2023-cü ildə edilən bu yeni təsnifatla Türkiyə HDQ-nin inventarında 4-ü MİLGEM ADA sinfinə və 5-i “Burak” sinfinə məxsus olmaqla ümumilikdə 9 korvet olarkən, indi yalnız 4 ədəd MİLGEM ADA sinfinə məxsus gəmi korvet kimi təsnif ediləcək.

Patrul gəmisi quruluşu isə 16 ədəd “Tuzla” sinfinə 5 ədəd “Burak” sinifinin əlavə edilməsi ilə 21 platformadan ibarət bir quruluşa çevrildi. Türkiyə HDQ-nin bu təsnifat dəyişikliyinə getməsini, “Burak” sinifinin sensor və silah tutumunun müasir korvet platformalarından geri qalması və gəmilərin köhnəldiyi üçün əsasən yaxın dənizlərdə patrul vəzifəsi yerinə yetirəcəyi baxımından qiymətləndiririk.


Qismən modernləşdirmədən keçib

“Burak” sinfinə məxsus patrul gəmilərindən biri olan F503 TCG “Beykoz” 2020-2021-ci illərdə kiçik modernləşdirmədən keçib. Modernləşmə çərçivəsində 100 mm-lik CADAM baş topu “Oto Melara” istehsalı olan 76 mm baş topu ilə, DRBV 51A axtarış radarı ASELSAN-ın 3D Axtarış Radarı MAR-D ilə, DRBC 32E atəşə nəzarət radarı isə ASELSAN-ın “Akrep” (AKR-D) atəşə nəzarət radarı ilə əvəz edilib.

Bundan əlavə, gəmiyə ADVENT Döyüş İdarəetmə Sistemi (DİS) inteqrasiya edilib. Lakin modernləşdirmə tək bir gəmi ilə məhdudlaşdı. Digər gəmilərdə bu günə qədər heç bir dəyişiklik müşahidə edilməyib.


İnventardan çıxarmalar başladı

Türkiyə HDQ “Burak” sinfinə məxsus F501 TCG “Bodrum”u 2022-ci ildə inventardan çıxarıb. Beləliklə, sinifdəki gəmilərin sayı 5-ə qədər azaldı. 2000-ci illərin əvvəllərində Fransadan ikinci əl (A-69 tipli “D’Estienne d’Orves” sinfi) alınan “Burak” sinfinə məxsus gəmilər 40 yaşlarının sonlarındadır. Dəniz Patrul Gəmisi layihəsində tədarüklərin başlanması ilə gəmilərin mərhələli şəkildə inventardan çıxarılması gözlənilir.

Yeni Dəniz Patrul gəmiləri gəlir

Türkiyə HDQ tezliklə Dəniz Patrul Gəmilərini inventarına əlavə etməyə başlayacaq. Daha böyük tonnajlı və daha geniş səyahət mənzilinə malik olan bu platformalar “Yerində Hazır” üsulu ilə qurulduğundan, istənilən sensor və silah sistemi istənilən vaxt asanlıqla gəmiyə inteqrasiya oluna biləcək.

Beləliklə, Türkiyə HDQ müxtəlif missiyalarda bu platformalardan asanlıqla istifadə edə biləcək. Gəmilərin təhvil verilməsinə bu il başlanacağı gözlənilir.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin