Ermənistanın hərbi doktrinasına dəyişiklik etmək istəyi nə ilə bağlıdır? – ANALİZ

2021/11/56777-1637402834.jpg
Oxunub: 770     16:59     27 Fevral 2024    
2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının imzaladığı üçtərəfli bəyanatla başa çatan 44 günlük Vətən Müharibəsindən sonra dünyanın bir çox ölkəsi öz hərbi doktrinasına yenidən baxmağa başladı.

Müharibədən məğlubiyyətlə çıxan Ermənistanda da hərbi doktrina ətrafında müzakirələr genişləndi.

Hələ 2007-ci ilin dekabr ayının 25-də Ermənistanın sabiq prezidenti Robert Köçəryanın imzaladığı fərmanla təsdiqlənən Ermənistan Respublikasının hərbi doktrinası dörd əsas hissədən - Hərbi-siyasi əsaslar; Ermənistan Respublikasının müdafiə strategiyası; Hərbi təhlükəsizlik sistemi və hərbi təhlükəsizlik sisteminin islahatlarından ibarət idi.

2019-cu ildə Ermənistanın müdafiə naziri Davit Tonoyan bəyanatla çıxış edərək bildirmişdi ki, ölkəsinin yeni hərbi doktrinasında köklü yanaşmalar tətbiq ediləcək və müdafiə doktrinası hücum doktrinası ilə əvəzlənəcək. Bu isə müharibə olduğu halda, Ermənistana yeni ərazilər ələ keçirə bilməsi üçün imkan verməyi nəzərdə tuturdu.

Düzdür, yeni hərbi doktrinanın qəbulu erməni cəmiyyəti arasında Ermənistan üçün ciddi əhəmiyyətli hadisə kimi qiymətləndirilsə də, hakimiyyət məsələ ilə əlaqədar qərar verə bilmədi.

Hətta konstitusiyasında da işğalçılıq niyyətini qanuniləşdirən Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinin konstitusiyasının və bir çox hərbi qanun vericilik aktlarının Azərbaycanla sülh danışıqlarına ciddi maneə olduğunu açıqladı. Bu isə o deməkdir ki, rəsmi İrəvan yeni hərbi doktrinanın qəbuluna hazırlaşır.

Ermənistanın hazırkı hərbi doktrinasında nəinki Azərbaycan və Türkiyə düşmən dövlət kimi göstərilir, bu sənəddə həm də Rusiya ölkənin əsas strateji tərəfdaşı kimi qeyd edilir. Buna görə də, Azərbaycanla sülh müqaviləsinin bağlanmasını dalana dirənmiş kimi təqdim edən erməni siyasi elitası hərbi doktrinanın yenilənməsini, xüsusilə yeni doktrinanın avropalı mütəxəssislərin iştirakı ilə hazırlanmasını planlayır.

Görünür ki, Ermənistan bu dəfə hazırlayacağı hərbi doktrinada, keçmiş müdafiə naziri Davit Tanoyanın 2019-cu ildə dediyi kimi, doktrinada müdafiə strategiyasından hücum strategiyasına keçid edəcək, həm də Rusiya ilə strateji tərəfdaşlıq məsələsini bu sənəddən çıxaracaq.

Bununla yanaşı, söz yox ki, İrəvan yeni doktrinada əsas üstünlüyü NATO ilə əməkdaşlığa verəcək. Bu həm də Ermənistana imkan yaradacaq ki, ordu quruluşunu NATO ölkələrinin ordu quruluşuna uyğunlaşdırsın və yeni sistemə keçid eləsin. Hərçənd bu dəyişiklik Ermənistan üçün kifayət qədər maliyyə vəsaiti tələb edəcək. Çünki NATO standartlarına uyğunlaşdırılmış doktrina Ermənistan qarşısında Şimal Alyansının standartlarına uyğun silahlanma, təminat və təchizat kimi zərurətləri aktuallaşdıracaq. Bura silahlanmadan tutmuş ordu quruluşunun ştat vahidinə qədər yenilənməsi daxildir.

Yəqin ki, bütün bu xərclərin qarşılanması Ermənistanda revanşist əhval-ruhiyyənin genişlənməsinə çalışan ölkələr tərəfindən həyata keçiriləcək. Ehtimal var ki, Ermənistan hərbi doktrinasını dəyişməli olsa, orada əsas hədəf kimi Rusiya götürüləcək. Ən azından ona görə ki, hazırda Ermənistan siyasətini sürətləndirən və hər gün genişləndirən Qərb Avropa İttifaqı pərdəsi altında İrəvanı mümkün qədər tez zaman içərisində Moskvadan qoparmağı hədəfləyib.

Digər tərəfdən Fransa və Hindistandan alınan yeni silahların tətbiqi mövcud hərbi nizamnamələr və hərbi qanunvericiliklə üst-üstə düşmədiyi üçün rəsmi İrəvan doktrina dəyişikliyinə getməyə məcburdur.

Həm də müasir tələblərə və NATO standartlarına cavab verən silah istehsalına girişməyi hədəfləyən Ermənistan üçün yeni doktrinanın işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. İrəvan Qərbdə məhşur olan silah istehsalı müəssisələrinin ölkə ərazisində filila və nümayəndəliklərini, eləcə də silah zavodlarını açmaq məsələsini də hərbi təhlükəsizliyin predmeti kimi qəbul edir.

Hesab etmək olar ki, Ermənistan Azərbaycanla sülhə nail olmaq istiqamətində çaba göstərirmiş kimi görünməklə bu ad altında konstitusiya dəyişikliyinə getməyi də hədəfləyir.

Mövcud ali qanununda, həmçinin digər hərbi qanunvericilik aktlarında Azərbaycan və Türkiyəyə ərazi iddiası açıq şəkildə əks olunan Ermənistan həm də keçmiş “Dağlıq Qarabağ” məsələsinə də yenidən baxmalı olacaq. Ən azından yeni redaksiyada tərtib ediləcək doktrina müdafiə xarakterindən hücum xarakterli sənəd formasına transfer ediləcəksə, İrəvan Qarabağla bağlı iddialarını başqa formada ifadə etməli olacaq. Onu da xüsusi ilə qeyd etmək olar ki, İrəvanı hərbi doktrina dəyişikliyinə tələsdirən Qərb bu sənəddə Ermənistanın İranla bağlı möqeyini də kifayət qədər neytrallaşdıracaq və yaxud konkretləşdirəcək.

Görünür, rəsmi İrəvan regional və geosiyasi proseslərin hansı istiqamətə yönəldiyi haqda qərbli tərəfdaşlarından yetərincə məsləhətlər alır, onların tövsiyyələrinə uyğun davranır.

Erməni jurnalistlərin hərbi doktrinada hələ Davit Tonoyanın vaxtında təklif edilən dəyişikliklərə bağlı Ermənistan Müdafiə Naziriyinə ünvanladığı suala nazirlikdən bildirilib ki, həmin doktrina qəbul edilməyib, amma bu gün ölkənin müdafiəsi və ordu quruculuğu başqa alətlər dəsti ilə həyata keçirilir.

Maraqlıdır ki, qurum “başqa alətlər dəsti” deyəndə nəyi nəzərdə tutur?

Ölkənin ali qanunu və digər hərbi qanunvericilik aktları işğalçılıq siyasətini nəzərdə tutduğu halda müharibədən məğlub çıxmış Ermənistan özünün müdafiə məsələlərini hansı başqa alətlər dəsti ilə müəyyən edə bilər. Çox güman ki, sözügedən alət dəsti Avropadan gələn mütəxəssislərin iştirakı ilə ordu quruculuğunu, Fransadan və Hindistandan alınan başqa sistemli silahların idxalını nəzərdə tutur.

Söz yox ki, xaricdən alınan hər növ yeni silahların tətbiqi üçün onların mütəxəssisləri də cəlb olunur. Mümkündür ki, başqa alət dəsti deyəndə nazirlik xarici mütəxəssislərin ölkəyə gətirilməsini, ordu quruculuğu işində onların bilik və bacarığından istifadəni, eyni zamanda, Avropadakı tərəfdaşlarından aldığı maddi, texniki və təcrübi dəstəyi nəzərdə tutur.

Hər halda, bütün bunlar ona hesablanıb ki, Ermənistan özünün təhlükəsizliyini təmin eləmək üçün Avropa İttiqfaqının, NATO ölkələrinin ordularının Cənubi Qafqaza gəlişini tənzimləmək üçün müəyyən imkanlara malik olsun. Bunun üçün də, hazırda tətbiq edilən ciddi qanunlarda dəyişiklik labüdləşir və rəsmi İrəvan bunun cəmiyyət tərəfindən həzm edilməsi üçün ardıcıl və ehtiyatlı şəkildə iş aparır.

Bir məqama da xüsusilə diqqət yetirək ki, 2020-ci ildəki müharibədən sonra olduğu kimi, Rusiya-Ukrayna müharibəsi başlaynadan sonra da bəzi ölkələr hərbi doktrinalarına yenidən baxmalı oldular. Əksəriyyəti isə bu sənəddə əsasən Rusiya və Çinlə münasibətlərin ətrafında yeni yanaşma ortaya qoymağa başladı.

Deməli, Avropadan hər cür dəstək alan Ermənistanın hərbi doktrinasına dəyişiklik etmək istəyi, təkcə ölkənin hazırkı hərbi vəziyyətini dəyişmək istəyindən irəli gəlmir, bu, həm də yaxın gələcəkdə regional və beynəlxalq siyasi proseslərə hazırlıq mərhələsindən xəbər verir.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-doktrina  


Bizi "telegram"da izləyin