Ermənistan ATƏT-lə bağlı hansı hiyləgər addımı atmağa çalışır? – BAXIŞ BUCAĞI

2024/02/456-1709019883.jpg
Oxunub: 173     11:42     27 Fevral 2024    
Münhen Təhlükəsizlik Forumu çərçivəsində regionla bağlı reallıqlar, Ermənistan-Azərbaycan görüşü, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanın müxtəlif siyasətçilərlə görüşündə səsləndirdiyi manipulyativ bəyanatlar diqqəti çəkməyə bilməzdi.

Lakin bunlardan biri daha çox təxribat xarakterli idi və özündə region və sülh gündəmi üçün ciddi təhlükələr ehtiva edirdi. Söhbət Ermənistanın Baş naziri Paşinyanın ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşündən gedir. Bu görüş daha bir görüş, ATƏT-in fəaliyyətdə olan sədri ilə Prezident İlham Əliyev arasında keçirilən görüş kontekstində diqqət çəkir. Məlum olduğu kimi, İlham Əliyev fəaliyyətdə olan sədrə müraciət edərək haqlı olaraq bildirib ki, Qarabağ məsələsini artıq həll etdiyi üçün ATƏT-in Minsk qrupu buraxılmalıdır.

Təbii ki, Azərbaycanın Minsk qrupunun buraxılmasının zəruriliyindən danışması yeni deyil, amma, sanki, Bakı ilk dəfədir ki, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə bunu prezident səviyyəsində bu məsələni qaldırır. Hələ 2020-ci ildə Bakıda ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən, İlham Əliyev kifayət qədər açıq şəkildə bildirmişdi ki, onları çağırmayıb, onlarla müzakirə edəcək heç nəyi yoxdur, sadəcə gəliblər deyə görüşür.

Hələ 2013-14-cü illərdən daha da intensivləşən erməni təxribatları nəticəsində sülh prosesinin öz yerini müharibəyə verməsi ilə uğursuz olmuş prosesdə baş aktor Minsk qrupu hesab olunurdu və onların bu şəkildə də qarşılanması normal hal idi. Minsk qrupunun həmsədr ölkələri arasında geosiyasi antaqonizm olduqca dərinləşmişdi, həmsədrlik böhranı yetişmişdi və İlham Əliyev bu səriştəsizliyə dözmək fikrindən uzaq idi.

İndi İlham Əliyev artıq ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə haqlı olaraq Minsk qrupunun həmsədrliyinin ləğvindən danışır. Bu, o deməkdir ki, Bakı bu problemlə ciddi şəkildə məşğul olmağa başlayacaq. Əks halda çətin ki, bu məqsəd haqqında bu səviyyədə danışılardı. Digər sual budur ki, İrəvan hansı mövqedən çıxış edir və edəcək?

Ermənistan Baş nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünün Ermənistan hökuməti tərəfindən yayılan rəsmi açıqlamasında xüsusi bir ifadə var. “Eyni zamanda, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə töhfə vermək üçün ATƏT-in mandatına uyğun olaraq təşkilatın vasitələrindən səmərəli istifadə edilməsi vurğulanıb”, - deyə açıqlamada qeyd olunurdu. İrəvan ATƏT-in mandatına uyğun olaraq nədən danışır? Əgər bu, Minsk qrupunun ömürün başa vurmuş həmsədrliyidirsə, niyə birbaşa qeyd edilmir?

Bu o deməkdirmi ki, İrəvan öz növbəsində ATƏT-ə Qafqazın təhlükəsizlik məsələləri ilə bağlı yeni format yaratmağı təklif edir? Mümkündür ki, ilk baxışda İrəvan ən azından dolayı şəkildə Bakının Minsk qrupu həmsədrliyini ləğv etmək məqsədinə qarşı çıxmağa çalışmır. Çünki o həmsədrlik bu gün işləmir və yumşaq desək, onun işləməsi perspektivi yoxdur. Amma İrəvan burada problemi formatda deyil, ATƏT-də və ümumilikdə beynəlxalq vəziyyətdə görür. Bu baxımdan, İrəvan daha hiyləgərcəsinə davranaraq, əslində qrupun ləğvini deyil, onun yenilənməsini təklif edir.

Lakin ATƏT-in özü işləmir, buna görə də onun mandatı altında heç bir format işləyə bilməz.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ATƏT  


Bizi "telegram"da izləyin