Serbiya niyə Ermənistandan daha çox Azərbaycana güvənir? 31 illik təcübəyə “Tovuz döyüşləri” son qoydu?

2024/02/1707132240.jpg
Oxunub: 659     11:10     27 Fevral 2024    
2020-ci ilin iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə məlum oldu ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və dinc sakinlərin olduğu yaşayış məntəqələrinə Serbiyadan aldığı silah və sursatlarla zərbə endirib.

Hələ 2017-ci ildə Serbiya Ticarət nazirliyi Ermənistana silah ixracına 19 icazə verib. Bu məsələnin Azərbaycan tərəfindən narazılıqla qarşılanmasından sonra Sebiya rəsmiləri Azərbaycanla dostluq münasibətlərini pozmamaq istiqamətində çalışdıqlarını desələr də, Ermənistanla silah ticarətinə dair biznes sövdələşmələrinin Serbiya qanunlarına uyğun tərtibləndiyini əsaslandırmağı da unutmayıblar.

Məhz “Tovuz döyüşləri” kimi tarixə düşən qısamüddətli müharibədən təxminən bir ay sonra - avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Tovuz istiqamətindəki döyüşlərdə Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmişdi. O, bu vəziyyətin araşdırılması ilə bağlı Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana göndəriləcəyini qeyd etmişdi.

Cəmi üç gün sonra isə Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etdi.

Düzdür, Neboyşa Stefanoviç Azərbaycanda yüksək çinli şəxslərlə təmasda olsa da, onunla yalnız siyasi və təhlükəsizlik məsələlərini əhatə edən müzakirələr aparıldığı bildirildi. Ermənistana silah satışı ilə bağlı hansı bir nüansa toxunulmadı. Çünki bundan əvvəl Azərbaycan Serbiyaya Ermənistana satılan serb silahları ilə bağlı movqeyini çox açıq və konkret şəkildə ortaya qoymuşdu.

Az sonra isə Aleksandr Vuçiç keçirdiyi mətbuat konfransında, Serbiyanın dostları arasında həm Azərbaycan, həm də Ermənistanın olduğunu ifadə etmişdi. O, hətta son bir neçə il ərzində Azərbaycana satılan silahın on dəfədən çox artığına da eyham vurmuşdu.

Əslində, prezident Aleksandr Vuçiçin bu açıqlaması serb hökumətinin özü də bilmədən Serbiyadan çox uzaqda yerləşən bir beynəlxalq münaqişədə rol oynamağa başladığını dərk etməsindən xəbər verirdi.

Buna görə də, o, Azərbaycana və Ermənistana silah ixracını ölkəsində hərbi sənayenin inkişafı ilə əlaqələndirmişdi. A. Vuçiç Serbiyanın hərbi zavodlarında 17000 dən çox adamın çalışdığını misal göstərərək, Serbiya silahının bazara ehtiyacı olduğunu bildirmişdi.

Nə qədər qəribə olsa da, 2020-ci ilə qədər inkişaf edən Serbiya-Ermənistan münasibətlərinin fonunda Ermənistan Kosovonun müstəqilliyini tanımasa da, Serbiya da keçmiş qondarma qurumun müstəqilliyini tanımadı.

Uydurma “erməni soyqırımı”nın serblər arasında geniş tanınmasına baxmayaraq, rəsmi Belqrad Türkiyənin bu ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün onu rəsmən tanımayıb. Serbiyanın keçmiş prezidenti Tomislav Nikoliç ölkəsini uydurma “erməni soyqırımı”nı tanımağa çağırsa da, bu, sənəd üzərində qalır, baxmayaraq ki, serblər erməniləri öz qardaşı və bacıları hesab edirlər.

Müəyyən dövrə qədər Serbiya-Azərbaycan münasibətləri ancaq iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf edirdi. Hətta Azərbaycan 2008-ci ildə Serb hökumətrinə dəstək nümayiş etdirərək Kosovonun müstəqilliyini tanımayıb və öz hərbçilərini birinci olaraq oradan çıxaran ölkələrdən biridir. Həmin ilin fevral ayının 17-də Azərbaycan Xarici İşlər Nazirliyi Kosovonun müstəqilliyini elan etməsini beynəlxalq hüquq normalarına zidd və qanunsuz adlandırıb. 2009-cu ildə Beynəlxalq Məhkəmədə dinləmələr zamanı Azərbaycan Kosovonun müstəqilliyinin qeyri-qanuni olduğunu bəyan edib. 2010-cu ilin mayında Bakıda Serbiyanın keçmiş prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Ermənistanın isə Kosovo ilə bağlı mövqeyi isə həmişə ikibaşlı olub. 2008-ci ilin mart ayının 12-də Ermənistan prezidenti Serj Sarqsyan Kosovonun öz müstəqilliyini elan etməsinə münasibət bildirərkən, ölkəsinin həmişə “xalqların öz müqəddəratını təyin etmək hüququnu” dəstəklədiyini deməklə, dolayısı ilə Kosovonun müstəqilliyini alqışladığını ifadə etmşdi. Hərçənd Serbiya Prezidenti Aleksandr Vuçiç müsahibələrinin birində etiraf edib ki, Ermənistana silah ixrac haqqında qərar yanlış olub və buna yenidən baxılmalıdır.

2023-cü ilin ortalarında A. Vuçiç silah ixracatının dayandırılmasına dair qərar barədə danışsa da, Azərbaycan Serbiyanın müəyyən silahları ilə maraqlandığına eyham vurdu. Bu ölkəyə səfər çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev serbiyalı həmkarı ilə serb silah zavodlarının məhsulları ilə tanış olub.

Təsadüfi deyil ki, cari ayın başlanğıcında Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın 8×8 yük maşınına quraşdırılmış “Nora” haubitsasının alınması ilə bağlı müraciətini təsdiq edib. Vuçiç müvafiq inkişafı Topçider kazarmasında Serbiya Silahlı Qüvvələrinin silah və hərbi texnikasının nümayiş olunduğu mərasimdə bölüşüb. Bu kontekstdə açıq mənbələrdə əks olunan məlumata görə, 48 ədəd haubitsanın alınmasının dəyəri 339 milyon dollardır.

İddia edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin dekabrında Serbiyaya səfəri də bu məsələ ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç ilə geniş təkbətək görüşləri olub və bu səfər zamanı Serbiya istehsalı olan bir çox hərbi təyinatlı məhsullar təqdim edilib.

155 mm çaplı “Nora” B-52 (“Novo ORuzje Artiljerije” – yeni artilleriya silahı) özüyeriyən haubitsası Serbiya ordusunun xidmətində olan köhnəlmiş artilleriya sistemlərini əvəz etmək üçün hazırlanıb.

Maraqlıdır ki, müəyyən dövrə qədər Serbiya ilə silah ticarətində canfəşanlıq edən rəsmi İrəvan Fransa ilə silah anlaşmasından sonra Belqrada “yan” baxmağa başladı. NATO-ya üzv olmayacağını açıqlayan rəsmi Belqrad Moskva ilə yaxın hərbi-diplomatik əlaqələrə malikdir. Bununla yanaşı, son zamanlar Azərbaycan və Serbiya arasında əlaqələr sürətlə inkişaf etdiyi üçün, görünür, Ermənistan onu özülərinin qardaşı və bacıları hesab edən serblərdən sürətlə üz döndərməyə başladı.

Ermənistanın keçmiş müdafiə naziri, bu gün “Ümumerməni Cəbhəsi” hərəkatının lideri olan Arşak Karapetyan Moskvada “HayqNews”a verdiyi müsahibədə serb silahlarından danışıb: “Silahı almaq üçün Serbiya ilə razılaşma əldə edirdik. Razılığa gəlmişdik ki, bizim istədiyimiz silahı İrəvana gətirirlər. Biz o silahı İrəvanda qəbul edəcəkdik, sonra o məbləği ödəyəcəkdik. Amma bacarmadım, məni çıxardılar və o razılaşmaları ləğv etdiklərini anladım”.

Xatırladaq ki, 2007-ci ildə “Azadlıq Radiosu” Serbiyanın “Zastava” şirkətinin Ermənistana silah ixracına icazə aldığını bildirib. Sövdələşmənin dəyəri 1 milyon 750 min dollar olub. Serbiyadan bildiriblər ki, onlar növbəti sövdələşmə üçün 900 min dollar dəyərində başqa bir icazə alacaqlarını gözləyirlər. Həmin vaxt bununla bağlı Serbiya hakimiyyətindən narazılıqlarını bildiriblər.

Hərçənd bu fakt Serbiya üçün müəyyən mənada bazar itkisi olsa da, digər tərəfdən, ona Azərbaycan kimi tərəfdaş “bağışladı”. Ermənistan Serbiyada istehsal edilən silahlardan birdən-birə uzaqlaşmaqla həm də onu ortaya qoydu ki, İrəvan müdafiə xarakterli silahlardan daha çox hücum xarakterli silah və sursata meyl göstərir. Bu Serbiya üçün də maraqlı gedişdir. Çünki rəsmi Belqrad özü də NATO-ya qoşulmadan silah istehsal etməklə, yalnız ölkəsinin müdafiə gücünü artırmağı qarşıya məqsəd qoyur.

Müharibənin bitməsindən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, sürətlə silahlanan Ermənistanla müqayisədə Azərbaycanın dünya silah bazarında axtarışa çıxmadığı bəllidir. Ən azından öz tərəfdaşları ilə etibarlı əlaqələr quran rəsmi Bakının beynəlxalq aləmdəki imici imkan verir ki, hətta Azırbaycana düşmənçilik edən Ermənistanla dostluq əlaqələrinə malik ölkələr İrəvandan daha çox Bakıya güvənə bilsinlər. Yəqin elə buna görə də, 31 illik təcübəyə söykənən Ermənistan- Sebiya münasibətləri Azərbaycanın haqlı mövqeyinin kölgəsində əriyib yoxa çıxmağa başladı.

Hətta dost olmayan ölkələr belə, Azərbaycanın həyata keçirdiyi xarici və daxili siyasətin mahiyyətini daha dərindən qavradıqca, rəsmi Bakı ilə siyasi, iqtisadi və hərbi əlaqələrin qurulmasına olan maraqlarını getdikcə artırırlar.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Serbiya   Silah-Bazarı  


Bizi "telegram"da izləyin