ROKETSAN-dan yeni ucuz qiymətli “tank ovçusu”: LOMTAS

2024/02/1708750414.jpg
Oxunub: 479     16:19     24 Fevral 2024    
ROKETSAN LOMTAS Lazerlə İdarə Olunan Orta Mənzilli Tank Əleyhinə Raketi üzərində işlərə başlayıb. Hazırlanan raket 4+ kilometr mənzilə qədər təsirli olacaq.

ROKETSAN ucuz qiymətli tank əleyhinə raketlər üzərində işlərini davam etdirir. Bu kontekstdə görüntüləyici infraqırmızı axtarış (IIR) başlıqlı OMTAS Raketinin bazası əsasında LOMTAS Tank Əleyhinə Raketini hazırlamaq üçün işlərə başlanılıb.

OMTAS-dan fərqli olaraq, MAM-L kimi yarımaktiv lazer axtarış başlığına sahib olacaq LOMTAS Tank Əleyhinə Raketi OMTAS ilə müqayisədə olduqca aşağı qiymətə istehsal ediləcək. Tezliklə atış sınaqlarına başlaması gözlənilən LOMTAS ilə ROKETSAN həm Türkiyə Silahlı Qüvvələri, həm də ixrac bazarı üçün əhəmiyyətli bir məhsulu təqdim etmiş olacaq.

Hazırda Rusiya Federasiyasının istehsalı olan “Kornet-E” Tank Əleyhinə Raketi Türkiyə Silahlı Qüvvələrinin inventarında lazerlə idarə olunan tank əleyhinə raket kimi istifadə olunur. Lazer şüası ilə idarə olunan “Kornet-E” Tank Əleyhinə Raketi Silah Daşıyıcı Vasitələr (STV) Layihəsi çərçivəsində hazırlanan FNSS “Kaplan” və “Pars” STA vasitələrinə OMTAS ilə birlikdə inteqrasiya edilib.


LOMTAS Tank Əleyhinə Raketi isə yarımaktiv lazerlə idarə olunduğu üçün “Kornet-E”, “Skif” və “Corsar” kimi lazer şüası ilə idarə olunan raketlərlə müqayisədə çox üstün imkanlara sahib olacaq. LOMTAS Raketinin həm zirehli quru platformaları və müxtəlif hava platformaları, həm də üçayaqlı dəzgah üzərində piyada ünsürləri tərəfindən sahədə aktiv şəkildə istifadə edilməsi gözlənilir.

ROKETSAN tərəfindən hazırlanan 8 kilometr mənzilli UMTAS və L-UMTAS Tank Əleyhinə Raketləri hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur. 2,5 kilometr mənzilli çiyindən atılan “Karaok” Raketinin isə tezliklə inventara daxil olması planlaşdırılır. 16+ kilometr mənzilli LUMTAS-GM raketinin atışları uğurla davam edir.

LOMTAS Raketinin ucuz olması ilə yanaşı, sürətli istehsal xüsusiyyəti ilə də günümüzün döyüş ehtiyaclarına ən təsirli şəkildə uyğunlaşacağı düşünülür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   LOMTAS  


Bizi "telegram"da izləyin