Tank ovçusu KARAOK gəlir: NATO üçün də çox dəyərlidir

2024/02/karao-6834671168.jpg
Oxunub: 534     17:32     24 Fevral 2024    
Bu yaxınlarda seriya istehsalı üçün müqavilə imzalanan çiyindən buraxılan tank əleyhinə raket “Karaok” Türkiyənin müdafiə sənayesi üçün kritik dönüş nöqtəsini təmsil edir. Dünyada bənzəri çox az olan “Karaok”un “üstdən zərbə” vurmaq qabiliyyətinə malik olduğuna diqqət çəkən ekspertlərin fikrincə, Ankara bu qabiliyyətə malik NATO-nun çox az mərkəzlərindən biri olacaq.

2024-cü il yerli və milli müdafiə sənayesində çox sürətlə başladı... Türkiyə Milli Müdafiə Nazirliyinin ehtiyacları istiqamətində müvafiq qurumlar tərəfindən koordinasiya edilən bəzi işlərdə kütləvi istehsal qərarları verilir. Bu çərçivədə bu yaxınlarda reallaşan Quru Raket Sistemləri İmza Mərasimində “Tayfun”, “Sungur”, TRG-230 və “Karaok” raketlərinin kütləvi istehsalı üçün imzalar atıldı. Mərasimdə nümayiş olunan təqdimat videolarında “Karaok”un hədəf tankı “top attack” olaraq bilinən üstdən zərbə ilə zərərsizləşdirməsi mühüm bir detal idi.

Bu qabiliyyət və “Karaok”un həm Türkiyə Silahlı Qüvvələri, həm də NATO üçün nə demək olduğu barədə bəzi məqamlara toxunaq.


Tankları yuxarıdan vura bilmək nə üçün vacibdir?

İlk növbədə “top attack” və ya “üstdən zərbə” anlayışını izah etməyə çalışaq.

Tankların yan və ön hissələri ən qalın zirehlərə malikdir. Zirehin ən zəif tərəfi qüllənin yuxarı hissəsidir. Bununla belə, başqa bir kritik detal var. Buradakı zireh deşilirsə, tankın içindəki sursatların partlama riski çox yüksək olur. Bu səbəbdən “top-attack” deyilən üstdən zərbə rejimi son dərəcə qiymətli bir qabiliyyətə çevrilir.

“Karaok” ilə ilk dəfə bu imkanı əldə edirik

Xatırladaq ki, Türkiyə daha əvvəl üçayaqlı dəzgahdan (ştativ) atılan OMTAS raketi ilə “üstdən zərbə” məsələsini sınayıb və buna nail olub. Bəs, “Karaok”u xüsusi edən nədir? “Karaok” ilə isə ilk dəfə olaraq çiyindən atılan və üstdən zərbə vura bilən tank əleyhinə raket əldə olunur.

İstər piyada, istərsə də xüsusi təyinatlı bölmələr şok hücumlar həyata keçirə və düşmən ünsürlərinin zirehli bölmələrinə ağır itkilər verə biləcəklər. Söhbət çox ciddi bir qabiliyyətdən gedir. “Karaok”a qədər Türkiyənin ekvivalenti yox idi. Türkiyə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı üçün ABŞ istehsalı olan “Javelin” tələbinin olduğu barədə mətbuatda məlumatlar yayılmışdı. Ancaq tədarükün olub-olmadığını bilmirik. İndi Türkiyə “Javelin”ə ciddi rəqib yaradır. Çiyindən atıldığı üçün “Karaok” kiçik bir raketdir. Döyüş başlığı da buna uyğun hazırlanıb. Lakin xüsusilə üstdən vurduğu bir tank asanlıqla yenidən döyüş meydanına qayıda bilməz. Bundan əlavə, sonrakı mərhələlərdə düşmən piyadalarına qarşı istifadə olunacaq versiyanı görə bilərik.


NATO üçün də dəyərli qazanc

Tək hərbi qulluqçunun çiynindən atdığı və “top attack” qabiliyyətinə malik raketlər arasında “Karaok”un ABŞ istehsalı “Javelin”dən başqa ciddi rəqibinin olmadığı qənaətinə gələ bilərik.

“Karaok” NATO-da bu xüsusiyyətlərə malik çiyindən atılan ikinci raket olacaq. Raketin sınaqları yenicə başa çatıb və yəqin ki, bu ildən etibarən az sayda tədarük reallaşacaq.


“Karaok” raketinin ümumi xüsusiyyətləri

ROKETSAN imzalı “Karaok” çiyindən buraxılan tank əleyhinə raketi Türkiyənin ən qısa mənzilli raketlərindən biridir. Layihə başlayanda ilkin olaraq 1,5 kilometr mənzil hədəf alınsa da, bu nöqtədə daha uzun mənzillərə çatıldığı məlumdur.

Müdafiə sənayesi dairələrində “Karaok” və buna bənzər layihələr çiyindən atıldığı üçün inkişaf etdirilməsi ən çətin tank əleyhinə raketlər hesab edilir. Tək bir hərbi qulluqçunun çiynindən asanlıqla atdığı raketin inventar sırasına daxil edilməsi istiqamətində işlər intensiv şəkildə davam edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KARAOK   NATO  


Bizi "telegram"da izləyin