İsrailin Hava Hücumundan Müdafiə Quruluşu və Dar Sahə Paradoksu

2024/02/1708675678.jpg
Oxunub: 304     19:57     22 Fevral 2024    
1912-ci ildə Tripoli müharibəsində italyanların Osmanlıya qarşı hava parkından istifadə etməsi nəticəsində türk əsgərlərin artilleriya və pulemyotlar ilə həyata keçirdiyi koordinasiyalı atəşdə Dernada italyan təyyarəsinin vurulması ilə ilk dəfə Hava Hücumundan Müdafiədən (HHM) istifadə edildi.

Hazırda dövlətlərin suverenlik hüququ iddia etdiyi torpaqların səmasını, yəni hava məkanını qorumaq asan proses deyil. HHM missiyalarını yerinə yetirmək üçün hava məkanını daim müşahidə etmək, izləmək və bir çox müxtəlif təhlükələrə qarşı mübarizə aparmaq üçün mürəkkəb və çətin proseslər tələb olunur. Müasir təhlükə dəstləri 15-20 metr məsafədəki mini və mikro Pilotsuz Uçuş Aparatlarından (PUA) tutmuş 9-10 min metr məsafədə döyüş təyyarələrinə və hətta kosmosa çatan ballistik raketlərə qədər atmosferin birdən çox təbəqəsini əhatə edir.

Oktyabrın 7-də İsraillə əhatələnən Qəzza bölgəsində müxtəlif HƏMAS üzvləri İsrail birliklərinə qarşı çox sərt hücumlar həyata keçirib. Bu hücumlar zamanı HƏMAS, əvvəlki illərdə olduğu kimi, müxtəlif zamanlarda çoxlu sayda raket hücumları ilə İsrailin C-RAM sistemi olan “Dəmir Günbəz”i (Iron Dome) aşıb və şəhər mərkəzlərində qorxu yaratmağı bacarıb. Bundan əlavə Yəməndə husilər tərəfindən yüzlərlə kilometr uzaqlıqdan atılan ballistik raketlər və qanadlı raketlər ABŞ-nin dənizdə yerləşən “Aegis” esminesləri, İsrailin “Arrow” anti-ballistik raket sistemi və İsrail döyüş təyyarələri tərəfindən məhv edilib. Yenə müxtəlif mənbələr “David's Sling” sisteminin də bu hadisələr zamanı operativ şəkildə istifadə edildiyini bildirib.

İsrailin HHM quruluşu “Dəmir Günbəz” sistemi ilə illərdir müzakirə edilir. Sistemin təkbaşına İsrailin bütün ərazisini bütün hava təhdidlərindən qoruyan “möcüzə sistemi” olduğu qənaəti ictimaiyyətdə yer tutub. Bununla belə, “Dəmir Günbəz” İsrailin HHM sistemində hələ ən aşağı təbəqəni təşkil edən C-RAM sistemidir.

Bu çərçivədə İsrailin HHM arxitekturası İsrail Raketdən Müdafiə Təşkilatı (Israel Missile Defense Organization-IMDO) tərəfindən hazırlanır. Sözügedən arxitekturanın idarə edilməsi İsrail Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən müxtəlif HHM sistemlərinin inteqrasiya olunduğu mərkəzi, təkmil komanda-idarəetmə strukturu vasitəsilə həyata keçirilir. Bu yazıda İsrailin əsasən aşağı və orta hündürlük üçün nəzərdə tutulmuş 3 HHM sisteminə qısa da olsa nəzər salacağıq.

FIM-92 “Stinger” və “Machbet”: Çiyindən atıla bilən, bir hərbi qulluqçu tərəfindən istifadə olunan alçaq hündürlükdəki PUA, helikopter, döyüş təyyarəsi və qanadlı raketlərə qarşı təsirlidir. FIM-92 “Stinger” ABŞ istehsalı olan çiyindən atılan HHM sistemi (MANPADS) olaraq dizayn edilib, helikopter, təyyarə, PUA və qanadlı raketlər kimi alçaq hündürlükdəki hədəflərə qarşı istifadə edilə bilər. Raket hədəfin yaydığı infraqırmızı və ultrabənövşəyi şüaları izləyən axtarış qurğusu ilə təchiz edilib. 1981-ci ildə istifadəyə verilən “Stinger” 25-dən çox ölkədə istifadə olunur. Raketin çəkisi 10,1 kq, uzunluğu 1,52 m, çapı isə 70 mm-dir. Raket 2,54 “Mach” (750 m/s) sürətə çata bilir və 4,8 km mənzilə malikdir.

“Machbet” M163 VADS sistemi əsasında İsrail tərəfindən hazırlanıb. M61 “Vulcan” topundan əlavə, sistemə “Stinger” raketlərini inteqrasiya edib. Xarici radarlardan məlumat ala bilən sistem bu sayədə görmə xəttindən kənarda daha uzun məsafələrdən təsbit edilən hədəflər üçün daha çox hazırlıq müddətinə malikdir. 4 ədəd “Stinger” raketi daşıyan sistem daşıdığı kamera sistemləri ilə hərbi qulluqçuların istifadə etdiyi “Stinger” raketlərindən daha dəqiq atış sürəti təqdim edə bilir.

“Dəmir Günbəz”: Artilleriya, Minaatan və Raket Əks Tədbir Sistemi (C-RAM) kiçik raketlərə, minaatanlara və artilleriya sursatlarına, həmçinin qanadlı raketlərə, PUA və helikopterlərə qarşı effektiv nöqtə HHM sistemidir.

Keçmişi təxminən 20 il əvvələ dayanan “Dəmir Günbəz” sistemi İsraillə Fələstin arasında sülhün əldə olunmaması və daha sonra İsrailin HƏMAS-a qarşı həyata keçirdiyi əməliyyatların şiddətlənməsi nəticəsində sonuncunun yerli olaraq (bölgədəki İsrailə qarşı olan aktorların dəstəyi ilə) istehsal etdiyi və/və ya tədarük etdiyi 122 mm-lik, yaxud müxtəlif çaplardakı sərbəst uçuş (ballistik uçuş) yerinə yetirən raketlər ilə cavab verməsi nəticəsində İsrailin “Rafael” firmasının rəhbərliyi altındakı çoxlu sayda şirkət tərəfindən hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HHM  


Bizi "telegram"da izləyin