Niderland məhkəməsi İsrailə F-35 qırıcılarının hissələrinin ixracını bloklayan qərar çıxarıb

2024/01/1705899695.jpg
Oxunub: 153     15:16     12 Fevral 2024    
Niderlandın apellyasiya məhkəməsi hökumətin İsrailə F-35 qırıcı təyyarələrinin hissələrinin ixracını bloklamaq barədə qərar çıxarıb.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, məhkəmə bu hissələrin İsrailin Qəzzaya qarşı müharibəsində istifadə olunduğunu, bununla da beynəlxalq hüququn pozulduğunu bildirib.

"İxrac edilən F-35 hissələrinin beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında istifadə edilməsi riskinin açıq-aşkar olduğu danılmazdır", - məhkəmə bildirib.

Apellyasiya məhkəməsi dövlətin 7 gün ərzində əmri yerinə yetirməli olduğunu və hökumət vəkillərinin Ali Məhkəməyə müraciət zamanı sərəncamın dayandırılması tələbini rədd etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl aşağı instansiya məhkəməsi Niderland hökumətinə F-35-lərin müharibə qanunlarının pozulmasına "töhfə verdiyi" barədə xəbərdarlıq etsə də, ixracı dayandırmağı əmr etməkdən imtina etmişdi. Məhkəmə silah ixracı ilə bağlı qərar verərkən siyasi məsələlərdə dövlətin böyük azadlığa malik olduğunu bildirmişdi. Lakin siyasi və iqtisadi narahatlıqların müharibə qanunlarının pozulması riskindən üstün olmadığını bildirən apellyasiya məhkəməsi bunu rədd edib.

Apellyasiya məhkəməsi həmçinin bildirib ki, F-35-lərin Qəzzaya hücumlarda istifadə edilməsinin qəbuledilməz mülki itkilərə səbəb olması ehtimalı var. O, Niderland dövlətinin ixrac üçün icazə ilə bağlı yeni yoxlama aparmalı olmadığına dair arqumentini rədd edib.

Niderland ABŞ-a məxsus F-35 hissələrinin bir neçə regional anbarından birinə sahibdir və bu anbardan qırıcıların hissələri onları tələb edən ölkələrə göndərilir. Bildirilir ki, ötən il baş verən 7 oktyabr hücumlarından (HAMAS və İsrail-red.) sonra ən azı bir dəfə İsrailə Niderlanddan hissələr göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   İsrail  


Bizi "telegram"da izləyin