Yeni Zelandiya hökuməti AUKUS çərçivəsində Avstraliya ilə əməkdaşlıq edəcək

2024/02/nUCLE-1706950587.jpg
Oxunub: 225     16:54     03 Fevral 2024    
Yeni Zelandiya hökuməti AUKUS çərçivəsində müdafiə texnologiyalarının Avstraliya ilə paylaşıla biləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marles və Yeni zelandiyalı həmkarı Cudit Kollinz Melburnda keçirilən görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış ediblər.

Marles Yeni Zelandiyanın Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlara sahib olmasını şərtləndirən AUKUS Müqaviləsinə qoşulmasını təmin etmək üçün bu il qonşu ölkəyə nümayəndə heyətinin göndəriləcəyini bildirib.

Yeni Zelandiya 1987-ci ildə nüvə silahı olan gəmilərin və sualtı qayıqların limanlarına daxil olmasını qadağan edən qanun qəbul edib.

2023-cü ilin dekabrında Yeni Zelandiyanın müdafiə naziri Kollinz ölkəsinin AUKUS-un ikinci mərhələsinə daxil ola biləcəyini və bunun ölkənin nüvə texnologiyalarına qarşı çıxmasına zidd olmayacağını bəyan edib.

Eyni ayda avstraliyalı həmkarı Antoni Albanese ilə görüşən Yeni Zelandiyanın Baş naziri Kristofer Lukson ölkəsinin AUKUS-un ikinci mərhələsinə qatılmaq istədiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zelandiya   AUKUS  


Bizi "telegram"da izləyin