Aİ Qırmızı dənizə freqatlar göndərəcək

2024/01/1705997027.jpg
Oxunub: 350     16:55     23 Yanvar 2024    
Avropa İttifaqı (Aİ) Qırmızı dənizdə, Yəmən sahillərində ticarət gəmilərini husilərin hücumlarından qorumaq üçün bölgəyə freqatlar göndərməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 üzv ölkənin səfirlərinin iştirakı ilə Brüsseldə keçirilən iclasında Qırmızı dənizə hərbi missiya göndərilməsi ilə bağlı razılıq əldə olunub.

Qırmızı dənizdə ABŞ gəmisinə hücumdan sonra Yunanıstan yük gəmisi yanvarın 16-da Yəmən sahillərində husilər tərəfindən raketlə vurulub. Hadisədən sonra Aİ səfirləri Brüsseldə görüş keçirib.

Siyasi və Təhlükəsizlik Komitəsinin iclasında Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borelin ötən həftə dediyi “Qırmızı dənizə üç freqat göndərilməsi” təklifi təqdim edilib.

Bildirilib ki, görüşdə belə bir hərbi missiyanın yaradılması və Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı sürətli addımların atılması barədə ümumi razılıq əldə olunub.

Belçika mətbuatının yazdığına görə, Brüsselin ilk variantı Cozep Borelin Aİ adından bölgəyə üç freqat göndərməklə öz missiyasını işə salmasıdır.

Digər variant isə Fars körfəzi ilə Oman körfəzi arasında Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Aİ-nin 2020-ci ildə başlatdığı “Agenor” Əməliyyatını genişləndirməkdir.

Belçika, Fransa, İtaliya, Almaniya və Niderland da daxil olmaqla 9 Avropa ölkəsi əməliyyatı dəstəkləyir. Nəzərdə tutulan son variantın bölgədəki Fransa qüvvələrinə qoşulmaq olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin