Vətənpərvər gənclərimiz parlaq gələcəyin təminatıdır

2023/12/0192f-5111092803.jpg
Oxunub: 137     15:59     12 Fevral 2024    
Gənclik millətin inkişafının təməl daşıdır. Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır. Bu baxımdan ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.

Gənclərimizin vətənpərvərlik tərbiyəsinin, Vətənə xidmət anlayışının düzgün dərkində daha böyük aktuallıq tam orta məktəblərdə tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin üzərinə düşür. Gənclərin çağırışaqədərki hazırlığı gənclərin Silahlı Qüvvələrdə xidmətəqədərki hazırlığının tərkib hissəsidir. Bu fənn məzmun etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, Hərbi Nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə yaxından tanış edir, fiziki və psixoloji cəhətdən hərbi xidmətə hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olduğuna inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri də inkişaf etdirir.

Bülbülə qəsəbəsindəki Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbdə də bu istiqamətdə aparılan işlər təqdirəlayiqdir. Vətən müharibəsi döyüşləri, döyüşlərin taktikası dünyanın inkişaf etmiş ölkələri tərəfindən öyrənilir, bu, gənc nəslin ordu həyatına hazırlanmasında başlıca istinadlardandır.


Məktəbdə "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini ehtiyatda olan kapitan Elməddin Həsənov tədris edir. Hərbi hazırlıq dərslərinin ehtiyata buraxılmış zabitlər tərəfindən tədris edilməsi əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər şagirdlərə hərbi vətənpərvərlik hisslərini daha keyfiyyətli səviyyədə aşılayırlar. Ehtiyatda olan kapitan bildirdi: "Bizim ən ümdə vəzifəmiz hər bir gənci orduya, Vətənə xidmətə hazırlamaqdır. Gəncləri psixoloji baxımdan hərbi həyata hazırlamağın məsuliyyətini dərk edirik. Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyətlərini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk edir. Gənclər Hərbi Andın tələblərini, Hərbi Nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət şəraiti ilə tanış olurlar. Nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnməklə yanaşı, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənirlər".

Fənnin tədrisində şagirdlərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizamnamələri hərbi qulluqçuların ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və davranış qaydalarının öyrədilməsi də nəzərdə tutulur.

- Xalqını, millətini sevib özünü Vətəninin bir parçası bilən hər bir kəs üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir, - deyən Aprel döyüşlərinin iştirakçısı olan Elməddin müəllim həmçinin qeyd etdi ki, müəllim adını daşıyanların yaşam amalı cəmiyyətimizə, xalqımıza dəyərli vətəndaşlar hazırlamaqdır. Keçən dərslərimizdə biz şagirdlərlə sıra təliminin xüsusiyyətlərinə əsasən, sıra və onun elementləri, müxtəlif üsullarla sıranın idarə olunması, sıra duruşu və komandaların yerinə yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə, sıradan çıxma və sıraya qayıtma, rəisə yaxınlaşma və uzaqlaşmanı öyrənmişik. Taktiki hazırlıq bölməsində silahların məhvetmə imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah olunur. Mövzuların tədrisi zamanı yeni təlim metodlarından, üsullarından istifadə etməklə izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir, şagirdlər elementləri əvvəlcə tək-tək, sonra manqalar və yaxud taqım şəklində yerinə yetirirlər. Orduda xidmət etmiş bir zabit kimi deyə bilərəm ki, "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini mənimsəmiş gənclər hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi xidməti ilə digər hərbi qulluqçulardan seçilirlər.

Müəllimin deyir ki, Vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad olunması, ordu quruculuğunda aparılan islahatlar və qazanılan uğurlar, bu günün əsgərlərinin düşmənə qətiyyətli cavab verməsi sabahın əsgərlərinin vətənpərvərlik ruhunu artırır, onlarda hərbi həyata güclü maraqla yanaşı, istək də yaradır.
Gənclərin çağırışaqədərki hazırlıq kabineti pilot layihə kimi Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanıb, bütün zəruri vəsaitlərlə təmin olunub. Kabinetdə hərbi nizamnamələr, silah və sursatlar haqqında məlumatlar, geyim formaları, gündəlik hərbi həyatda istifadə olunan əşyalar da yer alıb.

Kabinetdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır" və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını sevən gənclikdir" kəlamları diqqətimdən yayınmadı.

Virtual trenajor otağında silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı "Kalaşnikov" tipli avtomat ilə yanaşı, patronlar haqqında da biliklərin verilməsi nəzərdə tutulur. Fənnin tədrisi qarşısında duran ən mühüm tələblərdən biri olan atəş tapşırığının yerinə yetirməsi vərdişləri burada formalaşdırılır.

Dərsin mövzusu "Qarnizon və qarovul xidmətləri nizamnaməsi" idi. Dərsin gedişini izləyəndə şagirdlərin necə həvəsli olmalarının, bu fənnə sevgilərinin canlı şahidi oldum.

Dərs bitdikdən sonra şagirlərlə söhbət etdim. Anar Məmmədzadə Vətənimizin var olması üçün canından keçərək müqəddəs zirvəyə ucalan şəhid adını daşıyan məktəbdə təhsil aldığı üçün fəxr duyduğunu bildirdi.
Vətən müharibəsi zamanı şəhadətə ucalan Azərbaycan əsgərlərini xatırlayan İsmayıl Səlimzadə deyir ki, torpağı qan ilə suvaran oğulların sayəsində biz gənclər firavan yaşayıb təhsil alırıq. Bütün şəhidlərin qarşısında ehtiramla baş əyirik...

İradə Süleymanova və Nuranə Yusubova ordumuzun xalqımıza yaşatdığı qələbə sevincindən söz açdılar, bu qalibiyyətin ordumuzun gücünü bütün dünyaya sübut etdiyindən, Vətən torpağının hər qarışını canından əziz bilən qəhrəman oğullarımızın həyatının gənc nəslə nümunə olmasından danışdılar. "Vətənə can fəda etmək üçün oğul-qız olmağın fərqi olmur. Biz də bu Vətənin övladlarıyıq..."


Anar İsfahanlının qardaşı Vətən müharibəsi iştirakçısıdır. O, qardaşının timsalında torpaqlarımızı azad edənlərlə fəxr etdiyini deyir.

"Aslanın erkəyi dişisi olmaz", - deyən Rüqəyya Novruzovanın isə ən boyuk arzusu qalib ordumuzun sıralarında hərbi mundir geyinərək Vətənə xidmət etməkdir.

Güləş üzrə Respublika birinciliyinin qalibi olan Rəfayıl Dərdayılov Rusiya Federasiyasında və İran İslam Respublikasında keçirilən turnirlərdə birinci yeri tutub. "Bundan sonrakı həyatımda da hər an Vətənim Azərbaycanın adını yüksəklərə ucaltmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyir.

Feyzulla Əbdülməmmədov mühəndis kimi Vətənimizin işğaldan azad olunan şəhər və kəndlərinin yenidən qurulmasında iştirak etmək arzusundadır.

"Vətəninə, xalqına bağlı olan kəs hər an Vətəninin gələcəyinə necə bir töhfə verəcəyini düşünməlidir", - deyən Aylin Əhmədova da yoldaşının fikrini dəstəklədi.

Fərid Dəmirzadə, Anar İsfahanlı və Fatimə Ələkbərli vurğuladılar ki, "Biz gənclər çiyinlərimizdəki böyük məsuliyyətin fərqindəyik. Vətənimizin, dövlətimizin bizdən gözləntiləri böyükdür. Biz də bu etimadı doğruldacağıq".

Digər şagirdlər də bildirdilər ki, Vətənimizin adını uca tutanları özlərinə örnək hesab edirlər. Azərbaycan gənclərinin vətənpərvər ruhda formalaşması üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılıb. Biz də bu durumdan istifadə edərək Vətənimizin layiqli vətəndaşları olacağıq.

"Gənclərin çağırışaqədərki hazırlığı" fənni ilə tanışlıqdan sonra məktəblilərdən xoş təəssüratlarla ayrıldıq. Onların gələcək həyatlarında Vətəninə, millətinə layiqli övlad olmaq istəyi qürurvericidir. Gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə rəğbət ruhunda tərbiyə olunması sabahımızın etibarlı gələcəyindən xəbər verir.

Günay Tağıyeva, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vətənpərvər-gənclər   Ordu  


Bizi "telegram"da izləyin