Sən başını dik tut, şəhid anası! Sən oğluna öyrətdin övlad sevməyi, ana sevməyi, Vətən sevməyi...

2023/12/845f0-1703340191.jpg
Oxunub: 7897     12:29     12 May 2024    
Salam, şəhid anası, anam, anamız. Məni də özünə övlad bil. Sənə baş çəkməyə gəlmişəm. Getməzdən əvvəl oğlun "anama göz-qulaq olun", - demişdi...

Axan göz yaşını da görən olmayıb - göz yaşların ürəyinə axıb o getdiyi gündən. Əminsən. Qəhrəman böyütmüşdün, onun qayğısına qala-qala ocağın istisi əllərini yandırıb, qışın şaxtası - üşüdüb. Quzeyin soyuq küləyini ciyərlərinə çəkmisən. Öyüd-nəsihət verəndə, "Əsl sevgin Vətən olsun, xalq olsun!", - demisən.

Əllərindən öpürəm, əziz anamız. Xalqını zəfərə oğullar yetirdi - sizin öyüdləriniz yetirdi, siz yetirdiniz. Düşmənə meydan oxuyan, torpağı yağıdan təmizləyənlərin sırasında sənin oğlun da olub. Oğlun elə bir zirvədədir ki, o yüksəklik, o zirvə müqəddəslikdir.

Həyatın dəyərini bilən, onu qiymətləndirməyi bacaran insanlar ölümü də dəyərləndirməyi bacarırlar. Peyğəmbərimiz Məhəmməd Mustafa (s.v.) buyurub: "Hər canlı bir gün ölümü dadacaqdır. Lakin torpaq, Vətən, haqq uğrunda canlarından keçib bir qarış torpaq belə düşmənə verməyənlər, haqq uğrunda bədənlərini kor mərmiyə sipər edənlər "ölmür", onlara "ölü" demirik. Onlar şəhiddirlər. Allah qatında şəhidlər cənnətlə mükafatlandırılıb".

Sən başını dik tut, şəhid anası. Necə ki, bacarırsan uca olmağı, ülvi olmağı bacaran ana. Sən Azərbaycan qadınısan!

Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında dediyi fikirləri heç kim unutmur: "Dünyanın yarıdan çoxunu gəzdim. Çox insan tanıdım. Çox qadın gördüm. Lakin Azərbaycan qadını qədər gözəl, ağıllı, mərd, cəsur qadın görmədim".

Dahi rəhbərin kəlamının təcəssümünü səndə görürəm. Səndə görürəm Azərbaycan qadınının mərdliyini, qürurunu, cəsarətini.

Sən oğluna öyrətdin övlad sevməyi, ana sevməyi, Vətən sevməyi. Buna görə sevdiklərindən də üstün tutdu torpaq, Vətən sevgisini.

Vaxtsız ağaran saçlarının haqqını halal et bizə. Təravətli üzünə erkən düşmüş qırışın haqqını halal et bizə. Tez-tez gözünü naməlumluğa dikəndə, çəkdiyin ahın haqqını halal et bizə. Əynindən çıxarmadığın qara libasın sıxıntısını halal et bizə.

Fələyin yazdığını poza bilsəydim əgər, başındakı qara örpəyi, qırmızı örpəklə əvəzləyərdim.

Fələyin yazdığını poza bilsəydim əgər, saçlarındakı bəyazların rəngini dəyişərdim, oğulunu oxşayıb-əzizlədiyin vaxtların rənginə qaytarardım.

Şəhid anası dərdini içində çəkər. Fələyin yazdığını poza bilsəydim əgər, dərdini səndən alar, ahını dağlara-daşlara səpələyərdim.

Fələyin yazdığını poza bilsəydim əgər, Günəşini sənə qaytarardım. Sənin Günəşin oğlundu...

Sizin böyütdüyünüz oğullar on milyonluq xalqın taleyində qəhrəmanlıq obrazına çevrildilər, siz - qürur və ucalıq rəmzinə.

Xatırlayırsanmı, ana, ona tarix dərsini necə sevgilərlə öyrədirdin. Bilmirdin o zaman tarixi dərsliklərdən oxuyan oğulun, bir gün xalqın şanlı tarixini özü yazacaq.

Şuşa kimi alınmaz qalanı düşmən tankla, texnikayla ələ keçirmişdi. Sənin oğlun Şuşasını qeyrət silahıyla, şücaət silahıyla, azərbaycançılığıyla azad elədi. Ona igidliyin, qorxmazlığın silahda, sursatda deyil, ürəkdə, biləkdə olduğunu sən aşılamışdın...

Əllərindən öpürəm, şəhid anası, anamız. Baş əyirəm qarşında. Yanındayam. Ələmini-kədərini qoy çiyinlərimə, qəhərin mənim qəhərimdi. Təbəssümünü, baharını gətir 30 illik həsrət çəkən torpaqlara. 30 illik çiləyə, 30 illik səbrə son qoyuldu.

Nuray Nəzərova, Bakı şəhəri
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Şəhid  


Bizi "telegram"da izləyin