“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Mərkəzi ziyarət olunub

2023/12/cd3ec-1701937985.jpg
Oxunub: 3622     15:14     09 Dekabr 2023    
Ulu Öndər Heydər Əliyev Vətənimizin tarixində müstəsna yeri olan tarixi şəxsiyyətdir. Onun həyatı, fəaliyyəti həmişə doğma xalqına, Vətəninə bağlı olmuşdur. Keçmiş sovet hakimiyyəti illərində dünya şöhrətli dövlət xadimi uzaqgörənliyi ilə ölkəmizdə genişmiqyaslı quruculuq işləri həyata keçirmişdir. İqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atmışdır. Azərbaycanlı gənclərin xarici ölkələrdə, ali hərbi məktəblərdə təhsil almalarına həmişə böyük diqqət yetirmişdir. Azərbaycanda ali hərbi təhsil sisteminin yaradılması da onun adı ilə bağlıdır. SSRİ-nin rəhbərliyində işlədiyi müddətdə də həmişə ölkəmizə böyük diqqət yetirmiş, xalqını, Vətənini düşünmüşdür.

Bütün bunlar barədə "Heydər Əliyev İli" çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan, əməliyyat tədbirlərində fəal iştirak etmiş əsgərlərin Gəncə şəhərində Heydər Əliyev Mərkəzinə ekskursiyaları zamanı ətraflı danışılmışdır. Mərkəzin əməkdaşları 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev İli" elan edilməsinin hər yerdə böyük rəğbətlə qarşılandığını bildirdilər.

İyirminci yüzillikdə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyə, müstəqilliyə qarşı olan təhlükələr, hakimiyyətsizlik, Vətənimizə qarşı başlanan elan olunmamış müharibə böhranlı vəziyyət yaratdı. Erməni qüvvələri tərəfindən torpaqlarımız işğala məruz qaldı. İyirmi faiz ərazilərimiz onların nəzarətinə keçdi. Belə ağır, mürəkkəb şəraitdə xalqımız geniş və zəngin dövlətçilik təcrübəsinə malik, xalqına, Vətəninə xidməti həyatının mənası hesab edən dövlət xadimi Heydər Əliyevə üz tutdu...

Azərbaycan xalqının tarixinə möhtəşəm Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü il ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu.

1995-ci ilin 12 noyabrında Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil dövlətimizin tarixində mühüm sənəd olan Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Müstəqil dövlətimizin Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi.

Müstəqilliyin, dövlətçiliyin əsası olan ordu quruculuğuna xüsusi diqqət yetirildi. Azərbaycan Silahlı Qüvvələri yeni dövrün tələbləri əsasında formalaşmağa başladı. Vahid komandanlıq yaradıldı. Çox keçmədi ki, Silahlı Qüvvələrimiz düşmənə qarşı keçirdiyi döyüş əməliyyatı ilə 1994-cü ildə Füzuli bölgəsində kənd və qəsəbələri işğaldan azad etdi. 12 may 1994-cü ildə atəşkəs müqaviləsi imzalandı. Bundan sonra ordu quruculuğuna daha çox diqqət ayıran Ulu Öndər qətiyyətlə bildirdi ki, "Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var". Müasir Azərbaycan Ordusunun yaradılması və qurulması da onun adı ilə bağlıdır.

Azərbaycan xalqının Ümummilli Liderinin həyata keçirdiyi böyük islahatlar müasir dövrün tələbləri səviyyəsində onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən böyük fədakarlıqla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqın dəstəyi ilə Prezident seçildikdən sonra onun əsas məqsədi, məramı işğal altında olan Vətən torpaqlarının azad ediməsi olmuşdur. Böyük maneələrə, təzyiqlərə, çətinliklərə baxmayaraq o, beynəlxalq hüquqa, qayda-qanunlara əsaslanaraq Azərbaycan dövlətinin, xalqının haqlı mövqeyini qətiyyətlə müdafiə etmiş, qarşı tərəfə münaqişənin ədalətlə və sülh yolu ilə həll etməyin vacibliyini dəfələrlə bildirmişdir. Ancaq havadarlarına arxalanan düşmən qüvvələri sülh çağırışlarına məhəl qoymadılar. Yeni torpaqlar işğal etmək iddialarını gizlətmədilər. Dəfələrlə ərazilərimizdə təxribatlar və böyük hərbi cinayətlər törətdilər. Bu təxribatlar nəticəsində hərbçilərimiz, mülki vətəndaşlarımız həlak oldular. 2020-ci ilin 27 sentyabrında olan düşmən hücumlarına qarşı Ali Baş Komandan tərəfindən əks-hücum əmri verildi.

Ermənistan ordusunun qalıqları Qarabağ ərazisində qalmaqda davam etdilər, yenə də təxribatlar törətdilər. 19 sentyabr 2023-cü ildə ordumuz tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı düşmən ağ bayraq qaldıraraq təslim olduğunu bildirdi. Çoxlu sayda silah-sursat, texnika Azərbaycan Ordusu tərəfindən qənimət kimi götürüldü. Bununla da ölkəmizin suverenliyi tam təmin olundu. İndi ölkəmizin hər yerində dövlətçiliyin, müstəqilliyin rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə bildirirdi ki, vaxt gələcək qürur mənbəyimiz olan üçrəngli bayrağımız Şuşada, Ağdamda, Xocalıda, Əsgəranda, Ağdərədə, Laçında, Cəbrayılda, Xocavənddə, Kəlbəcərdə, Qubadlıda, Xankəndidə, Füzulidə qaldırılacaqdır. Bütün Azərbaycan xalqı qürur hissi keçirir ki, "hər ölkə vətəndaşının Prezidenti olacağam" deyən dövlət rəhbəri xalqımızın böyük etimadını doğrultdu və Ulu Öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi.

Sonra əsgərlər Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədlər və fotoşəkillərlə yaxından tanış oldular. Vətən müdafiəçiləri Ulu Öndərə bir daha hörmət və ehtiramlarını bildirdilər. Onlar Mərkəzi xoş ovqatla tərk etdilər və xatirə şəkli çəkdirdilər.

Mübariz Musayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin