Birləşmiş Ştatlar başda olmaqla 22 ölkə qlobal nüvə enerjisi potensialını üç dəfə artırmağa söz verib

2023/12/2023--1701679526.jpg
Oxunub: 8480     15:03     04 Dekabr 2023    
ABŞ-nin rəhbərlik etdiyi 22 ölkə 2030-cu ilə qədər qlobal nüvə enerjisi potensialını üç dəfə artırmaq barədə bəyannamə imzalayıb.

Ordu.az xəbər verir ki, bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sədrliyi ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) çərçivəsində keçirilən Ümumdünya İqlim Fəaliyyəti Sammitinin ikinci günündə ölkələr 2050-ci ildə xalis sıfır emissiya hədəfinə nail olmaqda və qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaqda nüvə enerjisinin əsas rol oynadığına işarə edən “Nüvə Enerjisini Üç Dəfə Artırma Bəyannaməsi”ni imzalayıblar.

Qlobal nüvə enerji potensialının üçqat artırılması çağırışlarına ABŞ liderlik edərkən, BƏƏ, Böyük Britaniya, Bolqarıstan, Kanada, Çexiya, Finlandiya, Fransa, Qana, Macarıstan, Yaponiya, Cənubi Koreya, Moldova, Monqolustan, Mərakeş, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç və Ukrayna bəyannaməni imzalayan ölkələr olub.

Bu ölkələr 2020-ci ilə nisbətən 2050-ci ilə qədər qlobal nüvə enerjisi potensialını üç dəfə artırmağı öhdələrinə götürüblər.

ABŞ-nin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri nüvə enerjisinə sərmayələri təmin etmək üçün “trilyonlarla dollar vəsaitin” olduğunu bildirərək, nüvə enerjisi olmadan xalis sıfır emissiya hədəfinə nail olmağın mümkün olmadığını qeyd edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, qlobal nüvə enerjisi gücü 2020-ci ildən bəri heç bir əsas dəyişkənlik olmadan 375 giqavatda qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-enerjisi  


Bizi "telegram"da izləyin