Fransa Senatı SEZAR-ların Ermənistana tədarükü məsələsini mümkün qədər tez araşdırmağı tövsiyə edib (YENİLƏNİB)

2021/11/hj456-1635926113.jpg
Oxunub: 1178     10:33     04 Dekabr 2023    
Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 ədəd “Bastion” zirehli texnikası Ermənistana göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.

Nəşr qeyd edib ki, onların arasında hazırda istehsalda olan eyni tipli daha 26 zirehli texnika əlavə edilməlidir.

Nəşrin məlumatına görə, bu yaxınlarda Ermənistan Fransanın “Thales” şirkətindən 3 ədəd GM2 200 radarının alınması ilə bağlı müqavilə imzalayıb və hazırda MISTRAL 3 zenit-raket sistemlərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

“2023-cü il oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, Fransa 3 ədəd GM 200 radarının satışı və gələcəkdə MISTRAL zenit-raketlərinin tədarükü ilə bağlı müqavilə vasitəsilə Ermənistana Hava Hücumundan Müdafiə (HHM) imkanlarını təkmilləşdirməyə kömək edir. O həmçinin qeyd edib ki, Fransa Ermənistana quru müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi səylərini dəstəkləyəcək”, - deyə nəşr bildirib.

Bundan əlavə, “168.am” nəşri yazıb ki, Fransa Senatı SEZAR artilleriya sistemlərinin effektivliyini və 2024-cü ildə “Nexter”in yeni istehsal güclərini nəzərə alaraq, SEZAR artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsini mümkün qədər tez araşdırmağı tövsiyə edib.

“Fransa Senatının açıqlamasına görə, Ermənistan bu yaxınlarda “Thales”dən 3 ədəd GM200 radar stansiyasının alınmasına dair sərəncam imzalayıb və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr aparılır. Senat onu da qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan 24 ədəd “Bastion” tipli zirehli texnika artıq Ermənistana göndərilib. Bunlara hazırda istehsal olunan eyni tipli daha 26 ədəd zirehli texnika əlavə edilməlidir. Silahların tədarükü ilə bağlı razılaşmalar 2023-cü ilin oktyabrında Parisdə Fransa müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında keçirilən görüşdə əldə olunub”, - deyə nəşr əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin