Bu qürur həmişə yaşanılacaq| Qazanılan qələbələr sonrakı döyüşlərin başlanğıcıdır

2023/12/cf1d4-1701528001.jpg
Oxunub: 239     15:53     06 Dekabr 2023    
Xalqın müharibəsi, xalqın Zəfəri, xalqın qüruru

İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümündə Xankəndidə Hərbi Parad keçirildi. Bu Parad təkcə Zəfərin üçüncü ilini qürurla xatırlama deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının qürurudur. Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş Parad da, Zəfər Paradı da, bu Parad da tarixi paradlardır. Dünya ictimaiyyəti hər birini Azərbaycan dövlətçiliyinin dönməzliyinin paradı bildi.

Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə deyirdi ki, Azərbaycanda ikinci erməni dövləti yaranmayacaq. Bu qətiyyət Ermənistanı niyyətindən daşındırmalı idi. Lakin Ermənistan sülh danışıqlarından yayınır, işğalın müddətini uzatmaq, regionda mövcud status-kvonu saxlamaq istəyirdi. Ermənistan yeni ərazilər işğal etmək üçün dövlət sərhədlərindən də, işğal etdiyi ərazilərdən də Azərbaycanın ərazilərinə hücumlar edirdi, müxtəlif miqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların, bu təxribatların qarşısını qətiyyətlə alırdı.

Düşmənin silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı atıcı silahlardan, artilleriya qurğularından istifadə etməklə genişmiqyaslı təxribat törətmək istədi. Ordu hissələrimiz bunun qarşısını qətiyyətlə aldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu döyüşlər İkinci Qarabağ müharibəsinin - Vətən müharibəsinin başlanğıcı oldu...

Ermənistan işğal etdiyi ərazilərdə müxtəlif səviyyəli mühəndis-istehkam sədləri yaratmışdı. "Ohanyan səddi" adlandırdığı bu sədləri daha da möhkəmləndirirdi, təkmilləşdirirdi. İkinci Qarabağ müharibəsi başlayanda Azərbaycan Ordusu bu sədləri darmadağın etdi, döyüşə-döyüşə mövqe qələbələri qazandı, kəndləri, şəhərləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşa işğaldan azad olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il noyabrın 8-də Xankəndidə keçirilən Hərbi Paradda dedi: "...çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər". Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Böyük Qələbənin ərəfəsi oldu, noyabrın 10-da Rusiyanın fəal vasitəçiliyi ilə üçtərəfli Bəyanat imzalandı, tarixi Zəfər işğalı sonlandırdı...

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Hərbi parad keçirildi. Bu möhtəşəm parad tarixi Zəfər qazanmış orduya dünyəvi ehtiramı tarixləşdirdi. Həmin parad da təsdiqlədi ki, güc, qüvvət, qüdrət və ədalət həmişə məğlubedilməz olub.

Azərbaycan Ordusu 2023-cü il sentyabrın 20-də əməliyyat tədbirləri ilə ərazi bütövlüyümüzü tam bərpa etdi. Dövlət başçımız Xocalıda da, Əsgəranda da, Ağdərədə də, Xankəndidə də Azərbaycanın Dövlət Bayrağını dalğalandırdı...

2023-cü ilin sentyabr döyüşlərindən sonra Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu...

Tarixi Zəfərin üçüncü ilidir. Neçə on illər, yüz illər keçəcək, bu Zəfər həmişə bu ovqatla, bu coşqu ilə qeyd ediləcək. 2023-cü ilin sentyabr döyüşlərindən sonra əsgərlərlə söhbətlərdə yaşadığımız qürur 2020-ci il noyabrın 8-də yaşadığımız qürurun eyni idi. Kəlbəcərdə əsgərlərdən biriinin dediyi kəlmələrdə bir obrazlı düşüncə də vardı: 2023-cü ilin 20 sentyabrında 2020-ci ilin 8 noyabrının ovqatı var. Zəfərin üçüncü ilində həmin söhbəti də xatırlayıram, qalib əsgərlərin əhatəsində yaşanılan anların da tarix olduğuna bir daha əmin oluram.

Noyabrın 8-də Xankəndidə Hərbi Parad keçirildi. Bu paradda iştirak edənlərin qürurunda tarixi Zəfərin qürurunun işığı var idi.

Mayor Sərdar Əliyev:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir fikrini xatırlayıram: "Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik". Bu qətiyyətin davamı Vətən müharibəsi oldu. Vətən müharibəsi Zəfərlə tamamlandı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın qalibiyyətinin, Ermənistanın məğlubiyyətinin hüquqi sənədi idi. Ermənistan bu Bəyanata tam əməl etmədiyinə görə, Kəlbəcərdə, Laçında təxribatlarını davam etdirdiyinə görə Azərbaycan dövləti əməliyyat tədbirləri keçirdi. 2023-cü il sentyabrın 19-da başlayan bu əməliyyat qısa müddətdə başa çatdı, Ermənistan ordusunun dağılmış qalıqları, separatçılar və qeyri-qanuni erməni silahlı dəstələri təslim oldular. Az sonra Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndidə Azərbaycanın Dövlət Bayrağı dalğalandı. Bu Parad Azərbaycan Ordusunun gücünün təsdiqinin paradıdır. Qürurlanıram ki, belə bir tədbirdə mən də iştirak etdim. Bu günün qürurunu Zəfərin qüruruyla qoşa yaşadacam. Bugünkü Paradın qüruru içində xalqımıza deyirəm: Zəfər gününüz mübarək!..

Kapitan Kamal Cavadlı:

- Vətən müharibəsində mən də iştirak etmişəm. Noyabrın 8-ni necə böyük sevinclə yaşadığımızı heç zaman unutmayacağıq. Müharibə iştirakçısı kimi biz də unutmayacağıq, xalqımız da unutmayacaq. Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı qələbə üçün nəsə etmək istəyirdi. Müharibədə mənəvi dəstək də olduqca əhəmiyyətli olur. Döyüşçülər kürəyində xalqın nəfəsini hiss edirdilər. Ona görə daha əzmlə, daha böyük qələbə ruhu ilə döyüşürdülər. Qazanılan mövqe qələbələri xalqın döyüşçülərə inamını artırırdı. Bu inam Qələbə idi.

Vətən müharibəsində döyüşçülərimiz hər döyüşü son döyüş bilib döyüşürdülər. Belə əzm, belə ruh döyüşçülərimizi qələbəyə ruhlandırırdı. Müqavimət əzmi, silahlı birləşmələri dağılmış, qurduğu sədlər darmadağın olmuş düşmən geri çəkilirdi. Kəndlərimiz işğaldan azad ediləndə döyüşənlərimizin qələbə ruhu daha da coşurdu. Bilirdik ki, bu, xalqımızın yaşadığı ən gözəl günlərdir. Daha gözəl gün müharibənin başa çatacağı gün olacaq. Hamımız həmin günün tezləşməsi üçün döyüşürdük.

Xankəndidə keçirilən Paradda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ordu quruculuğunun dövlət üçün həmişə prioritet olduğunu qeyd edərək bildirdi: "İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq". Paradın digər iştirakçıları kimi bu fikirlər məni də qürurlandırdı. Mən də ordumuzun bu gününün gücü ilə fəxr edir, sabahkı gücünün daha çox olacağına əmin oluram.

Hərbçi taleyimdən razıyam ki, döyüşlərdə iştirak etmişəm, belə bir möhtəşəm tədbirin həm iştirakçısı olmuşam, həm də izləyicisi. Hansı daha qürurludur, iştirakçı olmaq, yoxsa izləyici? Məncə, hər ikisi. Hər ikisi ayrılıqda da gözəldi. Azərbaycan dövlətçiliyində olduqca əhəmiyyətli olan bu tarixi gün münasibətilə hamını təbrik edirəm...

Baş leytenant Murtuz Rüstəmli:

- Digər hərbi qulluqçular kimi, mən də 2020-ci ilin sentyabrına qədər Ali Baş Komandanın döyüş əmrini arzulayırdım. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Mənim xidmət etdiyim hərbi hissə də döyüşlərə cəlb olundu. Müharibədə zabit də döyüşçü olur. Düşmənin sədlər darmadağın ediləndə, ilkin mövqe qələbələri qazanılanda digər döyüşçülər kimi, mən də Qələbə gününün tezləşməsini arzulayırdım. Bu arzulama daha qətiyyətlə döyüşmək idi. Biz də qazanılan qələbələri sonrakı döyüşlərin başlanğıcı bilirdik.

Döyüşçülərdən biri şəhid olmuşdu. Onda onlar qətiyyətlə bildirdilər ki, şəhidimizi də sıramızda bilib döyüşəcəyik. Növbəti döyüşü onun ruhuna gözaydınlığı döyüşü bilib döyüşdük. Mühüm mövqe qələbəsi qazandıq. Sonrakı döyüşlərimizi bütün şəhidlərimizin ruhuna ad elədik. Komandirlərimiz niyyətimizi dəstəklədilər...

Tarixi Zəfər qazandıq. O Zəfərin davamı 2023-cü il sentyabrın 19-da keçirilən əməliyyat tədbirləri oldu. Bu gün ərazi bütövlüyümüzün tam bərpa olunmasının sevincini yaşayırıq. Bu sevinc içində Xankəndidə Hərbi Parad keçirildi. Bu Paradda mən də iştirak etdim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Paradda dedi: "Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, 8 Noyabr kimi". Bu qüruru Paradda yaşamaq necə xoş oldusa, Parad haqqında danışmaq da elə xoşdur. Mən bu xoş ovqatı ömrümün ən dəyərli günlərindən biri hesab edirəm. Bütün Parad iştirakçılarını, ordumuzun şəxsi heyətini, xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm...

Baş leytenant Kənan Yusifli:

- Vətən müharibəsi xalqımızın müharibəsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndidə keçirilən Hərbi Paradda bu Zəfəri ən böyük tarixi hadisə adlandırdı. Bu Zəfərin qüruru təkcə Azərbaycanda yaşanılmadı, Azərbaycana ehtiramı olan bütün dövlətlərdə yaşanıldı. Bu qürur həmişə yaşanılacaq.

Dövlət başçımız Xankəndidə Paradda dedi: "Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir". Bu fikirlər ordu gənclərinin, ümumən gənclərin həyat fəlsəfəsi olacaq. Mən bu Paradın iştirakçısı kimi xidmət yoldaşlarımla söhbətlərimdə Parad təəssüratlarımı danışanda bu fikirlərdən də söz açacam.

Həm 2020-ci ilin 8 Noyabrına, həm 2023-cü ilin 20 Sentyabrına, həm də 2023-cü il Noyabrın 8-də Xankəndidə keçirilən Hərbi Parada görə xalqımızı təbrik edirəm...

Xankəndidə keçirilən Hərbi Parad ədalətin bərpasının paradı kimi tarixləşdi. Ədaləti qüdrətli Azərbaycan Ordusu bərpa etdi. İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş taktikası dünya hərb tarixində yenilik kimi müxtəlif ali hərbi məktəblərin dərsliklərinə salınıb. Qərbin bir sıra mətbu orqanlarında, eləcə də ABŞ-ın bir sıra analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilir. Bugünkü Parad həm də bu marağın, bu ehtiramın Paradı oldu...

Zəfər günü Xankəndidə keçirilən Hərbi Parad dövlətçilik paradı idi...

Mayor Məhəmməd Nəsirli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tarixi-Zəfər-Günü   Ordu  


Bizi "telegram"da izləyin