Bir tankın iki məkanı| Ermənilərin “qələbə” simvolu Hərbi Qənimətlər Parkında

2023/12/784fe-1701377521.jpg
Oxunub: 7829     14:32     11 Dekabr 2023    
1988-ci ildə Ermənistanda baş qaldıran mitinqlərdən sonra orada yaşayan azərbaycanlıların deportasiyası başlandı. Xankəndidə ermənilər Azərbaycan Respublikasının rəhbərliyinə tabe olmaqdan imtina etdilər. Sonra hadisələr daha da kəskin xarakter aldı. Ermənilər havadarlarından silah və döyüş texnikaları almağa başladılar. Onlar Qarabağda və Ermənistanda yerləşən Sovet hərbi hissələrindən aldıqları silahlarla azərbaycanlıların yaşadıqları kəndlərə, qəsəbə və şəhərlərə basqınlar edir, dinc insanları qətlə yetirərək evləri yandırırdılar. Daşnaklar zirehli döyüş texnikalarının köməyi ilə Daşaltı, Qaradağlı, Xocalı faciələrini törətməkdən çəkinmədilər. Dinc, əliyalın azərbaycanlılara qarşı hərbi əməliyyatlarda istifadə etdikləri 442 nömrəli tankı xüsusi olaraq əzizləyirdilər. Şuşaya hücumdan əvvəl düşmən həmin tanka güvənirdi və hər dəfə ona böyük sevgiylə baxırdılar. Azərbaycan xalqının qəhrəman oğlu Albert Aqarunov açdığı ilk atəşlə həmin tankı məhv etdisə də, Birinci Qarabağ müharibəsindən sonra ermənilər yanmış 442 nömrəli tankı təmir edərək "Qələbə simvolu" olaraq Şuşa-Xankəndi yolunun üzərindəki təpədə yerləşdirmişdilər.

Albertin dəqiq atəşi

Ermənilər Qarabağı Ermənistana birləşdirmək üçün Azərbaycana qarşı elan olunmamış müharibəyə başlamışdılar. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın təkcə Ermənistan və Qarabağ ətrafında yerləşən rayonlardan deyil, ölkəmizin hər yerindən doğma Qarabağımızı qorumaq məqsədilə könüllülər cəbhəyə yola düşürdülər. Onlardan biri də milliyyətcə yəhudi olan Bakı şəhərində doğulub boya-başa çatan tankçı Albert Aqarunov idi. Albert doğma Vətəni Azərbaycanı qorumaq məqsədilə yadelli düşmənə qarşı döyüşmək üçün Qarabağın tacı sayılan Şuşaya gəlmişdi. 1992-ci ildə Şuşanın müdafiəsində vuruşan Albert tankla düşmən hücumlarının qarşısını alırdı. Böyük şücaət və qəhrəmanlıqlar göstərirdi. Nə qədər acı olsa da, qeyd etməliyəm ki, o zaman ermənilər həm təbliğat, həm də hərbi güc baxımından bizdən üstün idilər. Azərbaycanın haqq səsini eşidən olmadığı üçün cəbhədə də məğlubiyyət qaçılmaz olmuşdu. 1992-ci il mayın 8-də ermənilərin Şuşaya sonuncu hücumu oldu. Bütün döyüşlərdə öndə gedən düşmənin 442 nömrəli tank yağılara Şuşanı da işğal etməyə ruh verdi. Şuşa şəhərinə daxil olmaq üçün düşmən tankdan bir neçə dəfə atəş açmışdı. Ermənilər onun qarşısına çıxacaq cəsur tankçımızdan xəbərsiz idilər. Şuşa şəhərinə daxil olmağa az qalmış ermənilərin "Qələbə simvolu"nu - 442 nömrəli tankını məğrur döyüşçümüz Albert Aqarunov elə yarı yoldaca vuraraq sıradan çıxartdı. Buna baxmayaraq, həmin gün düşmən Şuşanı işğal etdi.

Bir tankın iki məkanı

19 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarına və qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı əməliyyatlar həyata keçirdi. Uğurlu əməliyyat nəticəsində düşmən ağ bayraq qaldırdı. Bir neçə gün sonra ermənilərin "qələbə rəmzi" olan 442 nömrəli tank ərazidən götürülərək İkinci Qarabağ müharibəsindən sonra yaradılan Hərbi Qənimətlər Parkına gətirildi.

İndi Hərbi Qənimətlər Parkına ziyarətə gələnlər ermənilərin "Qələbə simvolu"na nifrətlə baxırlar. Hazırda bu tank ermənilərin "qələbəsinin" yox, məğlubiyyətinin simvoluna çevrilib.

Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Qənimətlər-Parkı   Qələbə  


Bizi "telegram"da izləyin