Ukrayna ATƏT-in XİN başçılarının iclasında iştirak etməyəcək

2023/11/6565d-1701173942.jpg
Oxunub: 303     16:00     28 Noyabr 2023    
Ukrayna nümayəndə heyəti ATƏT-in Skopyedə xarici işlər naziri səviyyəsində keçiriləcək toplantısında iştirak etməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İclasa qatılmama səbəbi kimi Ukrayna ATƏT XİN başçılarının iclasında Rusiyanın iştirakını, 2024-cü ildə ATƏT-ə sədrlik etməli olan Estoniyanın namizədliyinin Moskva tərəfindən əngəllənməsi göstərilib.

"Bu gün Rusiya Federasiyası konsensus qaydasından sui-istifadə edərək ATƏT-i məcbur edir və sarsıdır. Rusiya Federasiyası şantaj və açıq təhdidlərə əl atmaqla sistematik olaraq əsas məsələlər üzrə konsensusa mane olub. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması Rusiyanın sui-istifadəsinin növbəti nümunəsi oldu. Bundan başqa, Rusiya 500 gündən artıqdır ki, üç Ukraynalı ATƏT rəsmisini qanunsuz olaraq həbs edib. Rusiya ATƏT daxilində ekzistensial böhran yaradıb və Təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib. Belə bir şəraitdə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ilk dəfə olaraq nazirlər səviyyəsində görüşdə Rusiya nümayəndə heyətinin iştirakı Rusiyanın ATƏT-i sürüklədiyi böhranı daha da dərinləşdirəcək. Biz ümumi səylərimizi ATƏT-i Rusiyadan necə xilas edəcəyimizə yönəltməli, 2022-ci ilin fevralından əvvəl Avropada ən böyük silahlı təcavüzü törədən dövlətə 2022-ci ilin fevralından əvvəl mövcud olan əməkdaşlıq formalarına qayıtmağın mümkünsüzlüyü barədə mesajlar verməliyik. Bunu nəzərə alaraq, Ukrayna nümayəndə heyəti xarici işlər naziri səviyyəsində ATƏT-in nazirlər toplantısında iştirak etməyəcək. Eyni zamanda, Ukrayna ATƏT-in prinsiplərinə sadiq qalır və Helsinki Yekun Aktına hörmətin bərpası üçün, xüsusən də Ukrayna Prezidenti Vladimir Zelenskinin Sülh Formulasının həyata keçirilməsi yolu ilə tərəfdaşlarla işi davam etdirməyə hazırdır", Ukrayna XİN-in bəyanatında deyilir. ​

Xatırladaq ki, 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə ATƏT Nazirlər Şurasının iclası keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATƏT  


Bizi "telegram"da izləyin