Erməni vəhşiliyinə məruz qalmış Kərəmli| “Ermənilər 15-20 dəqiqəyə 17 evimizi yandırdı” (REPORTAJ+FOTOLAR)

2023/11/24-15309685305.jpg
Oxunub: 2559     12:21     28 Noyabr 2023    
Doğma kəndlərinin erməni terrorçularından təmizlənərək azad edilməsi xəbərini böyük sevinc hissilə qarşılayıblar. Bu sevinc, həm də onlara yaşadıqları dəhşətli anların acılı dəqiqələrinin qaysaq bağlamayan yaralarını bir daha göynədib. Yeganə təsəlliləri çəkdikləri zillətin qisasının alınmasıdır. İndi tək arzuları doğma kəndlərinə dönmək, qurub yaratmaq istəyidir.

Ordu.az saytı bu mövzuda daim keçmiş məcburi köçkün ailələrin fikirlərini dərc edir. Budəfəki yazımızda keçmiş Ağdərə rayonu Kərəmli kəndindən olan Əliyevlər ailəsilə həmsöhbət olmuşuq.


Səyyadxan Əliyev Ağdərə rayonu Kərəmli kənd sakinidir. Deyir ki, başladılan antiterror əməliyyatlarını eşidəndə çox sevinib. Əsgərlərimizə dualar edərək, uğur arzulayıb. Deyir ki, nədənsə bu əməliyyatlar başalayanda kəndlərində o vaxt ermənilər tərəfindən döyüşən sovet ordusu zabitlərini xatırlayıb:

“Antiterror əməliyyatları başalayandan atəşkəsə qədər gözlərimin önündə sovet ordusunun kəndimizə girməsi epizodu canlanıb. Onsuz da bu vaxta qədər unutmadığım və unutmaq istəmədiyim o anlar mənim üçün həyatımın ən gərgin və ağrılı anları olub. Kəndimiz uzun müddət ov tüfəngilə ermənilərin bütün həmlələrini dəf edib. Sovet ordusunun kəndimizə yeridildiyi günə qədər. İndiki kimi yadımdadır, kəndimizə axşam olan hücumu dəf etmişdik, hətta hücum edən bir neçə düşmən silahlısı da məhv edilmişdi. Həmin günün səhəri əvvəl sovet ordusunun 120-yə yaxın rus əsgəri gəldi. Özlərilə 4 BTR gətirmişdilər. İlk baxışdan elə bilirdik ki, bunlar bizi qorumağa gəliblər. Əslində haqsız da deyildik. Çünki özləri dedilər ki, ermənilərlə sizin aranızda duracağıq ki, heç bir tərəf digərinə hücum etməsin. Bir neçə gün ard-arda kəndimizə birtərəfli olan hücumu görməzlikdən gəlmələri onların səmimi olmadığını deməyə əsas verirdi. Guya bizi müdafiə eləmək üçün gələn əsgərlər sən demə ermənilərin kəndə maneəsiz daxil olmaları üçün gəliblər. Çünki ermənilər yenidən kəndimizə hücum edəndə, onlar da ermənilərlə birləşdilər. 15-20 dəqiqəyə bizim hardasa 17 evi ermənilər yandırdı”.


S. Əliyev onuda bildirib ki, mühasirə şəraitində, güclü təzyiqlər fonunda düşmənə göstərilən müqavimətin artıq yersiz olduğunu bilirdilər. Çünki kəndin bütün gediş yolları bağlanmışdı. Yeganə yolu olan hava xətti isə artıq çox təhlükəliydi: “Bizə güclü təzyiqlər oldu. 91-ci il sentyabrın 15-də bizim kənd tam mühasirədə qaldı. Bizim kənddən heç bir yerə çıxamağa imkan yoxuydu. Helikopter gələndə gəlirdi, gəlmiyəndə gəlmirdi. Hardasa sentyabrın 24-nə qədər bizim kənd tam mühasirədə qaldı”.

Aradan illər keçib, valideynlərinin yaşadıqları acı talehin tarixçəsi o yerləri görməyənlərdə belə bu ata yurduna qarşı ilahi bir yurd sevgisini həkk etdirib. Keçmiş Ağdərə rayonu Kərəmli kəndindən olan Əliyevlər ailəsinin bütün üzvləri də illərdir ki, ata-baba yurdlarının həsrətini çəkənlərdən olublar. Artıq Qarabağda aparılan antiterror əməliyyatlarından sonra Kərəmli kəndinin də işğaldan azad edilməsi, onların sevincinə səbəb olmaqla yanaşı, həm də parlaq gələcəyə olan ümidlərini artırıb. Ailə üzvlərindən biri olan Zaur Əliyev deyir ki, kənddən çıxanda azyaşlı olub. Kəndi xatırlamasa da, Kərəmliyə ilk köçənlərdən biri olmaq arzusundadır: “Mən kənddən çıxanda uşaq olmuşam. Ancaq ki, mənim valideynlərimin danışıqları əsasında o günləri mən sanki bu gün yaşamış kimi görürəm. Ordan necə çıxıldığını, valideynlərimin necə əziyyət çəkdiklərini, ümumiyyətlə Qarabağdan insanların çıxarılması, hansı əziyyətlərə qatlaşmasını ilk növbədə valideynlərimin əsasında öyrənmişəm”.


Bu yerdə yenidən sözlərinə davam edən Səyyadxan Əliyev ermənilərin hələ illər öncədən bu proseslərə çox ustalıqla hazırlaşmalarından danışır: “Bu hadisələrin başladığı ilk aylarda bəzi ermənilər öz milliyətçi hərəkətləri ilə tam büruzə verərək aktivlik göstərirdilər. Bu o insanlarıydı ki, onlarla illərdi bir yerdəydik. Belə hərəkətləri gözləmirdik. Sən demə bunlar öz çirkin əməllərinə hələ çox illər öncədən hazırlaşırmışlar. Bir gün lap yaxşı tanıdığım və daim bir yerdə olduğumuz bir erməni ilə bir yerdəydik. Baxdım ki, bu tez-tez “Amerika radiosu”nun erməni dilində yaylmlanan proqramlarına qulaq asır. Bu dəfə də “Qolos Amerika”dan yayımlanan erməni dilində verilişə qulaq asırdı. Danışan erməni Herikyan familiyalı bir erməniydi. Onu aparıcı Amerikadakı erməni diasporunun üzvü kimi təqdim edirdi. O öz çıxışında dedi ki, Qarabağ məsələsinin gedişində mən 3 erməniyə nifrət eləyirəm. Bunlardan biri Xankəndinin rəhbəri, ovaxtı afkom deyirdilər Gevorkov, biri Zori Balayan, biri də Balayan Kapridir və məhz bu 3 erməniyə nifrət edir. Ona görə ki, bunlar Qarabağ məsələsini 3 il tez başladılar. Əgər 3 ildə gözləsəydilər, Qarabağ məsələsində bu qədər gərginlik yaşanmazdı. Biz bunu ən yüksək səviyyədə səssizcə həll edəcəkdik”.


Mən bu sözləri eşidəndə dəhşətə gəldim deyir müsahibimiz. O, sözlərinə əlavə olaraq bildirib ki, Sovetlər dönəmində ətraf erməni kəndlərinə ara-sıra tanımadıqları ermənilər gələrdi: “Onların gəlişi ilə erməni kəndlərində toplantılar keçirilərdi. İndi şükürlər olsun ki, ermənilərin 100 illərdi hazırladıqları və həyata keçirdikləri qanlı planları özlərinin bir dəfəlik məhvi ilə nəticələndi”.

İndi Kərəmli sakinlərinin əsas istəkləri, doğma kəndlərində həyatın yenidən canlanmasında yaxından iştirak etməkdir.







Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdərə   Kərəmli   Erməni-vəhşili  


Bizi "telegram"da izləyin