“Sarsılmaz”ın SAR 762 MT pulemyotu| O, piyada və hərbi maşınların bütün ehtiyaclarını qarşılayır

2023/11/SK1-1-10206453228.jpg
Oxunub: 4367     11:21     28 Noyabr 2023    
Türkiyənin silah istehsalçısı “Sarsılmaz”ın son vaxtlar diqqət çəkdiyi məhsullardan biri də kütləvi istehsala və tədarüklərə başlayan SAR 762 MT pulemyot ailəsidir.

“Sarsılmaz” yerli istifadəçilərin 7.62×51 mm-lik yerli pulemyota olan ehtiyacını qarşılamaq üçün bu silahı inkişaf etdirib və müvəffəqiyyətlə ixtisas qazanıb. Şirkət fərqli xüsusiyyətlərə malik silahın A, B, C və D modelləri ilə təhlükəsizlik qüvvələrinin bütün ehtiyaclarını qarşılamağı hədəfləyir.

“Sarsılmaz” 2018-ci ildə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə imzalanan PMT 7.62×51 layihəsi çərçivəsində SAR 762 MT-ni hazırlamağa başlayıb. Türkiyə Silahlı Qüvvələri (TSQ), Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş Müdirliyinin ehtiyaclarını qarşılamaq məqsədi ilə layihəyə start verən şirkət SAR 762 MT-nin sınaqlarını uğurla başa vurub. Şirkət silahın kütləvi istehsalına başlayıb və ilk tədarükləri Jandarma Baş Komandanlığına edib.


“Altay” tankında “co-axial” silah kimi istifadə olunacaq

SAR 762 MT-nin 4 fərqli modeli var. Bunlardan SAR 762 MT-A Uzaqdan İdarə Olunan Silah Sistemlərində (UİOSS) istifadə edilə bilər. Piyada istifadəsi üçün hazırlanmış SAR 762 MT-B modeli həm ikiayaqlı dayaqdan, həm də ştativdən (üçayaqlı dəzgah) atəşə tutula bilər. SAR 762 MT-C “Altay” əsas döyüş tankında qoşa oxlu (co-axial) pulemyot kimi istifadə olunmaq üçün nəzərdə tutulub.SAR 762 MT-B ilə çox oxşar xüsusiyyətlərə malik olan SAR 762 MT-D -nin əlavə olaraq dəqiqədə atış sürəti 3 mövqeli qaz klapan sayəsində dəyişdirilə bilər.

SAR 762 MT-nin bütün modellərinin gövdəsi ən azı 50 min atış etmək üçün uyğundur. Lülələrin ömrü ən azı 25 min atışdır. Silah -52 ilə +72 ˚C arasında olan temperaturda işləyə bilər. Bölgə hədəfləri üçün effektiv 1200 metr məsafəyə malik olan pulemyotun maksimum atış məsafəsi 3725 metrdir. Silahın müxtəlif modellərinin orta çəkisi 12 kiloqramdır.


Tez dəyişdirilə bilən lülə ilə fasiləsiz atış

Silah tam avtomatik işləyir və mərmi qutusu ilə bəslənir. Mərmi qutusu vasitəsilə doldurulma həm sağdan, həm də soldan həyata keçirilə bildiyindən, silah birləşdiriləcəyi UİOSS strukturuna və ya yerləşdiriləcəyi mövqeyə asanlıqla uyğunlaşa bilir. Hava ilə soyudulan silahın tez dəyişdirilə bilən lüləsi də var.

Bu sayədə silahların davamlı atəş açmalı olduğu vəziyyətlərdə, məsələn, intensiv atəş təzyiqi tələb edən döyüşlərdə, pulemyotçu tez və təhlükəsiz şəkildə qızan lüləni ehtiyat lülə ilə əvəz edə bilər. Beləliklə, silah atəş gücünü itirmədən döyüşə davam edə bilər.


SAR 762 MT-nin texniki xüsusiyyətləri

Silah növü: Pulemyot
Çap (mm): 7.62×51
İşləmə üsulu: Tam avtomatik
Uzunluq (mm): 1.235
Lülə uzunluğu (alov gizlədicisi daxil olmaqla, mm): 603
Hündürlük (mm): 280
Doldurma növü: Mərmi qutusu
Doldurma istiqaməti: Sağdan və ya soldan
Boş gilizin xaric edilməsi: Altdan
Silahın çəkisi (aksesuarlar istisna olmaqla, qr): 12.250
Lülə çəkisi (qr): -
Lülədən çıxış sürəti (m/s): 850
Dəqiqədə atış sürəti: 550-700
Maksimum mənzil (m): 3,725
Effektiv mənzil (bölgə hədəfi, m): 800 (ikiayaqlı dayaqlıqla), 1100 (ştativlə)
Effektiv mənzil (nöqtə hədəfi, m): 600 (ikiayaqlı altlıqla) 800 (ştativlə)
Avtomatik iş prinsipi barıt qazının enerjisinin hesabına baş verir


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   SAR-762-MT  


Bizi "telegram"da izləyin