“Mehridən keçən yol Azərbaycana vəd edilib” - Erməni səfir (ƏTRAFLI)

2022/12/fdgdf-1671441701.jpg
Oxunub: 8388     10:48     27 Noyabr 2023    
“Sülh kəsişməsi” vəd olsa da, Azərbaycan bu proqramla maraqlanmır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.

Onun sözlərinə görə, problem ondadır ki, Azərbaycana güclü Ermənistan qətiyyən lazım deyil.

“Ermənistanı Qərbi Azərbaycan adlandıran dövlətə Ermənistanın varlığı qətiyyən lazım deyil. Təbii ki, Ermənistanın hər hansı güclənməsi Azərbaycana sərfəli deyil”, - deyə Ağacanyan bildirib.

Ağacanyan Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın Mehridən keçən dəmir yoluna malik olması ilə bağlı bəyanatına toxunaraq qeyd edib ki, Mehridən keçən yol Azərbaycana vəd edilib.

“Məsələ burasındadır ki, bu, Ermənistan ictimaiyyəti üçün qətiyyən qəbuledilməzdir və bu kommunikasiyaların açılması onların razılıq vermədiyi Rusiya sərhəd xidmətinin nəzarəti altında olmalıdır. Bizə Mehridən keçən dəmir yolu lazımdırmı? Xeyr, bizə lazım deyil, Azərbaycana və Türkiyəyə lazımdır. Mehridən keçən dəmir yolu Ermənistan üçün yalnız təhlükəsizlik təhdidləri yaradacaq”, - deyə o vurğulayıb.

Erməni səfir deyib ki, Ermənistanın hazırkı hakimiyyəti hakimiyyətə gəlməzdən əvvəl də İrəvan NATO ilə əməkdaşlıq edirdi.

“Hakimiyyətin təhlükəsizlik sektorunda diversifikasiya etdikləri, başqa mənbələrdən silah aldıqları barədə açıqlamaları sadəcə olaraq öz əməllərinə bəraət qazandıran bəyanatlardır, çünki onlar hakimiyyətə gəlməmişdən əvvəl də Ermənistan NATO ilə əməkdaşlıq edirdi”, - deyə Ağacanyan qeyd edib.

Ağacanyanın sözlərinə görə, indiki məqamda KTMT-dən çıxmaq Rusiya tərəfinin çox kəskin reaksiyasına səbəb olacaq.

“KTMT-dən çıxmaq prosesi uzun müddətdir ki, gedir, 2018-ci ildən biz bunun faktiki qeydlərini və növbəti ağırlaşmalarını görürük”, - deyə o bildirib.

Erməni səfir deyib ki, Paşinyan hakimiyyətə gələnə qədər Ermənistanın “ərazi bütövlüyü” heç vaxt sual altında olmayıb.

“Xatırlatmaq istəyirəm ki, bu hökumətin kürsüsünə oturmasına qədər Ermənistanın “ərazi bütövlüyü” heç vaxt sual altında olmayıb, hətta müzakirə mövzusu da olmayıb”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin