Xosrov bəy Sultanovun qardaşı nəvəsi: “Yurdumuza yenidən qayıtmaq, hərbçi kimi xidmət etmək ən böyük arzum olub”

2023/11/2d03e-1700899575.jpg
Oxunub: 4213     14:49     27 Noyabr 2023    
- Ata-babalarımızdan miras qalan Vətən sevgimiz, igidlik, qəhrəmanlıq bizim ən böyük milli-mənəvi sərvətlərimizdəndir. Məhz bunun nəticəsidir ki, dünyada söz sahibi olan müstəqil, qüdrətli dövlətimiz və yenilməz rəşadətli ordumuz var. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 1918-ci il mayın 28-i hər bir azərbaycanlının qürur hissi duyduğu əlamətdar bir gündür. Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqillik arzusuna qovuşdu. Şərqdə ilk demokratik respublikanın yarandığı dünyaya bəyan edildi. 1918-ci il mayın 28-də çarizmin bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımız Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Bu, XX əsrdə xalqımızın həyatında yeni bir tarixi hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.

Bu sözləri Laçında həmsöhbət olduğum polkovnik Elçin Paşayev bildirdi. Elçin Kamal oğlu Paşayev Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanovun qardaşı nəvəsidir. Təcrübəli zabit 1989-cu ildən ordu sıralarında xidmət edir. Əvvəlcə xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi başlayan Elçin Paşayev 1993-cü ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) zabitlər kursunu bitirərək hərbi rütbə alıb. Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olan peşəkar zabitimiz Xosrov bəy Sultanovun həyatı, xalqımız və dövlətimiz qarşısındakı xidmətləri haqqında danışdı:

- Təbii ki, tək mən yox, bütün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə sonsuz sevinir. Bu tarixi günlər mənə ikiqat sevinc və qürur yaşadır. Ona görə ki, bir vaxtlar bu ərazilərdə mənim babalarım məskunlaşıblar, ərazi bütövlüyümüz uğrunda ermənilərlə mübarizə aparıblar. Onların nəslinin davamçısı kimi bu torpaqların azadlığı uğrunda döyüşlərin iştirakçısı olmaq, ata-baba yurdumuza yenidən qayıtmaq, burada hərbçi kimi xidmət etmək... illərlə ən böyük arzumuz olub. Bu arzularıma çatdığıma görə özümü xoşbəxt hesab edirəm. Mənim kimi doğma ocaqlarından didərgin düşmüş minlərlə vətəndaşımızın arzularını çin edən Ali Baş Komandanımız cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Polkovnik Elçin Paşayev ötən əsrin əvvəllərində qurulan cümhuriyyətin hərbi zəfərlərinin həm də ADR-in ilk Hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun adı ilə bağlı olduğundan söz açdı. Ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edən ADR-nin yaradılmasında Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Məmmədhəsən Hacınski, Səməd bəy Mehmandarov kimi, babası Xosrov bəy Sultanovun da böyük rolu olduğundan danışdı: "Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. 1918-ci il mayın 28-də elan edilmiş və cəmi 23 ay ömür sürmüş, lakin özündən sonra zəngin irs qoymuş Azərbaycan Demokratik Respublikası (ADR) digər dövlət atributları ilə yanaşı, Milli Ordu quruculuğu istiqamətində də çox böyük işlər görüb. 1918-ci il mayın 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Ona görə də vacib məsələlərdən biri Hərbi Nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci il mayın 28-dən iyunun 11-ə qədər mülki şəxs kimi Xosrov bəy Sultanov icra etdi. Xosrov bəy çox az müddət nazir vəzifəsini icra etsə də, tarixə adını yazan görkəmli şəxsiyyətdir".

Qeyd edim ki, Xosrov bəy Sultanov 1879-cu ilin mayında Zəngəzur qəzasının Qasımuşağı obasının Qurddağı kəndində - indiki Laçın rayonu ərazisində anadan olub. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. Sonra isə Novorossiysk Universitetinin tibb fakültəsində ali təhsilini davam etdirib. 1903-cü ildə təhsilini başa vuraraq birbaşa Zəngəzura qayıdıb. Polkovnik Elçin Paşayev babası haqqında maraqlı bir məlumatı da danışdı: "Babam universitetdə oxuyanda təsadüfən yolda bir rus zabitinin gənc qıza sataşdığını görür. Ətrafdakılardan fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir. Nəticədə babam rus zabiti ilə duelə çıxır. Birinci gülləni rus zabiti atır və babamın bir gözünü zədələyir. Yaralı olmasına baxmayaraq, babam özünü itirmir və sərrast nişan alaraq zabiti öldürür. Sonradan məlum olur ki, bu qız Novorossiysk Universitetinin rektorunun qızıdır. Qızla babam arasında səmimi dostluq yaranır və bu dostluq böyük bir məhəbbətə çevrilir. Ailə qururlar. Bir oğulları olur. Babam oğlunun adını Murad qoyur. Amma Murad uşaq ikən dünyasını dəyişir".

Sözlərinə davam edən polkovnik Xosrov bəyin taleyinin qəhrəmanlıq və sevgi, hərb və mühacirət hekayəsi olduğunu qeyd etdi: "Xalqımızın şərəf və ləyaqət rəmzi olan bir çox müasirləri kimi, Xosrov bəy də bizim yaddaşımıza öz millətinin azadlığı və firavanlığı, təhsili və xoşbəxt gələcəyi üçün sonsuz fədakarlıqları ilə həkk olunub. Təhsilini başa vurandan sonra Şuşaya köçən Xosrov bəy Qarabağda həkimliklə məşğul olmağa başlayır. O, Şuşadakı evinin birini kitabxanaya çevirir. Şuşa ziyalılarını tez-tez bu evə dəvət edir, burada Şərq xalqlarının tarixindən, mədəniyyətindən söhbətlər edir, imkansız ailələrin uşaqlarının təhsilə cəlb edilməsi müzakirə olunur".

Qeyd edim ki, Xosrov bəy ADR-in ikinci kabinetində əkinçilik naziri, 1919-cu ilin 15 yanvarından 1920-ci il aprelin son günlərinə kimi Şuşada Qarabağın general-qubernatoru olub. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin olunanda erməni-daşnak qoşunları Qarabağda qırğınlar törədirdilər. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişdilər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində, xüsusilə Şuşada qayda-qanun yaradan Xosrov bəy Sultanov buradakı erməni əhalisinin də təhlükəsizliyini təmin edir. Erməni məhəllələrində postlar qurulur, poçt, bank xidmətləri fəaliyyətini bərpa edir, insanların gündəlik həyatı axarına düşür.

1920-ci ildə Qızıl ordunun Azərbaycana daxil olması və Azərbaycan Demokratik Respublikasının süquta uğraması Xosrov bəy Sultanovu da Vətəndən didərgin saldı. Bundan sonra onun Türkiyədə, Almaniyada, Fransada, Polşada ağır mühacirət həyatı başlayır. Xosrov bəyin fəaliyyətinin mühüm bir dövrünü də mühacirət illəri təşkil edir. O, 1936-cı ildə Türkiyəyə qayıdıb Trabzonda yaşayır. Sonradan İstanbula köçür, orada 1943-cü il yanvarın 7-də dünyasını dəyişir. Xosrov bəyin məzarı İstanbulun "Fəriköy" qəbiristanlığındadır.

Bu gün Xosrov bəyin yolunu şərəflə və ləyaqətlə davam etdirən, həm də ata-baba yurdlarında xidmət edən polkovnik Elçin Paşayev bu günləri xalqımıza yaşadan dövlət başçımıza olan minnətdarlığını rəsmi məktub vasitəsilə də bildirdiyini dedi.

Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun qardaşı nəvəsi Elçin Kamal oğlu Paşayev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciətində yazıb: "... 28 illik həsrətdən sonra ordumuzun işğaldan azad edilmiş Laçın rayonunun ərazisinə daxil olması bizim həyatımızda ən xoşbəxt, ən qürurlu və sözlə ifadə edilməsi mümkün olmayan sevincli bir gün olmuşdu. Bu günü Laçın sakinlərinə, Xosrov və Sultan bəy qardaşlarının ailəsinə yaşatdığınıza görə Sizə minnətdarıq. İşğaldan azad olunmuş Qarabağ, o cümlədən Laçın rayonunda Sizin rəhbərliyiniz altında böyük quruculuq işləri gedir. Yollar çəkilir, evlər tikilir, küçə və parklar salınır, elektrik stansiyaları qurulur və rayonun ərazisində hava limanı inşa edilir. Bunlarla birlikdə, Qarabağın general-qubernatoru olmuş babam Xosrov bəy Sultanovun adına küçə verilməsi və lövhənin Sizin tərəfinizdən açılması Xosrov bəyin ruhunu şad etmişdir. Buna görə də Sizə ailəmiz və qohumlarımız adından sonsuz minnətdarlığımı bildirirəm. Azərbaycan tarixinə qızıl hərflərlə yazdığınız 2020-ci il 1 dekabr, 2022-ci il 26 avqust, 2023-cü il 23 aprel və 27-28 may tarixləri biz laçınlılar üçün sevinclə dolu, böyük tarixi günlərdir, unudulmazdır. Biz laçınlılara Qələbə və Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza minnətdarlığımı bildirir, Laçınımızı öz qanı bahasına bizə qaytaran şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Siz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi indi öz doğma ata-baba yurdumuza, Laçınımıza qaytarırsınız. Laçın sakinlərinin Sizə olan məhəbbətini, ehtiramını və minnətdarlığını ifadə etməyə sözün gücü çatmır. Bu qayıdışla biz təkcə amansız ayrılığa son qoymuruq, həm də öz yurdumuzu yenidən Sizin rəhbərliyinizlə və qayğınız sayəsində qurmaq imkanı qazanmışıq. Bizə bu sevincli və qürurverici günləri yaşatdığınıza görə bir daha Sizə Xosrov bəy Sultanovlar ailəsi, qohumları adından və bir əsgəriniz olaraq şəxsən öz adımdan sonsuz minnətdarlığımı bildirirəm..."

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordu   Qarabağ  


Bizi "telegram"da izləyin