Ailənin bir şəhidi, iki döyüşçüsü| “Balam şəhidliyini əvvəlcədən duyubmuş”

2023/11/f1be2-1700647956.jpg
Oxunub: 7407     17:21     28 Noyabr 2023    
Birinci Qarabağ müharibəsi yenicə alovlanmağa başlayanda çoxları kimi Azad Zamanov da Vətənin müdafiəsinə qalxan oğullardan biri oldu. Qısamüddətli təlimdən sonra cəbhəyə yollandı. Onun döyüş yolu Cəbrayıldan, Qubadlıdan, Laçından keçdi. Lakin yeni yaranmaqda olan ordumuzda idarəçiliyin lazımi səviyyədə olmaması, şəxsi heyətin vahid komandanlıq tərəfindən deyil, pərakəndə şəkildə idarə olunması sonradan böyük məğlubiyyətlərə gətirib çıxardı.

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkə daxilindəki siyasi böhran aradan qaldırıldı. Əsgər Azad Zamanov o zaman cəbhədə həyata keçirilən hərbi əməliyyatlarda iştirak edirdi. Qarabağ müharibəsi yenicə başlayanda onların ən böyük arzusu tezliklə erməni silahlı dəstələrini məhv edib ölkəmizə sülh, əmin-amanlıq gətirmək idi.

Bu günlərdə Şəmkir rayonunun Könüllülər kəndində olanda inzibati ərazi üzrə icra nümayəndəsi Məhəmməd Salahovla görüşdük. Birinci Qarabağ müharibəsi əlili Məhəmməd müəllim Könüllülər kəndində xeyli sayda müharibə iştirakçısının və ondan artıq şəhidin olduğunu bildirdi. Sonuncu şəhid kəndə sentyabrın 19-da başlayan və cəmi bir gün davam edən əməliyyat tədbirləri zamanı gətirilib. İcra nümayəndəsi Vətən yolunda qəhrəmanlıqla canını fəda etmiş həmin şəhidin Əhməd Azad oğlu Zamanlının olduğunu bildirdi.

Məhəmməd Salahov şəhid Əhməd Zamanlının yaşadığı küçənin girişində onun xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılan bulaqda tikinti-tamamlanma işlərinin aparıldığını, yaxın günlərdə "Şəhid bulağı"nın açılışının olacağını bildirdi. Şəhidin atası Azad Zamanovla da elə burada görüşdük. Oğlu haqqında bəzi məlumatlar öyrənmək istədiyimizi deyəndə bizi evinə dəvət etdi. Şəhid atasının necə mehriban, qayğıkeş, mərd bir insan olduğunu da onunla ünsiyyət zamanı gördük.

Darvazadan həyətə ayaq qoyduq. Təmiri davam edən mənzilə daxil olduq. Otaqlardan birinə şəhid Əhmədin şəkilləri, şəxsi əşyaları qoyulub. Atası Azad Zamanov deyir ki, Əhməd Ağdam istiqamətində yerləşən hərbi hissədə xidmət edirdi. Yanvar ayında tərxis olunacaqdı. Oğlum bizimlə tez-tez əlaqə saxlayırdı. Xidmətlə bağlı zərrə qədər də olsun narazılıq etmirdi. İyul ayında on günlük məzuniyyətə də gəlmişdi. Çox şən və xidmətdən razı idi. Sentyabrın 19-da saat 12 radələrində Əhməddən zəng gəldi. Hər şeyin yaxşı olduğunu bildirdi. Onun bir neçə dəfə dediyi - ata, mənimlə fəxr edərsiz! - sözlərini anlamaqda çətinlik çəkdim. Oğlumun nədən belə dediyini, nəyə eyham vurduğunu bir neçə saatdan sonra bildim.

Oğlunun xidmət etdiyi hərbi hissə əməliyyat tədbirlərində Ağdam-Ağdərə istiqamətində fəaliyyət göstərib. Əhməd də döyüşənlərin sırasında olub. O, güllələri düşmən üzərinə dolu kimi yağdırıb. Ordumuzun qətiyyətinə, əsgərlərimizin cəsarətinə tab gətirməyən düşmən geri çəkilməyə məcbur olub. Lakin Əhməd düşmən snayperindən yayına bilməyib...

Azad kişi deyir ki, cəmi bir neçə saat davam edən döyüşdə Əhməd cəsurluğu ilə silahdaşları və komandirləri arasında rəğbət qazanmışdı. Onun ölümünü şəxsi heyət kədərlə qarşılayıb. İndi Əhməddən qalan yalnız şəkillərdir.

...Ceyhunə ana masanın üzərindəki Əhmədin şəkillərinə, ondan xatirə qalan əşyalara baxıb kimsəyə hiss etdirmədən axan göz yaşlarını silir. Ana üçün övlad itkisi qədər ağır dərd yoxdur. Qəhər onu boğur. Dərindən nəfəs alıb astadan: - Əhməd həmin gün özünə yaxın olan dayısına da zəng edib halallaşıb. "Mənimlə fəxr edərsiz", - deyib. Balam şəhidliyini əvvəlcədən duyubmuş, - dedi.

Sonra masanın üzərindəki ilk dəfə orta məktəbə bayrağa sarıldığı, hərbi xidmətə gedərkən bayrağı öpdüyü yerdə çəkdirdiyi şəkilləri göstərir. "Onun davranışı, çəkdiyi fotolar necə vətənpərvər bir oğul olduğundan xəbər verir. Əhmədin daxili dünyasından özündən başqa kimsənin xəbəri olmayıb. Canından, qanından artıq sevdiyi Vətənə sevgisini son anda şəhidlik zirvəsinə ucalmasıyla sübut etdi".

Əhməd Zamanlı Könüllülər kənd tam orta məktəbini doqquzuncu sinfə qədər oxuyub. Sonra təhsilini Gəncə peşə təhsil mərkəzində davam etdirib. Xidmətə getməmişdən əvvəl imtahan da veribmiş. Lakin nəticələr çıxmamış hərbi xidmətə yollanıb. Mingəçevir Turizm Kollecinə qəbul olması barədə sonra xəbər tutub. Təhsilini əsgərlikdən qayıdandan sonra davam etdirəcəyini deyib...

Ailənin böyük oğlu Murad Zamanlı da 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.

Könüllülər kənd icra numayəndəsi və şəhid atası Azad Zamanovla birlikdə Əhməd Zamanlının məzarını ziyarət etdik.

Sonda Vətənə bir şəhid, iki döyüşçü verən ailədən həm ürək ağrısıyla, həm də qürurla ayrıldıq. Ürəyimizi ağrıdan Əhmədin vaxtsız ölümü, vətənpərvərliyi ilə şəhadətə qovuşması və qürur verən isə atanın da, böyük qardaşının da Vətən torpağı üçün döyüşmələridir.

Bəxtiyar Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Ordu   Azərbaycan  


Bizi "telegram"da izləyin