Naxçıvan istiqamətində qoşun cəmləşməsi| Ermənistan Qarabağı almaq, yoxsa Zəngəzuru vermək istəyir? – STRATEJİ ANALİZ

2023/11/1700638753.jpg
Oxunub: 6701     12:39     22 Noyabr 2023    
Nəinki Cənubi Qafqaz respublikalarını, hətta Türkiyə, İran və Rusiyanı əhatə edən regionda sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanın yürütdüyü siyasətin fonunda Ermənistanın sürətlə silahlanmaq cəhdi bölgənin təhlükəsizliyini ciddi şəkildə təhdid altına alır.

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bir neçə istiqamətdə iddia qaldıran Ermənistan həm silahlanmağa can atır, həm Azərbaycanla sərhəddə dəmir-beton konstruksiyalı günbəzlər inşa edir, həm də Naxçıvan istiqamətində qoşun cəmləyir. Digər tərəfdən isə Paşinyan hökuməti Azərbaycanla sülh sazişini bağlamağa yaxınlaşdıqları haqda təzadlı bəyanatlarla çıxış edir.

Son günlər Fransadan aldığı hərbi texnikaları və silah-sursatı qonşu Gürcüstandan keçirməklə ölkəyə daşıyan rəsmi İrəvanın siyasi gedişləri ondan xəbər verir ki, müharibəni məğlubiyyətlə başa vuran Ermənistan Rusiyadan qisas almaq xəttini tutub. İrəvan bununla yanaşı, Rusiya ilə diplomatik əlaqələrini nəzərəçarpacaq dərəcədə möhkəmləndirən və bölgədə nüfuzu kifayət qədər artan Ankaranın sıxışdırılmasına yönəlik siyasət aparır. Moskva ilə münasibətlərini daha ciddi şəkildə korrektə edən erməni diplomatiyası öz ordusunu Fransa və Hindistan istehsallı hərbi texnika və artilleriya vasitələri ilə silahlandırmaqla bir növü, Kremlin orbitindən çıxdığını nümayiş etdirməyə çalışır. İndiyədək ən yaxın tərəfdaşı və hamisi olan Rusiyanın Ermənistan üçün vəd etdiyi təhlükəsizlik təminatından vaz keçdiyini ortaya qoyan Paşinyan hökuməti söz yox ki, bu istiqamətdə götürdüyü siyasi kursu Qərbdən aldığı məsləhətlər çərçivəsində rellaşdırır, Cənubi Qafqazda Qərbin ən yaxın tərəfdaşı olduğunu isbatlamağa çalışır.

Sürətlə silahlanan Ermənistanın Naxçıvan istiqamətində-Zəngəzur dəhlizinin keçəcəyi coğrafiyada qoşun cəmləşdirməsi də müşahidə edilir. Təbii ki, İrəvan Naxçıvan yaxınlığına güc cəmləməklə burada yalnız hərbi-strateji maraq güdmür, bu gəlişmə həm də Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-İran, Türkiyə-İran və Azərbaycan-İran münasibətlərini zərbə altında qoymağa hesablanıb.

Əgər Ermənistan Zəngəzur dəhlizi istiqamətində gərginlik yaratmağa çalışarsa, təbii ki, onun növbəti dəfə məğlubiyyətə uğrayacağını İrəvanda çox yaxşı dərk edirlər. Buna rəğmən, Zəngəzur ətrafında baş verə biləcək hərbi toqquşma sülh sazişinin bağlanmasına dair danışıqların dondurulmasına gətirib çıxaracaq və görünür, İrəvan hansısa müddətə vaxt qazanmağa çalışır. Bununla da Ermənistan dünyanınn diqqətini bölgəyə cəlb etməyə, gərginliyin fonunda silahlanma prosesini sürətləndirməyə, həmçinin danışıqlarda güc sahibi kimi çıxış etməyə can atır.

Zəngəzur-Naxçıvan istiqamətində törədilə biləcək istənilən hərbi toqquşmada Ermənistanın Azərbaycanı təxribatlara çəkməyə cəhd edəcəyi şübhəsizdir. İrəvan rəsmi Bakını Ermənistan torpaqlarına iddia edən kimi təqdim edəcək, beynəlxalq aləmi Azərbaycana qarşı çıxmağa çağıracaq. Eyni zamanda, Rusiya-Ermənistan arasında hazırda qüvvədə olan müqaviləyə əsasən, Ermənistanın sərhədlərini qorumağa və təhlükəsizliyinə cavabdeh olan Moskvanı həm Bakı, həm də onun strateji tərəfdaşı olan Ankara ilə üz-üzə qoymağa çalışacaq. Söz yox ki, indiki məqamda Rusiya Azərbaycana qarşı hər hansısa formada təsir göstərməyəcək və ya onunla əzələ nümayiş etdirməklə danışmayacaq. Bu da Ermənistanın gələcək strateji planları üçün əlverişlidir. Çünki İrəvan Moskvanın bölgədən sıxışdırılıb çıxarılması üçün mümkün olan bütün taktiki gedişləri nəzərdən keçirir, həm də o baxımdan addım atmağa çalışır ki, Kremllə münasibətlərdə diplomatik baxımdan, necə deyərlər, “diliuzun” olsun.

Mümkündür ki, Naxçıvan-Zəngəzur istiqamətində ermənilər tərəfindən törədilə biləcək hərbi toqquşma zamanı İrəvan taktiki baxımdan zəiflik göstərməklə, Kremlin Bakıya qarşı loyal münasibətindən istifadə edərək, Qərbdəki himayədarlarının Ermənistana güc olaraq gəlişini təmin etməyə çalışsın. Bu da təbii ki, Paşinyan hökumətinin əsas hədəflərindən biridir.

Bu arada, Ermənistanın öz ordusunun arsenalında olan Toçka- U” raketlərinin bir qismini Birləşmiş Ştatların köməyi və vasitəçiliyi ilə Ukraynaya ötürməyə razılıq verməsi haqda xəbərlər yayılıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yaydığı xəbərə görə, Kremlə yaxın mənbələr iddia edir ki, Ermənistan Ukraynaya silah ötürməyə hazırlaşır. Amma hələ ki, bu iddianı təsdiqləyəcək sübut təqdim etmək mümkün deyil. İrəvanın Kiyevə verə biləcəyi silahların sayı barədə də dəqiq məlumat yoxdur. Xəbərdə o da qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa hazırlaşır.

Bu xəbərin arxasında kifayət qədər maraqlı məqamların yer aldığına diqqət yetirək:
hazırda Fransa və Hindistandan silah alan Ermənistan Rusiya istehsallı raketlərini Ukraynaya verir. Özü də ABŞ-nin vasitəçiliyi ilə. Deməli, Vaşinqton İrəvanı əmin edib ki, o öz arsenalındakı rus silahlarını Ukraynaya ötürüb Rusiyaya qarşı müharibədə iştirak edərsə, Birləşmiş Ştatlar da Qərbdəki digər tərəfdaşları ilə birgə Ermənistanın silahlandırılmasında yaxından rol oynayacaq, onun arsenalını NATO standartlarına cavab verən yeni silahlarla təchiz edəcək. Bu da birmənalı şəkildə Ermənistan ordsunun NATO-ya yaxınlaşmasında müstəsna əhəmiyyət daşıyacaq.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ölkəsinin KTMT-dən çıxmağın hüquqi yollarını axtarmadığını desə də, proseslərin gedişi bunun əksini ifadə edir.

Bütün bunlarla yanaşı, İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını Vaşinqtonun hədəfə aldığı ərəfədə Ermənistanın Naxçıvan istiqamətində güc toplaması təsadüf sayıla bilməz. ABŞ dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms O-Brayen Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə günahlandırır. Bununla yanaşı, ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulması dövlət katibinin köməkçisi Ceyms O-Brayenin mövqeyindən irəli gəldiyi bildirilir. Bəzi siyasi təhlilçilərin fikrincə, noyabrın 20-də Vaşinqtonda baş tutmalı olan Ermənistan-Azərbaycan sülh danışıqlarının pozulmasına C. O-Brayen noyabrın 15-də Konqresin dinləmələrindəki çıxışı səbəb olub.

İrəvanın səssiz hərəkətliliyinə, daha dəqiq desək, diplomatik polemikalardan yayınmaqla silahlanmaya və güclənməyə meyl göstərməsinin pərdəarxasındakı ən maraqlı məqamlardan biri kimi, ABŞ-da qarşıdan gələn prezident seçkilərini göstərmək olar. Bayden hökuməti konqresdəki ermənipərəst qüvvələrin təzyiq və təsirlərinə rəğmən rəsmi Bakı ilə münasibətlərini mümkün qədər sabit saxlamağa çalışır, Qafqaz siyasətindəki hədəflərə çatmağa tələsmir. Amma erməni lobbisinə yaxınlığı ilə seçilən konqressmenlər Vaşinqtonun Cənubi Qafqaz siyasətindəki “arxayınlığı” qəbul etmir, xüsusilə Azərbaycana qarşı cəbhə açmaq üçün hökumətə təsir etməyə çalışırlar.

Bunu ABŞ prezidentliyinə namizədlər Ron Desantis, Nikki Heyli və Vivek Ramasvaminin açıqlamalarında da görmək mümkündür. Bu üç namizəd Azərbaycan-Ermənistan danışıqlarının fonunda qərəzli mövqe nümayiş etdirərək, Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərə görə Azərbaycanı günahlandırır.

“Hay Dat” komitəsinin yaydığı məlumata görə, sözügedən şəxslər Bob Vander Platsın apardığı “The Family Leader” konfransı zamanı Azərbaycanı ittiham edən bəyanatlarla çıxış ediblər. Ron Desantis çıxışında “Hesab edirəm ki, ABŞ Ermənistan xristianlarının yanında olmalıdır. Məncə, bu, nəcib bir səbəbdir” deyib.

Onun seçkidəki rəqibi Nikki Heyli isə Azərbaycanda baş verənlər “gülünc”dür: “Biz bunu Azərbaycana bildirməliyik” deyərək ermənilərə canfəşanlıq nümayiş etdirib.

Belə bir nəticəyə gəlmək olur ki, sülh sazişinin bağlanmasından yayınmaq üçün müxtəlif variantlardan istifadə edən İrəvan Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərindən sonrakı mərhələyə ümid bəsləyir və nəticələr məlum olana qədər bölgədə gərginliyin qorunub saxlanmasında maraqlıdır.

Buna görə də, Fransadan aldığı silahları Gürcüstan üzərindən ölkəyə daşıyan və bunu çox açıq şəkildə nümayiş etdirən İrəvan Bakı və Tbilisi arasındakı münasibətləri hədəfləyir.

Çox güman ki, Hindistanın Ermənistana satdığı silahlar bu ölkəyə İran üzərindən çatdırılacaq. Bu amil isə son bir ildəki gərginlikdən sonra yumşalmağa doğru gedən Azərbaycan-İran əlaqələrində yeni anlaşılmazıqların meydan gəlməsinə hesablanmış ola bilər.

İrəvan müəyyən qədər silahlandıqdan sonra Zəngəzur istiqamətində topladığı güclə Naxçıvanla sərhəddə hərbi toqquşmalar yaratmaqla Rusiya və Türkiyə münasibətlərini zərbə altına atmağa çalışa bilər. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın Türkiyə və İranla sərhədlərinin qorunması Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarına aid məsələdir. Digər tərəfdən də Naxçıvanın təhlükəsizliyinə Türkiyənin təminatı danılmazdır. Belə olduğu təqdirdə, hazırda yüksək əməkdaşlıq səviyyəsində davranan Ankara və Moskvanın silahlı qarşıdurmaya gedəcəyi inandırıcı görünmür.

Məhz bu amil bəs edir ki, 44 günlük müharibədən sonrakı kimi, İrəvan Rusiyanı bir daha etibarsız tərəfdaş kimi gündəmə gətirsin, bununla da Ermənistandakı Rusiya hərbi bazasının ölkədən çıxarılmasına dair tələb və çağırışlar kütləvi xarakter alsın.

Bu məqamdan istifadə edən Paşinyan hökuməti hazırda Ermənistanda mövcud olan Avropa İttifaqının müşahidə missiyasını Avropadan gələn hərbi kontingentlə əvəzləmə prosesini sürətləndirəcək.

Hər halda, Naxçıvan istqamətində güc toplayan Ermənistan öz iradəsindən kənar təsirlərin doğurduğu tələbləri yerinə yetirməklə Ukrayna və Yaxın Şərqdəki qanlı ssenarinin Qafqazda da təkrarlanmasına zəmin yaratmış olacaq...

Görünür, dünya diplomatlarının nə düşünüb nə deməyindən asılı olmayaraq, İlahi ədalət də ara-sıra işə düşür: bəlkə də Zəngəzur və ətraf ərazilərin əsl sahiblərinə qaytarılması qaçılmaz tarixi zərurətdir.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ermənistan   Təxribat   Zəngəzur  


Bizi "telegram"da izləyin