İsrailin Türkiyədəki gözü: “Kürecik”| İranla bağlı hesablamalar nəyi göstərir?

2023/11/1700458846.jpg
Oxunub: 32247     17:39     22 Noyabr 2023    
“Kürecik” radarı Türkiyəni qorumur. O, İsraili qoruyur. Üstəlik, bu radarın varlığı ilə Türkiyə mümkün İran-İsrail münaqişəsində İranın hədəfi olacaq. İran düşməni kor etmək üçün əvvəlcə “Kürecik” radarını vuracaq.

NATO-nun Malatyanın Kürecik bölgəsində yerləşən ballistik raket izləmə və nəzarət radarı əslində NATO ölkələrini deyil, İsraili qoruyur. Mövzunu daha yaxşı başa düşmək üçün təfərrüatlara varmadan qısaca texniki məlumatlara toxunaq:

Radarın yerləşdirilməsi

NATO-nun 2010-cu il Lissabon Zirvə toplantısında qəbul edilən qərara əsasən, 2012-ci ildə Avropanın ABŞ-nin Raket Qalxanı layihəsinə daxil edilməsi məqsədilə Kürəcikdə Balistik Raket Erkən Xəbərdarlıq və İzləmə Radarı yerləşdirilib. AN/TPY-2 radarının mənzili 4700 kilometrə qədər ola bilər. Balistik raketləri görə bildiyi məsafə təxminən min kilometrdir. Eyni radar İsraildə də yerləşdirilib. Lakin İsrailin İrandan uzaq olması səbəbindən İsraildəki radar İrandan atılan raketi çox gec (atılandan təxminən 300 kilometr sonra) aşkar edə bilir. Bu radardan başqa Kürəcikdə yerləşdirilmiş Türkiyənin milli radarı da var.


Kürecikdə yerləşdirilən Balistik Raket Erkən Xəbərdarlıq və İzləmə Radarı NATO radarıdır və ABŞ tərəfindən təxminən 200 milyon dollarlıq maliyyə ilə quraşdırılıb. Radar avtomatik olaraq iz ötürülməsini icra edir. Oradakı təxminən 15 ABŞ personalının sistemin işinə nəzarət etmək və ona qulluq etməkdən başqa heç bir vəzifəsi yoxdur. Yəni bu personal izlərin ötürülməsinə müdaxilə edə bilməz. Radarın xarici təhlükəsizliyi Türkiyə Silahlı Qüvvələri tərəfindən təmin edilir.

Ballistik raket

Ballistik raketlər buraxılış qurğusundan kosmosa buraxılan, atmosferi tərk etdikdən sonra parabolik kursla hədəfə doğru hərəkət edən və sonra atmosferə şaquli şəkildə daxil olaraq hədəfi vuran raketlərdir. Onların sürəti saniyədə 5-7 kilometrdir və atmosferə daxil olduqdan sonra saniyədə 10 kilometri keçə bilir. Bu raketlərin mənzili 150 kilometrdən 10 min kilometrə qədərdir və mənzilinə görə görə qısa, orta, uzun və qitələrarası ballistik raketlər kimi təsnif edilir. Adi döyüş başlığı ilə yanaşı, NBC (Nüvə, Bioloji və Kimyəvi) döyüş başlıqları da quraşdırıla bilər. Kosmosda hərəkət etdikləri və çox yüksək sürətə sahib olduqları üçün onları vurmaq çox çətindir.

Kürecikdəki AN/TPY-2 radarının fəaliyyəti

Radar əsasən İrana qarşı, 2000-ci illərin əvvəllərindən, İranın ballistik raketlər hazırlamasının Avropa (əslində İsrail) üçün təhlükə hesab edildiyi vaxtdan yaradılıb. İrandan atılan ballistik raketin izini görən “Kürecik” radarı gördüyü izi avtomatik olaraq Almaniyadakı “Ramstein” NATO bazasına ötürür.

Orada, “skop” (radar ekranı) başında olan nəzarətçilər bu düşən izin saxta iz, dost və ya düşmən olduğunu qiymətləndirirlər. Bu qiymətləndirmənin sonunda düşmən kimi müəyyən edilərsə, onun mümkün istiqaməti və hara düşəcəyi və s. hesablanır, məlumat ən yaxın Ballistik Raket Önləmə Qurğusuna ötürülür və atəş əmri verilir. İrandan Avropaya doğru atılan ballistik raketi ələ keçirəcək Anti-Ballistik Raketlər Rumıniyanın “Develus” bazasında yerləşdirilib. İranın Avropaya doğru irəliləyən ballistik raketlərinin qarşısını oradakı anti-ballistik raketlərlə almaq olar.

Türkiyə İsrail faktorunu nəzərə alaraq, Kürecikdəki radarın NATO üzvlərindən başqa heç bir ölkəyə iz ötürməyəcəyinə razılaşıb. Buna baxmayaraq, radar izləri birbaşa və ya “Ramstein” vasitəsilə İsrailə ötürür. ABŞ-nin İsraillə ikitərəfli məlumat mübadiləsi sazişi var. Əslində Türkiyə istəsə də iz transferinə nəzarət edə bilməz.


İrandan atılan ballistik raket ən tez harada əngəllənə bilər?

İrandan atılan raket Ankara və ya İstanbulu hədəfə alanda Ankara və İstanbula düşər və qarşısı alına bilməz. İndi çox sadə bir hesablama aparaq. İrandan atılan ballistik raketin kosmosa çatması təxminən 2 dəqiqə çəkir (atmosfer 560 kilometrdir). Kreyser sürəti saniyədə ən azı 5 kilometrdir. İrandan Avropaya atılan ballistik raket Türkiyəyə doğru istiqamətlənərkən, Kürecikdəki radar gördüyü raket izini “Ramstein”ə ötürür.

Raketin aşkarlanması 2 dəqiqə + diaqnoz (yəni görünən iz nədir, dostdur, yoxsa düşməndir və hara yönləndirilib) 1 dəqiqə + düşmən kimi müəyyən edilibsə, hesablama belə alınır: atəş əmri və tutucu raketin buraxılması 2 dəqiqə + tutucu raketin atmosferə çıxması 2 dəqiqə + İrandan gələn ballistik raketə doğru hərəkət 2 dəqiqə = 9 dəqiqə. Bu müddət ərzində İrandan atılan ballistik raket haradadır? Trakyada, İstanbulun yanındadır.

Deveseludan buraxılan tutucu raket İrandan atılan ballistik raketi ən tez Trakya üzərində 9-cu dəqiqədə qarşılayıb vura bilir. İndi sual verək: Bu sistem Türkiyəni qoruyurmu? Qorumur. Əslində o, Avropanı qorumur, çünki İranın əlində olan ən uzun mənzilli ballistik raketlərin 2000-2500 kilometr olduğu məlumdur. Yəni İranın Avropaya raket təhlükəsi yoxdur. Niyə olsun ki? Avropa ilə heç bir münaqişəsi olmayıb. Eyni vəziyyət Türkiyə üçün də keçərlidir. 200 ildir Türkiyə ilə heç bir münaqişə olmayıb (ən son 1823-cü ildə olub).


“Kürecik” radarı kimi izləyir və qoruyur?

İrandan İsrailə qədər olan məsafə 1500 kilometrdir. İrandan İsrailə qarşı ballistik raket atıldınığını fərz edək və yuxarıdakı hesablamanı İsrail üçün aparaq. İrandan atılan ballistik raket Təl-Əvivi 7 dəqiqəyə vura bilər. “Kürecik” radarının iz ötürməsi sayəsində İsrail bu raketi 6-cı dəqiqədə İsraildən kənarda tuta bilir. Aşkarlama 2 dəqiqə + diaqnoz 1 dəqiqə + tutucu raketin buraxılması 30 saniyə (eyni yerdə) + tutucu raketin atmosferə daxil olması 2 dəqiqə + İrandan gələn ballistik raketə doğru hərəkət 30 saniyə = 6 dəqiqə. Bu əsnada İrandan atılan raket 6-cı dəqiqədə İsraildən 200-300 km şərqdə kosmosdadır və orada ələ keçirilir.

Şəkillərdə asan başa düşülməsi üçün kosmosa gedən və parabolik hərəkət edən raketin kursu düz proyeksiya kimi çəkilib. “Kürecik” radarı Türkiyəni qorumur. O, İsraili qoruyur. Üstəlik, bu radarın varlığı ilə Türkiyə mümkün İran-İsrail münaqişəsində İranın hədəfi olacaq. İran düşməni kor etmək üçün əvvəlcə “Kürecik” radarını vuracaq.

Beləliklə, “Kürecik” radarı fəaliyyətini dayandırsa, İsrail İranın ballistik raketlərinə qarşı müdafiəsiz qalacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kürecik   Radar   Türkiyə  


Bizi "telegram"da izləyin