Şəhidlərin xatirəsi yad olunub - FOTOLAR

2023/11/f1cdb-1700329326.jpg
Oxunub: 651     21:37     18 Noyabr 2023    
Cəlilabad rayonunda Vətən müharibəsində və döyüş əməliyyatlarında son damla qanınadək vuruşaraq şəhid olan cəsur oğulların - Davud Qiyaslı, Məhərrəm Hüseynov, Ramazan Hüseynzadə və Nəcməddin Quliyevin anım mərasimləri keçirilib.

Anım mərasimlərində Cəlilabad rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, şəhid ailələri iştirak etdilər. Şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzüldü. Xatirələri dərin ehtiramla anıldı, ruhlarına dualar oxunub.


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Zəfərin böyük əhəmiyyətindən, rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasından, Şuşada, Füzulidə, Ağdamda, Zəngilanda və digər işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərindən danışıblar. Dövlət başçımızın Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə üçrəngli bayrağımızı dalğalandırdığı günün hər zaman qürurunu yaşayacaqlarını bildiriblər. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısını, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımları xüsusi vurğulayıblar.


Qeyd edildi ki, Vətənimizin bütövlüyü naminə canından keçən Ramazan, Məhərrəm, Nəcməddin, Davud kimi oğulların adları xalqımızın, elin, obanın yaddaşından silinməyəcək. Onların döyüşlərdə göstərdikləri fədakarlıq, igidlik nümunələri hər birimizi qürurlandırır, qəlbimizə fəxarət hissi bəxş edir. Belə igid, qorxmaz övladlar yetirib, Vətənin müdafiəsinə yola salan ata-anaların başı həmişə ucadır. İndi o oğullar təkcə elinin, obasının deyil, bütün Azərbaycan xalqının oğullarıdır.


Eyni zamanda, anım mərasimlərində iştirak edən şəhid ailələri də çıxışlarında onlara göstərilən dövlət qayğısından, övladlarının adlarının əbədiləşdirilməsindən və daima uca tutulmasından danışaraq, Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.
Anım mərasimləri şəhid ailələrinin ziyarəti ilə sona çatıb.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhidlər   Xatirə  


Bizi "telegram"da izləyin