Mərakeşin Sahel ölkələrini Atlantikə bağlamaq planı| Bəs Əlcəzarir nə düşünür?

2023/11/1700286743.jpg
Oxunub: 353     13:26     22 Noyabr 2023    
Mərakeş kralı VI Məhəmməd “Yaşıl Yürüş”ün 48-ci ildönümü ilə bağlı çıxışında Sahel ölkələrinin Atlantik okeanına çıxışını təmin etmək üçün beynəlxalq təşəbbüsə çağırıb.

Mərakeş Kralı VI Məhəmməd “Yaşıl Yürüş”ün 48-ci ildönümündə (mübahisəli Qərbi Sahara bölgəsinə ozamankı Mərakeş Krallığı tərəfindən başladılan xalq yürüşü) etdiyi çıxışda Sahel ölkələrinin Atlantik okeanına çıxışını təmin etmək üçün beynəlxalq təşəbbüsə çağırıb. Açıqlamada Kral Sahel bölgəsindəki çətinliklərin öhdəsindən gəlmək üçün təkcə təhlükəsizlik tədbirlərinin yetərli olmadığını ifadə edərək, hərbi alternativlər yerinə əməkdaşlıq və inkişaf yönümlü bir yanaşmanın olduğunu vurğulayıb.

Belə bir təşəbbüsün mövcud nəqliyyat və kommunikasiya şəbəkələrini regionla bir araya gətirəcəyini, xüsusilə Sahel ölkələrində infrastrukturun yaxşılaşdırılmasını qeyd edən Kral bu təşəbbüslə Atlantik okeanı ilə həmsərhəd ölkələr arasında regional inteqrasiyanın güclənəcəyini bildirib. Bundan əlavə, Atlantik okeanında sahili olan Mərakeşin Sahara bölgəsindəki limanlar, şəhərlər və nəqliyyat yollarının təşəbbüsün həyata keçirilməsi üçün hər cür dəstəyi göstərəcəyi bildirilib. Kralın bu açıqlamalarına Mərakeşin prizmasından iki fərqli istiqamətdən baxmaq olar. Bunlardan birincisi Əlcəzairlə regional rəqabət, digəri isə Qərbi Saharadakı siyasi və diplomatik mövcudluğunu şaxələndirməkdir. Region üçün müvafiq təşəbbüs nəzərə alındıqda regional sabitlik, təhlükəsizlik və iqtisadi kontekstlər ön plana çıxır.

Əlcəzair və regional liderliklə rəqabət

Birincisi, Kralın təklifini Mərakeşin regional liderlik rolunu gücləndirmək cəhdi kimi oxumaq olar. Regional inteqrasiya adı altında terrorizm və təhlükəsizlik problemləri ilə mübarizə aparan Sahel və Qərbi Afrika ölkələrinin məhdud iqtisadiyyatlarının diversifikasiyasına səbəb ola biləcək belə bir təşəbbüs Mərakeşin müvafiq ölkələrdə təsir dairəsini artıra bilər. Mərakeşin regional iqtisadiyyatların yeni hərəkətverici qüvvəsinə çevrilməsinə olan motivasiyası və inamı bu təşəbbüsü daha böyük iqtisadi strategiyanın bir hissəsinə çevirir. Bu məqamda Mərakeşi motivasiya edən iki əsas vəziyyəti qeyd etmək olar. Birincisi, Mali, Burkina-Faso və Nigerdəki son çevrilişlərdən sonra Saheldə ortaya çıxan anti-Qərb əhval-ruhiyyəsi ABŞ və Fransa ilə güclü iqtisadi və siyasi əlaqələri olan Mərakeşin bölgədəki yumşaq gücünə mənfi təsir göstərib və Əlcəzairə meydan qazandırıb.

İkincisi, Qərbi Saharadakı suverenliyinə qarşı İsraillə münasibətləri normallaşdıran Mərakeşin 7 oktyabrdan sonra İsrailin HƏMAS-ı hədəf alan hücumlarından sonra çətin vəziyyətdə olduğunu söyləmək olar. Xüsusilə əksər ərəb/müsəlman ölkələrində Mərakeşə qarşı qərəz var. Digər tərəfdən, Qərbi Sahara məsələsini əsas milli təhlükəsizlik problemi olaraq gördüyü üçün İsrailin hücumlarına reaksiyalarını nisbətən yatıran Mərakeş fərqli bir hekayə inkişaf etdirərək, İranın 7 oktyabr hücumlarındakı rolunu və eyni İranın Qərbi Saharada Mərakeş tərəfindən üsyançı qrup hesab edilən “Polisario”nu dəstəklədiyini irəli sürüb.

Bu hekayə Mərakeşin Fələstin-İsrail münaqişəsindəki passivliyini qanuniləşdirməyə çalışarkən, “Polisario” Əlcəzair və İran arasında iddia edilən əlaqələr şəbəkəsi nəticəsində İranı İsrail və Mərakeşin “ümumi düşməni”nə çevirib. Ancaq regional rəqabətdə Əlcəzair Mərakeşin məsafə saxladığı Fələstin məsələsinə bağlılığını artırıb və Saheldəki hərbi hökumətlərin rəğbətini qazanıb.

Odur ki, təşəbbüsün bölgənin dinamikasında Mərakeşlə bağlı mənfi təsəvvürü qırmaq və Əlcəzairi tarazlaşdırmaq məqsədi ilə irəli sürüldüyünü, müəyyən mənada orta uzunmüddətli məqsədlərə xidmət etdiyini söyləmək olar.

Qərbi Saharada diplomatik/siyasi mövcudluğun diversifikasiyası

Mərakeş cəbhəsində təklifin irəli sürülməsinin ikinci əsas arqumenti Qərbi Saharadakı diplomatik mövcudluğu iqtisadi və ticari baxımdan dəstəkləyərək regionda suverenliyin artırılmasıdır. Məlum olduğu kimi, ABŞ-nin ozamankı Prezidenti Donald Tramp səlahiyyət müddətinin başa çatmasına az qalmış Qərbi Saharada Mərakeşin suverenliyini tanıyıb və bu, Mərakeşin diplomatik qələbəsi kimi qiymətləndirilib. Sonrakı dövrdə Mərakeş Qərbi Saharanın geosiyasi əhəmiyyətindən və iqtisadi potensialından ticarət yollarında istifadə etmək üçün bəzi təşəbbüslər göstərdi. 3,3 milyard dollar dəyərində olan Dakla Limanı və Tiznit-Dakla şossesi layihələri Mərakeşin Sahara bölgəsi üçün bu yaxınlarda həyata keçirdiyi layihələrdən bəziləridir. Qiymətli fosfat mədənləri və iqtisadiyyata ümumi nəzarət əldə edən Mərakeş bölgədən maksimum səmərəlilik əldə etməyə kökləndi. 2022-ci ildə Kral Mərakeşin cənub əyalətlərinin inkişafı üçün 7,1 milyard dollardan çox büdcə ayrıldığını açıqladı.

Paralel olaraq Kralın Saheli Atlantik Okeanı ilə birləşdirmək cəhdi və regional inteqrasiyaya önəm verməsi Mərakeşin qazan-qazan yolu ilə varlığını möhkəmləndirmək cəhdi kimi şərh edilə bilər. Kralı iqtisadi inkişaf üçün Qərbi Sahara sahillərini reabilitasiya etməyə sövq edən başqa bir məsələ regionun geosiyasi dəyərini beynəlxalq səviyyədə aşkara çıxarmaqdır. Kralın Atlantik sahillərini “Afrika və Amerikaya giriş qapısı” kimi şərh etməsi Mərakeşin beynəlxalq tənlikdəki yerini beynəlxalq aktorlara göstərməsi baxımından əhəmiyyətlidir.

Regional təhlükəsizlik

Ekspertlər Afrikadakı qeyri-sabitliyin mənbəyini “idarə olunmayan ərazilər” yanaşması ilə izah edir və mərkəzi hakimiyyətin zəifliyi ilə Qeyri-Dövlət Silahlı Aktorlarının (QDSA - terror təşkilatları, milis qrupları, yerli dəstələr və s.) kənd yerlərində alternativ xidmət təminatçılarına çevrildiyini iddia edirlər. Bu fikrin davamı olaraq, fərqli bir baxış Afrikadakı zorakılıq və terror aktlarını əsasən “təbii sərvətlərin lənəti” ilə əlaqələndirir, resursların ədalətli bölüşdürülməsi və etnik rəqabət nəticəsində yaranan iqtisadi qruplaşmaların idarəetmə problemlərinə çevrilməsi arqumentinə əsaslanır.

“Cyril Obi”yə görə, resurs lənəti nəzəriyyəsi resurs bolluğu ilə zəif iqtisadi artım arasındakı əlaqəni təhlil etməyə çalışır. Təbii ehtiyatlardan asılılığın yüksək olduğu və iqtisadi müxtəlifliyin kifayət qədər məhdud olduğu ölkələrdə təbii ehtiyatların bolluğu münaqişə riskini artırır, regional nəzarət və gücün açarı hesab olunur. Bu səbəbdən Sahel bölgəsində və ya Qərbi Afrikada bir çox silahlı qruplar bu qaynaqları ələ keçirməyə çalışırlar. Buna misal olaraq Niger Deltasındakı neft emalı zavodları ilə “Boko Haram” arasındakı əlaqələri və ya Sudandakı vəziyyəti göstərmək olar.

Bundan əlavə, Niger Deltasının daxili hissələrində fermer-çoban münaqişələri dövlət səviyyəsində həyata keçirilən iqtisadi məhdudiyyətlər və dar iqtisadi siyasətlərin nəticəsidir. Bütün bu məlumatların işığında Sahel regionunda “uğursuz dövlətlər”in iqtisadiyyatlarının şaxələndirilməsi, “Atlantik”ə çatması, nəqliyyat və kommunikasiya vasitələrinə çıxışı kənd təsərrüfatı, enerji və digər sektorlarda yeni imkanlar yarada bilər. Radikallaşma, ekstremist terror və zorakılıq aktlarının arxasında iqtisadi səbəblər olduğu ehtimalına əsaslansaq, bu cədvəl terrorçu qrupların sosial bazaya yayılmasının qarşısını alacaq və uzunmüddətli perspektivdə region ölkələrinin inkişaf tempinə təsir göstərəcək.

Nəticə

Xülasə, Mərakeş Kralı VI Məhəmmədin yeni təşəbbüsü Sahel ölkələrinin iqtisadiyyatına və regionun təhlükəsizlik atmosferinə, eləcə də Mərakeşin regional liderlik və təsir axtarışına birbaşa və dolayısı ilə təsir etmək potensialına malikdir. Müvafiq təşəbbüs reallaşarsa, geosiyasi bərabərlikdə regional tarazlıqları dəyişə və Afrikada regional inteqrasiyanı artıra bilər. Bundan əlavə, Sahel ölkələrini Atlantik okeanına birləşdirmək ideyası Mərakeş-Əlcəzair rəqabətində ağırlıq mərkəzini dəyişdirə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   Sahel-ölkələri   Atlantik  


Bizi "telegram"da izləyin