Həftər şərqdəki müttəfiqlərini satır? Barqatinin dönüşü Liviyanı birləşdirəcək?

2023/11/1700301715.jpg
Oxunub: 854     16:37     20 Noyabr 2023    
Sentyabr ayında BMT-nin Ekspertlər Komitəsi şərqdəki milis qüvvələrinin lideri Xəlifə Həftərin şərqdə hərbi, sosial və iqtisadi həyata nəzarətini artıraraq, hakimiyyətini möhkəmləndirməyə çalışdığını vurğulayan hesabat dərc edib.

2023-cü il aprelin 25-dən iyulun 17-nə qədər olan dövrü əhatə edən hesabatda Həftər və ailəsinin paytaxt Tripoliyə nəzarət etmək üçün uğursuz cəhdlərindən sonra şərqdə hakimiyyətlərini möhkəmləndirməyə çalışdıqları bildirilir, buna uyğun olaraq Həftərin Səddam və Xalid Həftər kimi ailə üzvlərini hərbi bölgəyə nəzarət etmək üçün mühüm hərbi qurumlara rəhbər təyin etdiyi vurğulanır. Xalid Həftərin 106-cı briqadaya, kürəkəni Əyyub Fercaninin 166-cı Briqadaya, əmisi oğlu Bassem Bouyaşinin isə 155-ci Briqadaya rəis təyin edilməsi bu arqumenti dəstəkləyir.

Bununla paralel olaraq, Həftər son aylarda güclü qəbilə əlaqələri olan Abdulffetah Nadurinin komandanlığı altında olan 115-ci Briqadanın Xalid Həftərin komandanlığı altındakı 106-cı Briqadanın komandanlığı altına alınmasına qərar verib. Bu inkişaf Həftər və ailəsini bölgədəki mühüm qəbilələrlə qarşı-qarşıya qoyan hadisələrdən yalnız biridir.


Şərq tayfalarının rolu və dəyişən tarazlıqlar

Tarix boyu Liviya bir çox müxtəlif qəbilələrdən ibarət icmaların mozaikası olub. Bu tayfalar arasında tarixi rəqabətlər, çəkişmələr və ittifaqlar mövcuddur. Buna görə də Liviyada qəbilə əlaqələri ictimai quruluşun mühüm tərkib hissəsidir. Digər tərəfdən, Liviyada tayfalar tez-tez siyasi rəqabətin bir hissəsinə çevrilirlər. Xüsusilə 2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra ölkədə müxtəlif tayfalar arasında siyasi hakimiyyətə nəzarət uğrunda mübarizə gedib.

Bu rəqabət qeyri-sabitliyin və münaqişənin davamlı olmasına kömək edib. Bundan əlavə, münaqişələr zamanı tayfa əlaqələri hərbi dəstələrin formalaşmasında və həvəsləndirilməsində mühüm rol oynayıb, tayfanın maraqları və gələcəyə hesablanmış gündəmləri bu qrupların fəaliyyəti ilə eyniləşib. Fərqli tayfalar müxtəlif hərbi qrupları dəstəklədiyi halda, güc bölgüsü üzərində qurulan bu balans qruplar arasında qarşıdurmaların daha geniş kütlələrə və ərazilərə yayılmasına yol açıb.

Liviyada qəbilə əlaqələri milli birliyə meydan oxuyan amil kimi qiymətləndirilə bilər. Çünki “güc paylaşımı” adı altında maraq qruplarına çevrilən tayfalar öz dəstəkçilərindən daha çox qazanc əldə etmək üçün mübarizə aparıblar və buna uyğun olaraq balansa riayət etməklə, lazım gəldikdə konstruktiv, çətin şəraitdə isə ziddiyyətli gündəmlərini ön plana çıxarıblar. Süni konflikt-əməkdaşlıq tsiklində irəliləyən bu vəziyyətdə beynəlxalq aktorlar bəzən qəbilələrarası rəqabəti qızışdırıblar və ya bəzi qəbilə qruplarını dəstəkləyiblər. Bu, Liviyadakı münaqişələrin daha da mürəkkəbləşməsinə səbəb olub.


Həftər BMT-yə əsaslanan ozamankı Milli Razılıq Hökumətinə (MRH) qarşı müharibəyə başlayanda onun ən mühüm dəstəkçiləri şərqdə yaşayan tayfalar, həmçinin Qəddafi dövrünün hərbi qulluqçuları və bürokratları idi. Tarixən köklü olan və ölkə siyasətində özünəməxsus yeri olan Əvakir və Ubeydat kimi qəbilələr o dövrdə Həftərin güclü sosial baza yaratmasına kömək edib. Əslində, 2019-cu ildə paytaxt Tripoliyə qarşı edilən işğal cəhdləri və sonrakı dövrdə Həftərin beynəlxalq birliyə verdiyi “dəstək” Liviya Milli Ordusunda (LMO) yerli qəbilələrin ağırlığını arxa plana keçirib.

Bundan əlavə, Həftərin 2021-ci ildən sonra Baş nazir Əbdülhəmid Dibeybenin rəhbərlik etdiyi Milli Birlik Hökuməti (MBH) ilə inkişaf etdirdiyi dialoq kanallarının da Həftərə müəyyən qədər legitimlik verdiyini söyləmək olar. Milli Neft Şirkətindəki (NOC) təyinatları bu dolayı əməkdaşlığın göstəricisi kimi oxumaq olar. Bu vəziyyət yuxarıdan-aşağıya siyasətin cəmiyyətə ötürülməsində tayfaların rolunu minimuma endirib və həm LMO daxilindəki təyinatlarda, həm də qəbul edilən qərarlarda qəbilə balansının daha az nəzərə alınmasına yol açıb. Həftər və ailəsini şərqdə güclü güc mərkəzinə çevirən bu mənzərə zaman keçdikcə hərbi sahədə Səddam Həftərin rəhbərlik etdiyi Tarik bin Ziyad (TbZ) Briqadasını, iqtisadi sahədə isə LMO-ya bağlı Hərbi Yatırım Qurumunu (HYQ) yeganə səlahiyyətli halına gətirib.

Ancaq tayfaların hələ də sosial düzən içərisində bir qarışıqlığından danışmaq mümkündür. Tobruqda yerləşən parlamentdə güclü tayfa mənsubiyyəti olan bir çox fiqur var. Digər tərəfdən, şərqdə mühüm siyasi paydaş kimi önə çıxan Misirin şərqdəki qəbilələrlə hələ də güclü ictimai və siyasi əlaqələri var.


Barqatinin dönüşü və Benqazidəki hadisələr

Bu inkişaflar fonunda oktyabrın 7-si şənbə günü Benqazidə Həftərə bağlı silahlı qruplar ilə Barqatini dəstəkləyən qruplar arasında şiddətli toqquşmalar baş verdi. Həftərə bağlı silahlı qruplar müdafiə naziri Mehdi Barqati və 130 mülki şəxsin həyatını itirdiyi Barak çimərliyindəki qətliamla əlaqəsi olduğu güman edilən bir çox şəxsi terror aktlarında iştirak etmək və ekstremist bəyanatlar vermək ittihamı ilə həbs etdi.

Lakin əməliyyat Benqazi İnqilabçıları Məclisi Şurasının üzvləri və onun lideri Əkrəm Mənsurinin həbsi ilə davam etdi. Benqazi və ətrafında yaşaşnan münaqişələr əsasən Avakirə bağlı Saika milis qrupu və LMO-ya bağlı TbZ arasında baş verdi. Bu mənzərə Həftərin 2014-cü ildə güclü bir ittifaqa daxil olaraq, bölgədəki gücünü artırmasına dəstək olan Avakir qəbiləsi ilə əlaqələrini kəsdiyini göstərir. Digər tərəfdən, hadisələr göstərir ki, Həftər öz hərbi idarəsini şərqdəki qəbilə mərkəzli ənənəvi və tarixi inzibati nizama qarşı mərkəzləşdirib.

Barqati Həftərin şərqdəki nüfuzuna və LMO-nın hökmranlığına qarşı MRH-yə sığınıb və təxminən 8 il sonra şərqin qabaqcıl tayfalarının vasitəçiliyindən (Avakir və s.) sonra bölgəyə qayıdıb. Barqatinin adı 2017-ci ildə Fezzan bölgəsində LMO-ya aid 130 silahsız personalın öldürülməsini planlaşdıran şəxs kimi keçir. Keçmiş müdafiə naziri Barqatinin vəziyyəti ilə bağlı da çoxlu iddialar var. Bəzi yerli mənbələr Barqatinin uşağı və 30-a yaxın “Saika” silahlısı ilə birlikdə öldürüldüyünü iddia edərkən, bəzi mənbələr onun həbs olunduğunu irəli sürür.


Bölgədə internetin kəsilməsi yoxlanıla bilən məlumatların əldə edilməsinə əhəmiyyətli maneə yaradır. Benqazidə münaqişə zamanı və ondan sonra internet kəsilmələri davam edib. Baş verənlərlə bağlı BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) qeyd edib ki, Benqazidəki qarşıdurmalardan sonra hələ təsdiqlənməmiş hesabatlar nəticəsində mülki əhali arasında itkilər və rabitə vasitələrinin pozulması ilə bağlı narahatlıq var. “X” platformasında verilən açıqlamada münaqişə tərəflərinə mülki vətəndaşları qorumaq öhdəliyi xatırladılıb və telekommunikasiya vasitələrinin dərhal bərpasına çağırış edilib.

Baş verənlər ölkənin şərqində Həftər ailəsinin avtoritar rejimini göstərdiyi üçün vacibdir. Bu məqamda Benqazidə baş verənlər Həftər və ailəsi tərəfindən qurulan zülmkar hərbi nizamı ortaya qoyur. Səddam Həftərin rəhbərlik etdiyi TbZ Briqadası şəhərin bir çox məntəqələrinə nəzarət edir, özbaşına zorakılıq və həbs fəaliyyətlərinə əl atır. Qrupun mülki şəxslərə qarşı apardığı təcrübələr bir çox regional və beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapıb. Bu vəziyyət, keçmişdə olduğu kimi, Liviyada da daxili miqrasiyanın əsas problemlərindən biri kimi göstərilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Barqati   Liviya  


Bizi "telegram"da izləyin