Qlobal raket və raketdən müdafiə bazarı 2033-cü ildə nəhəng maliyyə həcminə çatacaq - HESABAT

2023/11/2023--1700204396.jpg
Oxunub: 34373     19:58     18 Noyabr 2023    
Dünyada qarşıdurmaların artması ilə əlaqədar ölkələr raket imkanlarını artırmaq və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini modernləşdirmək yarışına giriblər.

Ordu.az xəbər verir ki, bu, raketlərə və raketdən müdafiə sistemlərinə tələbatı artırıb.

Davam edən Rusiya-Ukrayna münaqişəsi və hər iki ölkənin raketlərdən intensiv istifadəsi Polşa, Almaniya və Fransa kimi digər Avropa ölkələrini də raket və raketdən müdafiə imkanlarını inkişaf etdirməyə sövq edib.

Aparıcı məlumat və analiz şirkəti “GlobalData”ya görə, qlobal raket və raketdən müdafiə sistemləri bazarının 2023-cü ildəki 45,3 milyard dollardan 2033-cü ilə qədər 67,9 milyard dollara qədər artacağı gözlənilir.

“GlobalData”nın “Qlobal Raketlər və Raketdən Müdafiə Sistemləri Bazarı 2023-2033” adlı son hesabatında bazarın 2023-2033-cü illər arasında illik 4,2% mürəkkəb artım tempi ilə böyüyəcəyi bildirilir.

Polşa, Almaniya və Fransanın “Mistral”, “Piorun” və RBS-70 NG kimi insan tərəfindən daşınan sistemlərin, eləcə də qısa və orta mənzilli HHM sistemlərinin tədarükünə üstünlük verməsiylə növbəti onillikdə Avropanın 31,1% payla qlobal raket bazarında hökmranlıq edəcəyi gözlənilir.

Digər tərəfdən, Britaniya, Hindistan və Cənubi Koreya kimi ölkələr inkişaf xərclərini azaltmaq üçün digər ölkələrlə ortaqlıqlar quraraq, raket və raketdən müdafiə sistemləri ilə bağlı ortaq proqramlara başlayıblar.

Hesabata görə, yaxın və orta mənzilli raketdən müdafiə sistemlərinin son münaqişələrdə effektivliyini nəzərə alaraq, xüsusilə ciddi hava hücumu təhlükələri ilə üzləşən ölkələrdə bu sistemlərin tədarükündə sürətlə artım müşahidə olunacaq.

Hesabata görə, həmçinin ABŞ, Rusiya, Çin, Hindistan, Avstraliya, Böyük Britaniya və Fransa kimi böyük müdafiə xərcləri olan ölkələr öz hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq hipersəs raketlərinin yaradılmasına diqqət yetirirlər.

Bu ölkələr düşmənin HHM sistemlərinin bloklamalarından yayınmaqla yanaşı, uzaqmənzilli zərbə imkanlarını təkmilləşdirmək üçün hipersəs raketlərinin yaradılmasına böyük sərmayə qoyurlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raket-bazarı   HHM  


Bizi "telegram"da izləyin