Honduras prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

2023/11/1700116537.jpg
Oxunub: 23528     10:30     16 Noyabr 2023    
Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Honduras Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti xanım İris Siomara Kastro Sarmientoya təqdim edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Ordu.az-a verilən xəbərə görə, paytaxt Tequsiqalpada yerləşən Prezident Sarayında keçirilən mərasimdə M.Talıbov ilk olaraq, Prezident Siomara Kastroya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Honduras arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.

Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə potensialın olduğu bildirilib.

M.Talıbov Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin uzun illər Ermənistanın hərbi işğalı altında olduğu dönəmdə Hondurasın məsələdə beynəlxalq hüquqa söykənən mövqedən çıxış etməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Prezident S.Kastro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu fəaliyyətini xüsusi vurğulayıb. O həmçinin, rəhbərlik etdiyi hökumətin Hondurasla Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.

Mərasimin sonunda, görüşdə iştirak edən Honduras xarici əlaqələr və əməkdaşlıq nazirinin müavini Xerardo Torres Zelayaya Prezident S.Kastro tərəfindən verilən tapşırıq əsasında səfir M.Talıbovla X.Torres arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Honduras   Azərbaycan  


Bizi "telegram"da izləyin