İsrailin nüvə silahı varmı və ya nə qədərdir?

2023/11/2023--1699602878.jpg
Oxunub: 21726     22:18     10 Noyabr 2023    
Oktyabrın 7-dən HƏMAS-a qarşı hərbi əməliyyatlar həyata keçirən İsrailin nüvə silahı gücü maraq mövzusuna çevrilib. İsrailin əlində 90-a yaxın nüvə silahı olduğu, bəzi mənbələrə görə bu sayın 400-ə qədər olduğu bildirilir.

Oktyabrın 7-də başlayan Fələstin-İsrail müharibəsi aramsız olaraq davam edir. İsrailin HƏMAS yaraqlılarını hədəf alan hücumlarında ölən və yaralananların sayı hər dəqiqə artır. Son məlumata görə, son bombardmanlar nəticəsində Qəzzada insan itkisi 11 minə yaxındır.

Fələstin-İsrail müharibəsi başlayandan sonra ən çox maraq doğuran mövzulardan biri də “İsrail nüvə silahına malikdirmi?” sualı olub. İsrail dünyada nüvə silahı yaradan altıncı ölkə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalamamış nüvə silahına malik dörd ölkədən biri hesab olunur.

İsraildə nüvə silahı qeyri-müəyyənliyi

Mövzu ilə bağlı açıq mənbələrdən aparılan araşdırmalar göstərir ki, İsrail 1948-ci ildə qurulduqdan dərhal sonra nüvə sahəsində fəaliyyətə başlayıb. 1950-ci illərin sonlarında Fransanın dəstəyi ilə gizli nüvə reaktoru yaratmağa başlayan İsrail 1960-cı illərdə nüvə gücünə malik ölkə sayılırdı. Bildirilir ki, İsrailin hazırda 75-400 nüvə başlığı və bu döyüş başlıqlarını daşıya bilən raket, təyyarə və sualtı buraxılış sistemləri var.

SIPRI proqnozu

Mövzu ilə bağlı araşdırmada Stokholm Sülh Araşdırmaları İnstitutu (SIPRI) beynəlxalq ictimaiyyətə sahib olduğu nüvə silahları barədə məlumat verməyən İsrailin 80 ilə 90 arasında nüvə başlığına sahib olduğunu bildirir.

SIPRI-nin nüvə enerjisi məlumatları ilə bağlı dərc etdiyi hesabatda İsrailin əlində olan nüvə silahlarından 30-a yaxınının döyüş təyyarələri tərəfindən daşınan idarə olunmayan bombalar şəklində olduğu, 50-yə yaxınının isə orta mənzilli ballistik raketlərin daşıdığı döyüş başlıqları olduğu iddia edilir.

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmayan İsrailin nüvə proqramı “tam məxfi” olduğundan və heç bir rəsmi məlumat olmadığından, bu ölkənin nüvə silahlarına dair məlumatlar təxminlərə əsaslanır.

İsrail necə ifşa olub?

İsrailin nüvə silahı fəaliyyətlərinin ortaya çıxması maraqlı bir hekayə üzərində qurulub. 1960-cı illərdə İsrail nüvə silahı istehsal etdikdən sonra, 1986-cı ildə keçmiş İsrail nüvə alimi Mordeçai Vanunu Britaniya mətbuatına açıqlamalar verib. İsrail bu işlərin “dinc” məqsədli olduğunu iddia etsə də, Vanunu bütün dünyaya hər şeyin heç də belə olmadığını göstərib.

1977-ci ildə sözügedən mərkəzdə nüvə texniki olaraq işə başlayan və 8 il sonra işindən ayrılan Vanunu Negevdəki mərkəzdən gizli şəkildə çəkdiyi fotoşəkilləri və bu obyektlə bağlı məlumatları Britaniyanın “Sunday Times” qəzeti ilə paylaşıb, İsrailin gizli şəkildə nüvə silahı hazırladığını dünyaya çatdırıb.

“Sunday Times”ın xəbərini təkzib edən İsrail işdən çıxıb Londona gedən Vanununu ölkəyə gətirərək, mühakimə etmək cəhdlərinə başlayıb. Xəbər dərc edilməzdən bir müddət əvvəl Vanunu MOSSAD agenti olduğu bildirilən amerikalı qadınla tanış olub və bəyəndiyi bu qadın onu Londondan İtaliyanın paytaxtı Romaya getməyə razı salıb.

1986-cı ildə amerikalı sevgilisi ilə Romaya endikdən qısa müddət sonra Vanunu MOSSAD agentləri tərəfindən tutulub və qaçaq yolla İtaliyadan İsrailə aparılıb. Gizli şəkildə mühakimə olunan Vanunu 1998-ci ildə 18 il həbs cəzasına məhkum edilib və 2004-cü ildə azadlığa çıxıb. Bu gün Şərqi Qüdsdə yaşayan Vanunuya qeyri-İsrail vətəndaşları ilə danışmaq və ya ölkəni tərk etmək qadağandır.

Dünyada nüvə silahının yayılması

Məlumata görə, ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın nüvə silahı var. İmperialist dövlətlər nüvə silahlarının sayını azaltdıqlarını bəyan etsələr də, hazırda dünyada nüvə silahlarının sayı hələ də dəhşətli səviyyədə hesab olunur. Hazırda dünyada 12 min 705 nüvə silahının olduğu bildirilir.

Ölkələrin nüvə silahlarının sayı:

ABŞ - 5 min 428
Rusiya - 5 min 997
Çin - 350
Fransa - 290
Britaniya - 225
Pakistan - 165
Hindistan - 156
İsrail - 90
Şimali Koreya - 20


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Nüvə   Silah  


Bizi "telegram"da izləyin