Zəngəzur dəhlizi məsələsi Bayden-Si Cinpin danışıqlarının gündəliyinə daxildir? – ANALİZ

2023/11/zenge-1698824062.jpg
Oxunub: 34315     17:27     03 Noyabr 2023    
Rusiya Prezidenti Putini Pekində qəbul etdikdən az sonra Çin Prezidenti Si Cinpin xarici işlər nazirini Vaşinqtona göndərib. Vanq Yi ABŞ Prezidenti Bayden tərəfindən qəbul edilib, dövlət katibi Blinken və prezidentin milli təhlükəsizlik məsələləri üzrə baş müşaviri Sallivan ilə danışıqlar aparıb.

Mətbuatda yayılan məlumatlara görə, Çin və ABŞ liderlərinin noyabrın 11-17-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Konfransı çərçivəsində görüşəcəyi barədə razılıq əldə olunub. Görüşün dəqiq tarixi hələ razılaşdırılmayıb. Ekspertlər Ağ Evdəki görüşlərdən sonra Çinin xarici işlər nazirinin problemin ikitərəfli münasibətlərin sabitləşməsi ilə bağlı bəyanatına əsaslanaraq, Bayden-Si Cinpin danışıqlarına son dərəcə ehtiyatla yanaşırlar.

Mətbuatın əsas mülahizələrini ümumiləşdirməyə çalışsaq, məlum olacaq ki, tərəflər arasında iki əsaslı fikir ayrılığı var. Vaşinqton Pekinin Ukrayna məsələsində Moskvaya təsir göstərəcəyini, Çin isə ABŞ-nin Tayvanla əməkdaşlığı donduracağını və ya heç olmasa məhdudlaşdıracağını gözləyir.

Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru Lukinin fikrincə, Bayden-Si Cinpin danışıqlarından bu məsələlərdə razılıq gözləmək olmaz. O hesab edir ki, böyük ehtimalla tərəflər iqtisadi və ticarət məsələlərində müəyyən qarşılıqlı anlaşma əldə edəcəklər. Lukin bildirir ki, Vaşinqtonun Pekindən şikayət etmək üçün əlavə səbəbi var: Çin İsrail-Fələstin münaqişəsinə çox ehtiyatlı yanaşır və Fələstinin maraqlarını müdafiə etməyə daha çox meyllidir.

Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin “Orta dəhliz” adlanan hissəsi Mərkəzi Asiyadan Xəzər dənizindən keçərək, Azərbaycan ərazisindən Türkiyəyə çatır. Artıq Bakı-Qars dəmir yolunda dəhlizin bir hissəsi fəaliyyət göstərir. İkincisi Zəngəzurdan keçməlidir.

Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb. Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu yaxınlarda kommunikasiyaların açılması üzrə Rusiya-Azərbaycan-Ermənistan işçi qrupunun Rusiya nümayəndəsi olan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi kimi Ermənistanın cənubundan yan keçən Azərbaycan-İran dəmir yolundan danışıb. Əslində, bu o deməkdir ki, Rusiya-İran yükdaşımaları təkcə Mahaçqala-Bakı-Azərbaycan Astara-İran Astara-Rəşt marşrutu ilə deyil, Mahaçqala-Bakı-Horadiz-Ağbənd-İran marşrutu ilə də həyata keçirilə bilər. Bu, Çinin Bakı-Qars dəmir yolunun imkanlarından razı qalacağı anlamına gəlirmi? Bayden-Si Cinpin danışıqlarının gündəliyinə Cənubi Qafqaz-Türkiyə-Yaxın Şərq, Çin-Avropa kanalları daxil olacaqmı?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur-dəhlizi   Bayden   Si-Cinpin  


Bizi "telegram"da izləyin