BMT-də 5 ölkə müzakirəsi: Ədalətli təmsilçilik və funksionallıq məsələləri gündəmdədir

2023/10/1697017839.jpg
Oxunub: 14715     17:29     11 Oktyabr 2023    
Son illərdə bir çox ölkə qeyri-bərabərlik və ədalətsizliyi əsas gətirərək, Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılmasını tələb etsə də, BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququna malik cəmi 5 ölkənin olması mübahisələr yaratmaqda davam edir.

BMT islahatı üzrə iş 1993-cü ildə Baş Assambleya çərçivəsində açıq iştiraklı işçi qrupunun yaradılması ilə başladı. Qrup 2009-cu ildə Hökumətlərarası Danışıqlar formatına çevrildi. BMT üzvlərinin islahat çərçivəsində razılaşdıqları məsələlər olsa da, müxtəlif qruplar BMT TŞ-nin üzvlərinin sayı, daimi üzvlük və veto hüququ ilə bağlı fikir ayrılıqlarına malikdir.

Ordu.az BMT sistemində bəzi dəyişiklikləri nəzərdə tutan islahat araşdırmalarını və bu araşdırmaları gündəmə gətirən hökumətlərarası qrupların təkliflərini toplayıb.

BMT islahatı çətin bir prosesdir

BMT Nizamnaməsinin 108-ci maddəsinə əsasən, islahat haqqında qanun layihəsi BMT Baş Assambleyasında 2/3-nin təsdiqini almalıdır.

Sonra bu islahat qanun layihəsi parlamentlərdə qəbul edilməlidir. Bu ölkələr arasında 5 daimi üzvün hamısının olması şərtlər arasındadır. Tələblərdən biri də daimi üzvlərin əleyhinə səs versələr belə, Baş Assambleyanın iclasında iştirak etmələridir.

G4 qrupu üzvləri BMT TŞ üzvlüyü istəyir

Braziliya, Almaniya, Hindistan və Yaponiyanın yaratdığı G4 qrupu da BMT-də islahat istəyənlər sırasındadır. Qrupun 2023-cü ilin martında verdiyi birgə bəyanatda BMT Təhlükəsizlik Şurasındakı yerlərin sayının 25 və ya 26-ya çatdırılması təklif edilib.

Qrup özlərinin arasında olduğu 6 ölkə üçün yeni daimi üzvlük, 4 üzv üçün isə müvəqqəti üzvlük tələb edir. BMT TŞ-yə qəbul olunarsa, G4 yeni daimi üzvlərə ən azı 15 il ərzində veto hüququndan imtina etməyi tövsiyə edir.

Afrika Qrupu Afrika ölkələri üçün BMT TŞ-də daimi üzvlük istəyir

54 üzvdən ibarət Afrika Qrupu da 26 üzvdən ibarət BMT TŞ-nin yaradılmasını təklif edir və Afrika ölkələri üçün 2 daimi və 2 müvəqqəti olmaqla 4 üzvlük istəyir.

Qrup digər daimi üzvlərdən 2-nin Asiya ölkələrindən, 1-nin isə Latın Amerikası və Qərbi Avropadan və ya “Digər Dövlətlər Qrupu”ndan olmasını təklif edir. Eyni zamanda, Asiya, Şərqi Avropa və Latın Amerikası və ya Karib hövzəsindən bir ölkə üçün müvəqqəti üzvlük tələb olunur.

Veto hüququna qarşı olan qrup iddia edir ki, bu səlahiyyət qüvvədə qalsa, onlara da bu hüquq verilməlidir.

Çin və Rusiya BMT TŞ-də Qərbin hökmranlığından narahatdırlar

Çin BMT TŞ-nin Şimal və Cənub arasında balanssız mövqedə olduğunu iddia edərək, Asiya, Afrika, Latın Amerikası və Ərəb ölkələrinin şurada iştirakını istəyir. Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrini də əhatə edəcək genişlənmə siyasətini dilə gətirir.

L.69 qrupu bütün bölgələrə daimi üzvlük verilməsini istəyir

Digər qrup L.69 Boliviya, Yamayka və Papua Yeni Qvineya kimi 32 ölkədən ibarətdir. Bu qrup həm də BMT TŞ-nin üzvlərinin sayının artırılmasının tərəfdarıdır. L.69 BMT-yə üzv ölkələrin təxminən 20 faizini təşkil edən inkişaf etməkdə olan kiçik ada ölkələri üçün BMT TŞ-nin üzvlüyünün rotasiyasını tələb edir.

Qrup həmçinin BMT TŞ-də Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi, Qərbi Avropa və “Digər Dövlətlər Qrupu”nun daimi üzvlüyünü müdafiə edir.

Ərəb Qrupu 5 ölkənin veto hüququna bağlı qalmağa qarşıdır

BMT-nin üzvü olan ərəb ölkələrindən ibarət Ərəb Qrupu da islahat təkliflərini dəstəkləyir. O, BMT TŞ-də genişlənmə halında ərəb ölkələrinə daimi üzvlük verilməsini istəyir. Qrup son 80 ildə ərəb coğrafiyasında yaşanan böhranlarda BMT TŞ-nin beş daimi üzvünün veto hüququna bağlı qalmağa qarşı çıxır.

“Konsensus üçün Birlik” qrupu BMT TŞ-nin 26 üzvə qədər genişləndirilməsini təklif edir

Argentina, İtaliya, İspaniya, Kanada, Meksika və Pakistan, Çin və İndoneziya kimi ölkələrin müşahidəçi kimi daxil olduğu “Konsensus üçün Birlik” (KüB) qrupu da BMT TŞ-də islahatlara çağırır. Bu qrupun təklifinə əsasən, BMT TŞ-də üzvlərin sayı 26-ya çatdırılır, 5 daimi üzv statusu saxlanılır. Şuranın 20 müvəqqəti üzvü Baş Assambleya tərəfindən 2 il müddətinə müəyyən edilir.

20 müvəqqəti üzvdən 6-nın Afrikadan, 5-nin Asiyadan, 4-nün Latın Amerikası və Karib hövzəsindən, 3-nün Qərbi Avropadan, 2-nin Şərqi Avropadan seçilməsi nəzərdə tutulur. KüB həmçinin şuranın müvəqqəti üzvlərinin yenidən seçilə biləcəyi sistemi dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Qoşulmama Hərəkatı Azərbaycan Prezidentinin liderliyində islahatlara çağırır

Qoşulmama Hərəkatı (QH) Soyuq Müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub. Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-də islahatların aparılması zərurəti ilə bağlı fikri, şübhəsiz ki, ciddi arqumentlərə söykənir. Dünyada yaşayan insanların 24-25 faiz aralığında müsəlman olduğunu nəzərə alsaq mütləq bir ölkə İslam coğrafiyasından burada yer almalıdır ki, müsəlmanların haqq səsləri dünya arenasında səslənsin, maraqları ciddiyə alınsın.

Əlavə olaraq Qoşulmama Hərəkatının say tərkibi və əhatə etdiyi coğrafiyanın genişliyi göz önünə alınsa, Prezident İlham Əliyevin səsləndirdiyi fikir çox ədalətlidir: “Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir…Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram… Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”.

Belə olan təqdirdə yaranan yeni dünya nizamında ədaləti təmin etmək mümkün ola bilər. Qoşulmama Hərəkatının daimi üzvlüyə alınmasını vacib edən digər bir amil isə bura daxil olan ölkələrin heç bir hərbi alyansa qoşulmamasıdır. Adından məlum olduğu kimi, neytral mövqe sərgiləyən bu təsisat, ən azından “beşlik” ölkələrindən fərqli olaraq multilateralizm üzərindəki təhlükəni aradan qaldıraraq beynəlxalq təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə böyük töhfələr verə bilər. İkinci Qarabağ müharibəsində QH-nin BMT-dən fərqli olaraq ədalətli mövqe ortaya qoyması bütün bunlara ciddi əsas verir.

Hesabatlı BMT üçün güclü Baş Assambleya

BMT TŞ-nin daimi üzvləri təxminən 1,5 milyard müsəlman əhalisini və ya 1,2 milyard Afrika ölkələrini təmsil etmir. Dünya əhalisinin təxminən 5 faizini təşkil edən Avropa şurada iki daimi üzvlə təmsil olunmaq hüququna malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yazdığı “Daha Ədalətli Dünya Mümkündür” kitabında yer alan fikirlərə görə, Türkiyə BMT-nin dünya sülhü üçün fəaliyyət göstərməsi məqsədilə bərabərsizliyin qarşısının alınmasını istəyir.

İslahat həm də BMT-ni hesabatlı etmək məqsədi daşıyır. Ərdoğan kitabında bu mövzuda yazıb: “Böhranlar qarşısında niyə vaxtında tədbir görmədiyinə görə BMT cavab verməlidir”. Təhlükəsizlik Şurasının strukturu hesabatlılığa mane olur və bu vəziyyət BMT-də ədalətsizliyi, bərabərsizliyi dərinləşdirir.

Türkiyəyə görə, BMT-nin daha demokratik və hesabatlı olması Baş Assambleyanın gücləndirilməsini tələb edir. Kitabdakı təkliflərə Baş Assambleyanın gücləndirilməsi, daimi üzvlük və veto hüququnun ləğv edilməsi daxildir. BMT TŞ-nin icra orqanı kimi çıxış etməsi və qanunvericilik vəzifələrini yerinə yetirən Baş Assambleyanın qəbul etdiyi qərarları həyata keçirməsi istənilir.

Bu islahat təklifinə görə, Təhlükəsizlik Şurası müəyyən müddətə üzv dövlətlər arasından seçiləcək. Üzvlərin veto hüququ olmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İslahat  


Bizi "telegram"da izləyin