Səfir: "Regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək"

2023/09/1696075739.jpg
Oxunub: 211     15:37     30 Sentyabr 2023    
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev nüfuzlu “Əl-Ərəbiyə” telekanalının canlı efirində bu yaxınlarda erməni terrorçularına qarşı həyata keçirilən antiterror tədbirlərinin zəruriliyi, həmçinin Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar barədə danışıb.

Ordu.az xəbər verir ki, Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Karen Qriqoryan canlı efirdə azərbaycanlı diplomatın əsaslandırılmış arqumentləri qarşısında aciz qalıb.

Ş.Abdullayev xatırladıb ki, Ermənistanın baş naziri tərkibində Qarabağ da olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Lakin erməni rəhbərliyi 44 günlük müharibədən sonra Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Bəyanata əməl etməyib, qanunsuz hərbi birləşmələrini Xankəndi, Xocalı, Əsgəran və Azərbaycanın Qarabağdakı digər ərazilərindən çıxarmayıb. Üstəlik, həmin silahlı dəstələr Azərbaycan ərazilərində hərbi təxribatlar, o cümlədən mina terroru aktları törədib, nəticədə yüzlərlə azərbaycanlı hərbçi və mülki şəxs həlak olub və ya yaralanıb. Bütün bunlar Azərbaycan rəhbərliyini antiterror tədbirləri keçirməyə, öz ərazisində suverenliyi tam bərpa etməyə məcbur edib. Azərbaycan Ordusu bu tədbirlər zamanı mülki obyektlərin və dinc erməni sakinlərinin zərər görməməsi üçün bütün ehtiyat tədbirlərini görüb, onların başa çatmasından sonra bölgəyə dərhal humanitar yardımlar göndərib.

Səfir əlavə edib ki, rəsmi Bakının təşəbbüsü ilə hazırda Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə danışıqlar aparılır. O vurğulayıb ki, Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün yaxşı imkanlar yaranıb və nəqliyyat dəhlizlərinin açılması, regional əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Səfir  


Bizi "telegram"da izləyin