Laçında qaçarkən saxlanılan Xocalı qatili Qaramyan kimdir? - DOSYE

2023/09/1695993541.jpg
Oxunub: 15969     16:52     29 Sentyabr 2023    
Xəbər verdiyimiz kimi, Xocalı qatili, qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş katibi Arşavir Qaramyan hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb. Bu barədə bəzi erməni KİV-lərində və teleqram kanallarında məlumat yayılıb.

Ordu.az Arşavir Qaramyanın dosyesini təqdim edir.

Arşavir Sureni Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olub. 1983-cü ildə İrəvan Dövlət Universitetinin radiofizika və elektronika fakültəsinə daxil olub, 1984-1987-ci illərdə SSRİ Hərbi Dəniz Qüvvələrində (Sakit Okean) xidmət edib. 1989-cu ildə İrəvan İnstitutunun Mühasibat-iqtisad fakültəsinin qiyabi şöbəsinə keçib (2004-cü ildə Xankəndidəki universitetin hüquq fakültəsini bitirib), 1988-1989-cu illərdə radikallardan ibarət tələbələrin hərəkatında aktiv iştirak edib. Daha sonra Qarabulağa qayıdıb və 1991-ci ilə qədər Qarabulaq kolxozunda baş iqtisadçı vəzifəsində çalışıb.

1991-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan terror dəstəsi yaradıb. Dəstə 1991-ci ilin dekabrında Amaras monastırının yaxınlığındakı Divanalılar kəndinə hücumda iştirak edi.

1992-ci ilin yanvar-sentyabr aylarında Qarabulaq və ətraf kəndlərin ayrı-ayrı rotaları əsasında yaradılmış taqım komandiri, 1992-1996-cı illərdə isə "Əsgəran müdafiə rayonu"nun 35-ci motoatıcı batalyonunun (MOA) komandiri olub.

Şuşaya hücumdan sonra Qaramyanın batalyonu Zarıslı kəndi yaxınlığında və Laçın istiqamətində əlverişli mövqelər tutub. Mayın 17-dək Jirayr Sefelyanın dəstəsini və Daşaltı rotasını əvəz edən Qaramyanın bölməsi Zarıslının mövqelərində qalır. Mayın 17-də yeni tapşırığa əsasən Qaramyan Turşsu yaxınlığındakı “Teleqüllə” kimi tanınan yüksəkliyi ələ keçirməli və erməni qoşunlarının Laçına doğru daha da irəliləməsi üçün dəhliz açmalı idi.

Arşavir Qaramyan 1991-1994-cü illərdə Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Füzuli rayonları uğrunda işğal əməliyyatlarında iştirak edib. 1996-1997-ci illərdə Şuşada qanunsuz olaraq "icra başçısı" vəzifəsində işləyib.

1997-1999-cu illərdə Əsgərandakı bölmələrin komandiri, 1999-2000-ci illərdə qondarma qurumun "daxili işlər nazirinin müavini", 2000-2004-cü illərdə "daxili işlər nazirinin birinci müavini" vəzifələrində çalışıb. 2004-2007-ci illərdə qondarma qurumun "polis rəisinin birinci müavini", 2007-ci il oktyabrın 1-də "polis idarəsinin rəisi" təyin edilib.

2007-ci il dekabrın 19-da qondarma qurumda "baş prokuror" təyin edilən Qaramyan, 2013-cü il dekabrın 26-da yenidən eyni "vəzifə"yə təyin edilib. 2014-cü il oktyabrın 29-da qondarma qurumun "milli təhlükəsizlik xidmətinin direktoru" təyin edilib. 2018-ci ilin iyununda
seperatçıların liderinin "xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi vəzifəsi"nə təyin edilib. 2019-cu il iyunun 26-da isə qondarma qurumun "təhlükəsizlik şurasının katibi" təyin edilib. 2020-ci il mayın 18-də sözügedən qanunsuz "vəzifə"dən azad edilib.

Qeyd edək ki, Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub. Azərbaycanlılara qarşı işgəngələrin verilməsində birbaşa iştirak edən Qaramyanın bu barədə videogörüntüləri də mövcuddur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı-qatili   Qaramyan  


Bizi "telegram"da izləyin