“AzerGold” QSC 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğunu təmin edib

2023/09/1695908533.jpg
Oxunub: 22860     17:19     28 Sentyabr 2023    
Ölkəmizin dağ-mədən sahəsində uğurlu fəaliyyət həyata keçirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qeyri-neft sektorunun inkişafı ilə yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, məşğulluğun artırılması istiqamətində dövlətimizin yürütdüyü siyasətə töhfə verməyə davam edir. Belə ki, Daşkəsən və Göygöl rayonlarında aktiv hasilat, həmçinin Daşkəsən rayonunda aktiv istehsalat fəaliyyəti aparan QSC 2023-cü ildə təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq, faktiki 664 nəfər işçi olmaqla, ümumilikdə mədən ərazilərində çalışan podratçı şirkətlərlə birgə 1856 nəfər işçi üçün müasir standartlara cavab verən iş şəraiti yaradıb. 2023-cü ildə QSC-nin törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də isə ümumi olaraq 288 nəfər daimi işlə təmin olunub.

2023-cü ildə mədən layihələrinin icrası ilə əlaqədar həm “AzerGold” QSC, həm də onun törəmə cəmiyyətlərində yeni iş yerlərinin açılması, daimi işçi sayının artırılması davam etdirilir. Cari il təsdiq olunmuş yeni ştat cədvəlləri üzrə əməkdaş sayının “AzerGold” QSC-də 750, törəmə şirkətlərdə isə ümumilikdə 291 nəfər olmaqla, ümumilikdə 1041 nəfərə çatdırılması nəzərdə tutulub.

Yeni əməkdaşların məşğulluğa cəlb edilməsi prosesində vacib məsələlərdən biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş qazilərimizin, şəhid ailə üzvlərinin işlə təminatıdır. Hazırda QSC-də 78 nəfər müharibə iştirakçısı, 12 nəfər şəhid ailəsi üzvü çalışmaqdadır. Cari il də bu kateqoriyadan olan vətəndaşların işlə təminatı məsələsinə müvafiq ixtisas və peşə bacarıqlarına uyğun olaraq xüsusi diqqət yetirilir. Səhmdar Cəmiyyətin törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də (DDF MMC) isə əmək fəaliyyətinə cəlb edilən müharibə iştirakçısı və şəhid ailəsi üzvlərinin ümumi sayı 43 nəfərdir.

QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, həmçinin qızıl və dəmir filizi mədənlərində çalışan, eləcə də tikinti-quraşdırma işləri ilə bağlı fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərdə də sözügedən həssas kateqoriyaya aid vətəndaşların işlə təminatına diqqət yetirilir. Hazırda “AzerGold” QSC və onun törəmə cəmiyyətlərində fəaliyyətə cəlb olunan podratçı şirkətlərin ümumilikdə 152 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Qeyd edək ki, ölkəmizin əmək bazarında ən tələbatlı şirkətlərdən biri olan “AzerGold” QSC-nin fəaliyyəti nəticəsində bugünədək ümumilikdə, 285 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvünün daimi məşğulluğu təmin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AzerGold   Məşğulluq  


Bizi "telegram"da izləyin