Zəngəzur yeni toqquşma arealına çevrilir - Ermənistan illüziyalara qapılmamalıdır

2023/09/1695905338.jpg
Oxunub: 1485     20:20     28 Sentyabr 2023    
Fransanın xarici işlər naziri Ketrin Kolonna bəyan edib ki, Paris Zəngəzurda konsulluq yaratmaq niyyətindədir. Fransanın xarici işlər naziri təqvimi açıqlamasa da, bəyanat kifayət qədər önəmlidir. Biz ötən həftələr və aylardakı yazılarımızda Fransanın Zəngəzurdakı konsulluğu məsələsinə toxunmuşuq və yaranmış geosiyasi reallıqlar şəraitində Parisin hərbi-siyasi addımlar ata biləcəyini qeyd etmişik.

Qeyd edək ki, Fransa Zəngəzurda konsulluq yaradan üçüncü ölkə olacaq. Bundan əvvəl Qafanda əvvəlcə İran, daha sonra isə Rusiya nümayəndəliklərini yaradıblar. Fransadan sonra Qafanda diplomatik nümayəndəlik yaradacaq başqa dövlətlərin də olacağı istisna edilmir.

Bu addımlar mütləq konsulluq funksiyaları ilə deyil, geosiyasi maraqlardan irəli gəlir ki, bu da ən azından baş verən hadisələrdən daha dərindən xəbərdar olmaq üçün bölgədə daha birbaşa iştirak tələb edir. Bu, bir tərəfdən, şübhəsiz ki, bu ölkələrlə ikitərəfli və çoxtərəfli formatda başqa bir kommunikasiya kanalının olması baxımından Ermənistan üçün mühüm "alət"ə çevrilə, digər tərəfdən, bölgədə hərbi-siyasi vəziyyət gərginləşə və İrəvanın bu "aləti" bumeranq effekti verə bilər.

Ermənistanda isə konsulluqların yaradılması istiqamətində atılan addımların həm də təhlükəsizlik əhəmiyyətinə sahib olduğu bildirilir. Lakin onlar Ermənistanın deyil, həmin ölkələrin təhlükəsizlik strategiyasının tərkib hissəsidir və ilk növbədə onların geosiyasi maraq və təhlükəsizliklərini qorumaq üçün lazımdır. Habelə Ermənistanın təxribatlara davam edəcəyi təqdirdə, sözügedən diplomatik nümayəndəliklərin heç bir şəkildə hər hansı hərbi əməliyyatın qarşısını almağa qadir olmayacağı da məlumdur. Bu baxımdan, Ermənistan qətiyyən lazımsız illüziyalar və şişirdilmiş gözləntilərə qapılmamalıdır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Toqquşma   Ermənistan  


Bizi "telegram"da izləyin