Ordu.az xəbər verir ki, toplantıda Türkiyənin sabiq baş naziri və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Binəli Yıldırım açılış mərasimindəki çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəklədiyini bildirib:
“Qarabağ Azərbaycan ərazisidir. Buna heç bir şübhə yoxdur”.
Sabiq baş nazir, o cümlədən, Rusiya-Ukrayna müharibəsinin uzadılması, qeyri-müəyyənliklərin artması, daha çox böhranlar və dünyanın sülh və sabitliyini daha da təhdid edən münaqişələr kimi bir sıra xoşagəlməz təsirlərə malik olduğunu bildirib:
“Biz Rusiya-Ukrayna müharibəsi başlayandan “müharibədə qalib, sülhdə uduzan yoxdur” şüarı ilə həm rus, həm də ukraynalı dostlarımızı masa arxasında saxlamağa çalışırıq”.
Binəli Yıldırımın çıxışında qlobal aclıq böhranı problemi də yer alıb. O bildirib ki, dünyanın inkişaf etdiyi, rifahın bu qədər artdığı bir vaxtda 735 milyon insanın hələ də aclıqla mübarizə aparmasının heç bir izahı yoxdur. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri arasında yer alan “2030-cu ilə qədər sıfır aclıq” şüarından tədricən uzaqlaşdığımız da sabiq baş nazir tərəfindən açılış mərasimində qeyd olunub. O, həmçinin, ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün güclü iradə nümayiş etdirməyə çağırdığını vurğulayıb.
Qeyd edək ki, toplantı çərçivəsində Albaniya Prezidenti Bayram Beqay, Şərqi Timor Prezidenti Xose Ramos Horta, Monteneqronun Baş naziri Dritan Abazoviç, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş Assambleyasının cari Prezidenti Denis Fransis, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Qeorqiyeva, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anxel Moratinos, BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahos, BMT-nin İnkişaf Proqramının Administratoru Açim Stayner, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının icraçı direktoru Vinni Byanyima, “Google” şirkətinin vitse-prezidenti Devid Qraf müxtəlif panellərdə çıxış ediblər.
Ordu.az