İrəvanda Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatına necə yanaşırlar?

2023/09/1695735537.jpg
Oxunub: 639     21:36     26 Sentyabr 2023    
Türkiyə prezidenti Ərdoğan bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, o zaman Türkiyədən Azərbaycana gedən dəhliz İrandan keçəcək. Ərdoğan İranın bununla bağlı müsbət siqnallar verdiyini deyib. Ərdoğanın bəyanatı Ermənistanda Türkiyənin Azərbaycanla dəhlizi hərb yolu ilə açmağa çalışmayacağı, Azərbaycanla əlaqə yaratmaq üçün İran ərazisindən istifadə edəcəyi barədə müsbət siqnal kimi qəbul edilir.

Başqa sözlə, Ərdoğanın bəyanatı İrəvanda Zəngəzur dəhlizi məsələsində geosiyasi reallıqlardan irəli gələn hərbi eskalasiya riskinin ləğvi və ya azaldılması kimi qiymətləndirilir. Habelə müxtəlif erməni ictimai siyasi xadimlər çıxışlarında, mənzərənin fərqli olduğunu, Ərdoğanın bəyanatının sadəcə Türkiyə siyasətinə xas olan paralel gündəmlər vasitəsilə böyük manevr metodologiyasından ibarət olduğunu ifadə edirlər.

Erməni ekspertlərin fikrincə, Ərdoğanın dəhliz məsələsində mövqeyinin əsas impulsunu onun Ermənistan razı olmasa, İran ərazisi ilə əlaqə quracaqları barədə bəyanatı yox, Naxçıvana səfəri hesab edilməlidir. Rəsmi İrəvan Ərdoğanın İlham Əliyevin dəvəti ilə Naxçıvana səfərini Türkiyə strategiyasının və ondan irəli gələn hədəflərin ən bariz göstəricisi kimi qəbul edir.

Məsələn, erməni ekspertlərindən biri Hakob Badalyan qeyd edir ki, Türkiyənin strateji hədəfi təkcə Qafqaz və ya Yaxın Şərqlə məhdudlaşmır, Orta Asiyanı da əhatə edir və məhz bu hədəf Türkiyənin Qərb üçün rolunu xeyli yüksəldir: "Məhz Türkiyə Çin və Rusiyanın Mərkəzi Asiyadakı təsirlərini tarazlaşdırmaq üçün etno-siyasi, dini-mədəni potensiala malikdir və buna görə də Çinə qarşı durmaq vəzifəsi daşıyan Qərb üçün mühüm tərəfdaşdır. İranla əlaqə Türkiyə və Azərbaycan üçün cari ünsiyyət olsa da, strateji ola bilməz, ona görə də Zəngəzurla bağlı strateji ambisiya ləğv edilmiş, hətta "təxirə salınmış" sayıla bilməz".

Türkiyənin hazırkı geosiyasi gücünü düzgün qiymətləndirən erməni ekspert əslində rəsmi İrəvanın qorxularını açıq şəkildə ifadə edir. Amma anlaşılan olmayan əsas məsələ, Ermənistanın öz müstəqilliyini və gələcəyini təhlükəyə atmaq istəməsidir. Zəngəzur dəhlizindən əldə ediləcək faydaya "qorxu" prizmasından yanaşmaq və bu faydanın İrəvanı gücləndirərək İran və Rusya orbitindən qoparmasından bu şəkildə nəticə çıxarmaq qəribə və olduqca düşündürücüdür. İstənilən halda itirən tərəf yenə də Ermənistan olacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Zəngəzur-dəhlizi   İrəvan  


Bizi "telegram"da izləyin