Ən Strateji Obyekt – Sərsəng Su Anbarı| Taktiki və Strateji Üstünlükləri Nələr Vəd edir? – ANALİZ

2023/09/66-1695637211.jpg
Oxunub: 5782     16:29     25 Sentyabr 2023    
Hələ ötən əsrin 90-cı illərində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan Ağdərəyə nəzarət etmək üçün bütün güc və imkanlarından istifadə edirdi.

Bu bölgə uğrunda gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri və Ermənistan ordusu müxtəlif vaxtlarda kifayət qədər ağır itkilərə məruz qalıblar.

Azərbaycan Ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi məşhur Goranboy/Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd kəndlərini, bir neçə gündən sonra Qızıloba yaşayış məntəqəsini, iyul ayının əvvəlində isə Ağdərə şəhərini erməni işğalçılarından azad etmişdi. 1 ilə yaxn müddətdə əraziyə nəzarəti əldə saxlayan Azərbaycan hərbçiləri çoxlu sayda canlı qüvvə və zirehli texnika ilə hücuma keçən ermənilərlə döyüşdə mühasirəyə düşmək təhlükəsindən xilas olmaq üçün Ağdərə şəhərindən geri çəkilir. 1994-cü ilin yazına qədər işğalçı ordunun bölmələri Suqovuşan, Talış və Göyarx kəndlərini, mayın əvvəlində isə Qızıloba və Seysulanı işğal edir. Qızıloba və Seysulan kəndinin bir hissəsi ermənilərdən geri alınsa da, məlum Bişkek protokoluna əsasən əldə edilən atəşkəs rejimindən sonra hərbi əməliyyatlar dayandırılır.

Bununla da, Qarabağın Şimal-Şərq hissəsindəki strateji yüksəkliklər işğalçı Ermənistan ordusunun nəzarəti altında qalır.

Bu strateji coğrafi məkanlardan biri də 1976-cı ildə inşa edilən Sərsəng Su Anbarı idi… Qarabağ müharibəsinin birinci fazasında Sərsəng uğrunda ağır döyüş əməliyyatları aparılıb.

Su anbarı dinc dövrdən fərqli olaraq, müharibə vəziyyətində təkcə içməli su mənbəyi kimi yox, həm də hərbi-strateji obyekt kimi çox ciddi əhəməiyyət daşıyırdı.

Sərsəngin ərtafındakı strateji yüksəkliklərin hamısına erməni ordusunun nəzarət etməsi ermənilərin su hövzəsi üzərində üstünlüyünü təmin edir, həm də Azərbaycan Ordusu ilə müqayisədə strateji baxımdan daha yüksəkdə mövqelənməsinə şərait yaradırdı.

2016-cı ilin aprelində baş verən döyüşlərdə Talış kəndi istiqamətində ermənilərin müdafiə xəttini yarmaq mümkün olsa da yaşayış məntəqəsini işğaldan azad etmək mümkün olmadı.

Amma 2020-ci ilin sentyabr ayının 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində bu yaşayış məntəqəsi və Suqovuşan kəndi işğalçı Ermənistan ordusunun bölmələrindən təmizləndi. Bu isə Sərsəng su anbarının işğaldan azad olunmasına aparan yolun başlanğıcı idi.

Sərsəng Su Anbarının strateji əhəmiyyəti təkcə onun relyefinə və coğrafi mövqeyinə görə ölçülmür. Sərsəng erməni işğalçıları üçün yüksəklik və Azərbaycana qarşı ciddi təhdid aləti kimi əhəmiyyətli idisə, Azərbaycan Ordusundan ötrü bu obyekt taktiki mahiyyətlə yanaşı, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyırdı.

Müharibə qanunlarına görə, nəzarət altına alınması planlaşdırılan məkanlar işğalçı ordu üçün heç vaxt müqəddəs anlam daşımır, müdafiə olunan tərəf üçünsə dogma torpağın hər qarışı müqəddəsdir.

Sərsəng Su Anbarının işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun qarşısında qoyulan tapşırığın yerinə yetirilməsi yalnız taktiki üstünlüyün əldə edilməsi deyil, həm də vətəndaşlıq borcunun yerinə yetirilməsi demək idi.

30 il Sərsəng Su Anbarını işğal altında saxlayan Ermənistan ordusu zərurət yarandığı halda bəndləri partladıb Azərbaycan Ordusunun həmin istiqamətdəki bölmələrini sıradan çıxarmaqla yanaşı, su anbarının axını istiqamətində, bir sözlə, Tərtər çayı boyunca yerləşən və ətraf yaşayış məntəqələrini təhdid edirdi. Bundan əlavə, Tərtər çayı boyunca yerləşən əkin sahələrinə və bu su hövzəsindən suvarma məqsədi ilə yararlanan ətraf rayonların torpaqlarına su verməməklə ermənilər sadə vətəndaşları həm mənəvi, həm də sosial-iqtisadi sarsıntıya məruz qoyurdu.

Bəzən yaz-payız aylarında düşən güclü yağıntı nəticəsində anbarda suyun səviyyəsi normadan artıq olan kimi ermənilər suyun qarşısını qəfil açır və çay sularına xeyli sayda mina və digər partlayıcı maddələr axıdırdılar. Bu isə əhali üçün ciddi təhlükə törədir, eyni zamanda, kəndlilərə məxsus əkin sahələrinin su altında qalıb yararsız hala düşməsi ilə nəticələnirdi.

Buna görə də, Sərsəng Su Anbarının qısa müddət rəzində işğaldan azad olunması Azərbaycan hərbçiləri qarşısında qoyulan ümdə tapşırıqlardan biri idi.

Anbarın ermənilərdən təmizlənməsi Azərbaycan Silahlı Qüvvələrində ruh yüksəkliyinin birə-beş artmasına səbəb olduğu kimi, işğalçı ordunun bölmələrində mənəvi-psixoloji çöküşə bərabər idi. Sərsəng Su Anbarının işğaldan azad edilməsi strateji hədəflərə çatmaq üçün Azərbaycan Ordusunun qarşısında taktiki imkanları genişləndirir, Tərtər-Kəlbəcər, Ağdam-Ağdərə, Ağdam-Kəlbəcər magistral yollarının ermənilərin nəzarətindən çıxarılması üçün münbit şərait formalaşdırır, digər tərəfdən isə, Tərtərin düzəngah hissəsindəki erməni hərbi qruplaşmalarının mühasirəyə düşmək riskini artırırdı.

Bunu yaxşı dərk edən Qarabağdakı erməni hərbçiləri Ağdərə şəhəri istiqamətində antiterror tədbirləri həyata keçirən Azərbaycan hərbiçilərinin Sərsəng Su Anbarına nəzarəti təmin etməsini əngəlləmək üçün ərazidə xeyli sayda güc və imkan səfərbər eləmişdilər. Lakin taktiki üstünlüyü qoruyub saxlamağa çalışan erməni ordusunun qalıqları antiterror tədbirlərinin icra planının əngəllənməsinə mane ola bilmədi.

Həmin istiqamətdə uğursuzluqla üz-üzə qalan erməni yaraqlıları Sərsəngin onlardan təmizlənməsindən sonra döyüş mövqelərini ardıcıl olaraq itirməyə başladılar. Nəticə etibarilə, erməni hərbiçilərinin bir qismi müqavimət göstərməyin mənasız olduğunu dərk edib postlardan çıxır, bir qismi silah-sursatı təhvil verib döyüş meydanından uzaqlaşır, bir qismi isə bütün bunların fonunda döyüş meydanına atılmağın yersizliyini əsas gətirərək Xankəndiyə sağ dönməyi üstün tutmağa başladı.

Təbii ki, güclü taktiki imkanlara və mənəvi-psixoloji üstünlüyə malik olan Azərbaycan Sialhlı Qüvvələrinə qarşı vuruşmağa sövq edilən erməni hərbiçilər Sərsəngə nəzarəti itirdikdən sonra ciddi ruh düşkünlüyünə uğradılar.

Bu da ondan irəli gəlir ki, ermənilər su anbarını həm də güclü dağıdıcılıq qabiliyyətinə malik silah kimi təsəvvür edir, son anda bundan istifadə olunacağını düşünürdülər. Amma gözlədikləri baş vermədi. Əgər su anbarının bəndi partladılsaydı, Tərtər və Bərdə rayonlarının bir neçə kəndi- Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərlı, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı bir anın içində tam olaraq, bir neçə yaşayış məntəqəsi Şıxarx qəsəbəsi, Suqovuşan, Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli isə qismən suyun altında qala bilərdi.

Su anbarının Ermənistan ordusunun qalıqlarından təmizlənməsi ermənilərin elit hesab elədiyi ordu birləşmələrinin qısa müddətdə pərən-pərən düşməsinə gətirib çıxardı, silahlı erməni qruplaşmaları arasında rabitə itdi. Bununla da çarəsiz duruma düşən ermənilər bir vaxt işğal etdikləri əraziləri bu torpaqların əsl sahiblərinə qaytarmağa məcbur qaldılar.

Yuxarıda qeyd etdiyimiz kimi, Sərsəng Su Anbarının əhəmiyyəti təkcə onun coğrafi mövqeyindən ibarət deyildi. Antiterror tədbirlərinin gedişatında bu obyektin ətrafında baş verənlər onu göstərdi ki, Sərsəng Azərbaycan Silahlı Qüvvələri üçün təkcə taktiki-strateji amillərə görə əhəmiyyət daşımırdı. O həm də Azərbaycan xalqının mənəvi bir cövhəri kimi əvəzsiz dəyərə malikdir.

Sərsəng Su Anbarı bundan sonra da inkişaf etdirilən Azərbaycan iqtisadiyyatında mühüm yer tutmaqla yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüdülməsi üçün həm də tarixi mənbə kimi müstəsna rol oynayacaq.

Onun suları ilə nicat tapan torpaqlar, götürülən bəhrə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını, qanını əsrgəməyən Vətən övladlarının tariximizə şərəf bəxş edən, qürur verən töhfəsidir.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sərsəng   SES   Azərbaycan  


Bizi "telegram"da izləyin